📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gələn il manatın məzənnəsi NECƏ DƏYİŞƏCƏK?

2023-12-28 14:43:40

Gələn il manatın məzənnəsi NECƏ DƏYİŞƏCƏK?

Vüqar Bayramov: "2024-cü ildə də gələn ildə də manatın məzənnəsi tədiyyə balansının vəziyyətindən, daha dəqiqi neftin qiymətindən asılı olacaq"

"Mərkəzi Bank 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanat verib. Sənədinin təhlili göstərir ki, gələn ildə də manatın məzənnəsi tədiyyə balansının vəziyyətindən, daha dəqiqi neftin qiymətindən asılı olacaq. Fiskal sektorun valyuta təklifi və tələbi, eləcə də iqtisadi subyektlərin məzənnə gözləntiləri valyuta bazarındakı tarazlığa təsir göstərən əsas amillər kimi qruplaşdırılsa da aydındır ki, bu indikatorlar da birbaşa enerji bazarındakı volatillikdən asılı olacaq". Hurriyyet.az-ın məlumatına görə, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov deyib. 

Millət vəkili bildirib ki, Mərkəzi Bank manatın nominal effektiv məzənnəsinin inflyasiya idxalını məhdudlaşdıracağını proqnozlaşdırır: "İnflyasiya proseslərinin idarə edilməsində mühüm rolunu nəzərə alaraq Mərkəzi Bank 2024-ci ildə də nominal effektiv məzənnənin dinamikasını sıx monitorinq edəcək. Sənəddən göründüyü kimi, gələn ildə də neft gəlirlərimiz manatın məzənnəsinə təsir edən əsas faktor olacaq".

CESD sədrinin sözlərinə görə, Mərkəzi Bankın məzənnə siyasəti üzrə əməliyyat hədəflərinə nail olmaq üçün valyuta bazarına zəruri hallarda müdaxilə edəcəyini bildirməsi isə ondan xəbər verir ki, enerji bazarında ciddi volatillik baş verəcəyi halda valyuta ehtiyatlarımızdan istifadə edə bilər: "Bu isə o deməkdir ki, gələn il manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az