📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gədəbəydə 7 nəfər çobanın otağına girib, onu qətlə yetirdilər – BİR NƏFƏR HƏBS EDİLSƏ DƏ, DİGƏRLƏRİ HƏBSDƏN YAYINA BİLİBLƏR…

2022-03-07 21:10:00

Gədəbəydə 7 nəfər çobanın otağına girib, onu qətlə yetirdilər – BİR NƏFƏR HƏBS EDİLSƏ DƏ, DİGƏRLƏRİ HƏBSDƏN YAYINA BİLİBLƏR…

Gədəbəy rayonunun Əmiraslanlı kənd sakini, 1950-ci il təvəllüdlü Məmmədov Zülfüqar Kazım oğlu "Hürriyyət"ə müraciət edərək, oğlunu öldürən şəxslərin hələ də azadıqda olduğunu bildirib. Zülfüqar Məmmədov oğlunun Tovuz rayonun Ceyrançöl qışlağında çobanlıq etdiyini deyib.

Şikayətçinin sözlərinə görə, 2021-ci il fevralın 8-də oğlu İlqar Məmmədovun otağına 7 nəfər şəxs girərək onu döyüblər. Daha sonra isə onu bıçaqla qətlə yetiriblər:

"2021-ci ildə Tovuzun Ceyrançöl qışlağında oğlum Məmmədov İlqarın otağına 7 nəfər girib. Onu otağından çıxaraq əvvəlcə döyüblər. Daha sonra bıçaqla qətlə yetiriblər.  Oğlum 73-cü ərazidə çoban işləyib. Bu ərazi də Rafiq Əliyevə məxsusdur. Oğlumu müqaviləsiz işə aparıb və yeddi ay işləməsinə baxmayaraq əmək haqqısı verilməyib. Qətl hadisəsi də 2021-ci ilin fevralın 8-də baş verib. Həmin 73-cü ərazidə Rafiq Əliyevin oğlumla bərabər Rahil adlı çobanı da olub. Oğlumu da Rahilin yatağında öldürübülər. O bu günə qədər bir izahat da verməyib. Tovuz rayon prokurorluğu da işi birtərəfli araşdırır. İzahatları da istədikləri kimi yazırlar. Halbuki hadisə yerində Abbasəliyev Orxan Nadir oğlu, Hümbətov Azad və həyat yoldaşı, Əhmədov Elvin Sumbat oğlu olub.

Bu şəxslər Rahilin qonaqları olublar. Onlar nalayiq sözlər dediklərinə görə,  oğlum irad bildirib. Otaqlar da bir-birinin yaxınlığında yerləşir. Yeyib-içdikdən sonra oğlumun otağına girərək ona hücum ediblər. Onu döyərək zorla otağından çıxarıblar. Möhkəm döydükdən sonra Elvin Əhmədov əlindəki bıçaqla oğlumu öldürüb. Səbəbsə oğlumun onların nalayiq ifadələr işlətməsinə irad bildirməsi olub. Abbasəliyev Orxanın sürdüyü niva markalı maşın da sənədsiz olub. Hadisəni də oğlumun övladlarının gözü qarşısında törədiblər. Uşaqların həmin vaxtı 2, 5, 9 və 16 yaşları olub. Daha sonra oğlumun meyitini ədyala bükərək, naməlum istiqamətə gediblər. Sonra Rafiq və onun qohumu 102-yə məlumat verib. Deyəsən o da bu xəbəri bilib. Rafiq bu işin ən güclü səbəbkarıdır. Meyiti harasa tullamağa aparıblar. Onlar oğlumun meyitini Tovuz rayon Mərkəzi Xəstəxanasına aparıb, orda  səkinin üstünə atıb qaçmaq istəyiblər. Lakin qaçan zaman polis onları saxlayıb. Hadisəni törədənlər də orda olub".

