Fransada etirazları yatırmalı olan polis zabitləri tətil edirlər
Fransada uzun müddətdən bəri davam edən kütləvi etiraz aksiyalarını yatırmaq vəzifəsi daşıyan polis zabitləri planlaşdırılan nümayiş günü işə gəlməyiblər. Onların hamısının "xəstə" olduğu bildirilib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, etiraz aksiyalarının yatırılması üzrə ixtisaslaşmış elit CRS-8 polis bölməsindən heç bir zabit 17 noyabrda işə çıxnayıb, onları nümayişçilərin qarşısında durmağa göndərmə mümkün olmayıb.
Polisləri birləşdirən həmkarlar ittifaqı (Un1té) işçilər arasında "kütləvi yorğunluq və narazılıq hissi" olduğunu bildirib. Təşkilatın məlumatına görə, 17 noyabrda bölmələrin yüzlərlə "yorğun işçisi" tibbi yardım almaq məcburiyyətində qalıb. Həmkarlar ittifaqı qeyd edib ki, bu problemlər barədə bir neçə aydır Daxili İşlər Nazirliyinə xəbərdarlıq edir.
CRS-8 işçilərindən biri telekanala bölmədə "kütləvi etiraz" olduğunu bildirib. Bu, son dörd nümayiş zamanı döyüşçülərin əməliyyat tapşırıqlarını yerinə yetirmək əvəzinə keşik çəkmək və növbətçilik etmək üçün istifadə edilməsi ilə bağlı olub.
Fransada sentyabrın sonlarından bəri kütləvi etirazlar davam edir. 17 noyabrda ölkə daxilində qiymətlərin artmasına qarşı nümayişlər də keçirilib. Polisin məlumatına görə, Parisdəki etirazlarda təxminən 28.000 nəfər iştirak edib.