📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Gələn aydan Azərbaycan erməni separatçıları ilə bağlı konkret addımlar atacaq" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2023-08-09 14:12:00

"Hesab edirəm ki, Ermənistana və silahlı erməni birləşmələrinə qarşı hərbi əməliyyatların başlanması mümkündür"

"Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını qeyd etsə də, parktiki olaraq sülh sazişindən yayınaraq Qarabağda separatizmi dəstəkləyir". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.

Politoloq qeyd edib ki, Ermənistanla mümkün danışıqlarda fasilə yaranıb və humanitar yük şousu prosesi ilə Azərbaycana təzyiqin formalaşdırılmasına çalışılır: "Avropa İttifaqı və ABŞ da Ermənistana təzyiq etməyərək, prosesin böhranlı vəziyyətə sürükləməsinə seyrçi yanaşırlar. Ermənistan rəhbərliyi Qarabağla bağlı mövqeyində dəyişikliklər etməyəcəksə, Azərbaycan Zəngəzurla bağlı məsələdə mövqeyini ortaya qoyacaq. Qeyd edim ki, İrandan sonra Rusiya da Zəngəzurda konsulluq açmağı planlaşdırır. Həmçinin, Avropa İttifaqı da mülki müşahidə missiyası üçün ofis açır".

Milli Cəbhə Partiyasının sədr müavininin fikrincə, burada əsas məqsəd Zəngəzurla bağlı məsələdə Azərbaycana təzyiq etməkdir: "Avropa İttifaqı və ABŞ-ın vasitəçiliyi müsbət istiqamətdə inkişaf etməsə, Azərbaycan özü addımlar atmalı olacaq. Qarabağda silahlı separatçılar və Ermənistan destruktiv fəaliyyətlərini davam etdirir, sülh imkanlarının qarşısını alır. Odur ki, Azərbaycan və Türkiyənin yenidən birgə hərəkət etməsi mümkündür. Necə ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Qarabağı Azərbaycanla birgə azad etdik" mesajı Ermənistan və bölgədə suyu bulandıranlara ünvanlanıb. Hesab edirəm ki, gələn aydan Azərbaycan konkret addımlar atacaq. Ermənistan rəhbərliyi son kartlarından istifadə edir. Ermənistana və silahlı erməni birləşmələrinə qarşı hərbi əməliyyatların başlanması mümkündür".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az