📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Füzulidə vəzifəli şəxslərin olduğu maşın dərəyə aşdı - YENİLƏNİB

2022-11-02 09:42:00

Füzulidə vəzifəli şəxslərin olduğu maşın dərəyə aşdı - YENİLƏNİB

“Azərişıq” ASC-nin əməkdaşları işğaldan azad olunmuş ərazilərdə görülən işlərlə yerində tanış olmaq üçün əraziyə gedən zaman qəzaya düşüblər.

Hurriyyet.az xəbər verir ki, məsələ ilə bağlı “Azərişıq” ASC-dən Oxu.Az-a verilən açıqlamada bildirilib ki, qəzaya səbəb yoldan keçən avtomobillərdən birinin qurumun xidməti avtomobilinə çırpılması olub:

“Yoldan keçən başqa nəqliyyat vasitəsi idarəetməni itirib, qurumun xidməti maşınına çırpılıb. Nəticədə sürücü qəzadan yayınmağa çalışarkən yoldan çıxıb. Hadisə zamanı maşında 3 nəfər olub. Onlar yüngül xəsarət alıblar, vəziyyətləri yaxşıdır”.

Qeyd edək ki, hadisə ötən gün baş verib. Qəza nəticəsində xəsarət alan qurum rəsmiləri - “Azərişıq” sədrinin müşaviri Bəhruz İsmayılov, Texniki nəzarət idarəsinin rəisi Arif Yusifov və onun müavini Samir Almaszadə xəstəxanada ilkin həkim müayinəsindən sonra evə buraxılıblar. Müalicələrini evdə davam etdirirlər.

***

Füzuli rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Unikal”ın əldə etdiyi məlumata görə, qəza nəticəsində minik avtomobili yoldan çıxaraq dərəyə aşıb.

Nəqliyyat vasitəsində olan şəxslər - “Azərişıq” ASC-nin sədrinin müşaviri Bəhruz İsmayılov, Texniki nəzarət idarəsinin rəisi Arif Yusifov və onun müavini, Samir adlı şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.