Zülfüqar Məmmədov sözügedən şəxslərin cinayəti nəvələrinin gözü qarşısında etdiyini vurğulayıb. O izahatların və ekspertiza rəylərinin hamısının prokuror Elçin Qəhrəmanov və müstəntiq Natiq Əmirovun diqtəsilə yazıldığını deyib. Hadisə ilə bağlı bir nəfər həbs edilib. Məhkəmə hadisəni törədən şəxslərdən yalnız birinə - Elvin Əhmədova  C.M 120.1 maddəsi ilə 12 il 6 ay həbs cəzası verib. Oğlunun qatillərinin hələ də azadlıqda olduğunu deyən Gədəbəy sakini digər şəxslərin də cəzalandırılmasını tələb edir:

"Gecə mənə zəng gəldi. Hadisəni bilər-bilməz yola düşdüm və səhərə yaxın xəstəxanaya çatdım. Mən çatan zaman meyiti götürüb morqa aparırdılar. Digər oğlum da mənimlə gəlmişdi. Tez polisə dedik ki, biz onun yaxınlarıyıq. Nə baş verdiyini bilmək hüququmuzun olduğunu dedik. Sözügedən şəxslər meyiti aparan  anda orda Tovuz rayon polis şöbəsinin müstəntiqi də iştirak edib. O bizə dedi ki, şikayət etmiyəcəksizə, meyitinizi götürüb aparın. Lakin biz bununla razılaşmadıq və həkimlərim rəyini tələb etdik. İzahatlarda və ekspertiza rəylərinin hamısı prokuror Elçin Qəhrəmanov və müstəntiq Natiq Əmirovun diqtəsilə yazılıb. Guya ki, mənim oğlum içkili olub. Sonra bildik ki, izahatları öz istədikləri kimi yazıblar. Hətta nəvəmin izahatını nəzarət altında yazdırıblar. Həmin nəvəmin indi 18 yaşı tamam olur. Mən cavan yaşında oğlumu itirmişəm. Elçin Qəhrəmov 200 minlik pul alıb, öz kefindədir. Təkcə Elvin Əhmədov hadisəni törətdiyini etiraf edib. Onu həbs ediblər. Məsələylə bağlı bütün hüquq-mühafizə orqanlarına məlumat vermişəm. Dəfələrlə məktublar göndərmişəm. Hətta vəkil də tutmuşam. Bu işdə iştirak edən digər şəxslər hələ də azadlıqdadır. Polis təkcə təcili yardımın sürücüsü və ora gələn həkimlərdən izahat alıb. Lakin bizim və uşaqların izahatları ortalıqda yoxdur. Tovuz rayon prokurorluğu saxta qərarlar qəbul edib. Məhkəmə də keçirilib. Bu işdə iştirak edən Məhəmməd Hüseynov, həyat yoldaşı Sevinc Hüseynov, Fərqanə Paşayeva da izahat verib. Hakim dedi ki, şahidlər izahat verəndən sonra sanksiya verib bu işdə əli olanların hamısını saxlayacaq. Məhkəmənin yekununda isə Elvin Əhmədova  C.M 120.1 maddəsi ilə 12 il 6 ay verildi. Halbuki bu işə 120.2.4 maddəsilə qərar verilməli idi. Çünki qətl hadisəsi qrup şəklində törədilmişdi. Gəncə Appelyasiya Məhkəməsində prokuror da bildirdi ki, bu qrup şəklində törədilmiş ağır cinayətdir.   Hətta dəfələrlə Baş Prokurorluğun və Prezident Admnistrasiyasının önündə aksiya etmişəm. Lakin heç bir reaksiya vermirlər. Haqq əldalət yerini tapmır. Rafiq Əliyev, Azad Hümbətov, Orxan Abbasəliyev, Rahil Qeybəliyev və Sona Hümbətov cinayət məsuliyyətinə cəlb olunub həbs olunsun".

Hörmətli Daxili İşlər Naziri cənab Vilayət Eyvazov və Baş Prokuror Kamran Əliyev, xahiş edirik ki, baş vermiş cinayət işi obyektiv şəkildə araşdırılsın. Deyilən iddialar güc strukturularımızın adına ləkədir. Deyilən iddialardan belə çıxır ki, Tovuz rayonu prokuroru Elçin Qəhrəmanov və müstəntiq Natiq Əmirov izahatları bildiyi kimi təhrif edərək, bu işdə əli olan şəxslərin azadlıqda olmasına şərait yaratmışdır. Təəssüf ki, hadisə məhrumun övladlarının gözü qarşısında törədilməsinə baxmayaraq, onların izahatı alınmamışdır. Baş vermiş cinayət işinin 7 nəfər tərəfindən törədildiyi iddia edilir. Hadisə qrup şəklində törədildiyinə görə, 120.2.4 maddəsilə qərar verilməli olduğu halda, yalnız Elvin Əhmədova  C.M 120.1 maddəsi ilə 12 il 6 ay verilib. Ümid edirik ki, qətl hadisəsi ədalətli şəkildə araşdırılacaq və bu işdə əli olan digər şəxslər də cəzasını tapacaq.

YƏHYA

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.