“Gələcəkdə bu tarixi araşdıranda millətin anasıyla, şəhid bacısıyla qürur duyacaqlar...”
Bu gün 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan Silahlı Qüvvələrimizin çavuşu və hərbi feldşeri Arəstə Baxışovanın şəhidlik zirvəsinə ucalmasından bir il ötür.
Hurriyyet.az xəbər verir ki, Moderator.az-a açıqlamasında Azər-Türk Qadınları Birliyinin sədri Tənzilə Rüstəmxanlı müharibədə qadınlarımızın da bir qəhrəmanlıq yolu keçdiyini bildirib:

“Arəstə xanımın məkanı cənnət, ruhu şad olsun. O, üç min şəhidimiz tək şəhid bacısı oldu. O cümlədən də Arəstə xanım Azərbaycan xalqının ürəyində çox önəmli yerdədir. 44 günlük Vətən müharibəsi Azərbaycan qadının qəhrəmanlıq simasını göstərdi. Təkcə ön cəbhədə deyil, arxa cəbhədə də qadınlarımız bir qəhrəmanlıq yolu keçdilər. Öz duruşuyla, əməliylə, vətən topağına bağlılığıyla bir nümunə oldular. İnanın ki, qadınlarımızın bu qəhrəmanlığı yeni bir səhifə açdı. Bu isə tariximizdə çox önəmli yer tutacaq. Gələcəkdə bu tarixi araşdıranda, oxuyanda bu millətin qadınıyla, anasıyla, şəhid bacısıyla qürur duyacaqlar”.
Qeyd edək ki, Arəstə Baxışova 1989-cu il mayın 4-də Xaçmaz şəhərində anadan olub. Arəstə Baxışovanın 2 qardaşı olub. Onun atası — baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin dörd yaşı olanda vəfat edib. Arəstə Baxışova 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində "İngilis dili" üzrə təhsil alıb. Mərdan adında oğlu və Zəhra adında qızı yadigar qalıb.
Silahlı Qüvvələrimizin çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındanca tibbi yardım göstərib. Arəstə Baxışova oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Arəstə Baxışova ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Arəstə Baxışova ölümündən sonra 2021-ci il mayın 12-də Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən ingilis tibb bacısı Florens Naytingelin şərəfinə təsis olunan "Florence Nightingale" medalı ilə təltif edildi.