Fransadan Rusiyaya xəbərdarlıq: “Ciddi nəticələri ola bilər”
Hurriyyet.az xəbər verir ki, Fransa XİN başçısı Jan İv Le Drian RF Xarici İşlər naziri Sergey Lavrov ilə görüşdə Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin hərbçilərinin Maliyə daxil olacağı təqdirdə baş verə biləcəklərlə bağlı Rusiyaya xəbərdarlıq edib. Le Drian bunun ciddi fəsadları olacağını bildirib.
Rusiyanın “Vaqner” özəl şirkəti rusiyalı biznesmen Yevgeni Priqojin ilə əlaqələndirilən qeyri-rəsmi silahlı birləşmədir. Şirkətin əməkdaşlarının Afrikanın bir neçə ölkəsində, o cümlədən Konqo Demokratik Respublikasında, Sudanda, Liviyada, Madaqaskarda, Anqolada, Qvineyada, Qvineya-Bisauda, Mozambikdə, Zimbabvedə fəaliyyət göstərdiyi, Mərkəzi Afrika Respublikasında, Donbassda və Suriyada döyüşlərdə iştirak elədiyi bildirilir.
Fransa XİN-in belə kəskin çıxışının səbəbi bu yaxınlarda “Röyters” agentliyinin yaydığı xəbər olub. Xəbərdə deyilənə görə, Malinin rəhbərlik elədiyi xunta yerli hərbçilərə təlim vermək və yüksək vəzifəli məmurların təhülkəsizliyini təmin eləmək üçün rusiyalı muzdlularla razılaşma əldə edib. Agentliyə məlumat verən diplomatik mənbələr Maliyə min nəfərə qədər muzlu rusiyalının göndərilməsinin planlaşdırıldığını bildiriblər.
Le Drian buna cavab olaraq bəyan edib ki, “Vaqner” muzdlularının Malidə işləyəcəyi təqdirdə Paris öz hərbçilərini bu ölkədən çıxaracaq. Fransanın Müdafiə naziri Florans Parli də öz növbəsində qeyd edib ki, muzdluların Malidə varlığı “çox təhlükəli” ola bilər.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozef Borrel öz növbəsində Maliyə xəbərdarlıq edərək bildirib ki, özəl hərbi şirkətin ölkə rəhbərliyinin işlərinə qarışması Aİ ilə Malinin müvəqqəti hökuməti arasında əməkdaşlıqda ciddi nəticələr verə bilər.