Gələn ilin büdcə zərfi açıqlandı - nələr var?
Yaşayış minimumu, ehtiyac meyarı, Neft Fondundan büdcəyə köçürmələr artırılır
2022-ci ildə işğaldan azad olunan ərazilərin yenidən qurulması və bərpasına 2 milyard 200 milyon manat büdcə vəsaiti yönəldiləcək
Azərbaycanın 2022-ci il üzrə dövlət büdcəsi layihəsi müzakirə və təsdiq üçün Milli Məclisə təqdim edilib. Layihədən məlum olur ki, gələn il Azərbaycanın dövlət büdcəsinin gəlirləri 26 milyard 816 milyon manat, xərcləri isə 29 milyard 879 milyon manat təşkil edəcək. Nəticədə büdcə gəlirləri cari illə müqayisədə 5,4 faiz, xərcləri isə 4,7 faiz artırılır.
Son nəticədə büdcədə 3 063 milyon manat kəsir yaranacaq ki, bu da illik müqayisədə 1,7 faiz azalma deməkdir.
Xatırladaq ki, sentyabr ayında Maliyyə Nazirliyinin açıqladığı ilkin büdcə parametrlərində 2022-ci ildə büdcə gəlirlərinin 26 milyard 407 milyon manat, xərclərinin 28 milyard 974 milyon manat, büdcə kəsirinin isə 2 milyard 567 milyon manat həcmində olması proqnozlaşdırılmışdı.
2022-ci ildə büdcə gəlirlərinin 25 milyard 874,5 milyon manatı mərkəzləşdirilmiş, 941,5 milyon manatı isə yerli gəlirləri, büdcə xərclərinin isə 28 milyard 900 milyon manatı mərkəzləşdirilmiş, 979 milyon manatı isə yerli xərclərdir.
Açıqlanan sənəddən aydın olur ki, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin həcmi də artırılır. Belə ki, ilkin parametrlərdə fonddan büdcəyə 11 milyard 860 milyon manat transfert olunması nəzərdə tutulurdu. Lakin 20 gündən sonra açıqlanan layihədə bu göstərici 12 milyard 71 milyon manat təşkil edəcək ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 4,2 faiz çoxdur. Qeyd edək ki, ötən il ARDNF-in dövlət büdcəsinə transferti 12,2 milyard manat təşkil edib. Bu il də transfertin eyni həcmdə olması proqnozlaşdırılıb.
Gələn il İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə 2022-ci ildə dövlət büdcəsinə 8,716 milyard manat vəsaitin daxil olacağı proqnozlaşdırılır. Bu daxilolmaların əsas hissəsi hüquqi şəxslərin gəlir vergisinin (ümumi vergi daxilolmalarının 30,6 faizi) və əlavə dəyər vergisinin (ümumi vergi daxilolmalarının 27,2 faizi) payına düşəcək.
Maliyyə Nazirliyinin açıqladığı ilkin parametrlərdə 2022-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 9 milyard 138 milyon manat daxil olması proqnozlaşdırılırdı.
Xatırladaq ki, 2020-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 7 milyard 387 milyon manat, 2021-ci ilin ilk doqquz ayında isə 6 milyard 354 milyon manat daxil olub.
Gələn il Dövlət Vergi Xidmətinin xətti ilə 4 milyard 155 milyon manat gəlir vergisinin toplanması nəzərdə tutulur. Bu, nəzərdə tutulan ümumi büdcə gəlirlərinin 15,6 faizi deməkdir. Sözügedən məbləğin 2 milyard 670 milyon manatı hüquqi şəxslərdən, 1 milyard 485 milyon manatı isə fiziki şəxslərdən toplanacaq. Qeyd edək ki, 2021-ci ilin ilk yarısında Dövlət Vergi Xidmətinin xətti ilə gəlir vergisi üzrə 2 milyard 222 milyon manat daxil olub. Məbləğin 578 milyon manatı fiziki şəxslərin gəlir vergisi, 1 milyard 644 milyon manatı isə hüquqi şəxslərin gəlir vergisi üzrə daxilolmaların payına düşüb. Fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar illik müqayisədə 3 faiz, hüquqi şəxslərin gəlir vergisi üzrə daxilolmalar isə 9,6 faiz artıb.
2022-ci ildə Azərbaycan dövlət büdcəsinə əlavə dəyər vergisi (ƏDV) üzrə 5 milyard 279 milyon manatın daxil olacağı gözlənilir. Bu məbləğin 2 milyard 910 milyon manatının Dövlət Vergi Xidməti xətti ilə, 2 milyard 369 milyon manatının isə Dövlət Gömrük Komitəsi xətti ilə daxil olması gözlənilir. Beləliklə, ƏDV üzrə ümumi daxilolmalar gözlənilən büdcə gəlirlərinin 19,7 faizinə bərabər olacaq.

Qeyd edək ki, 2021-ci ilin ilk yarısında Azərbaycan dövlət büdcəsinə ƏDV üzrə 2 milyard 509 milyon manat daxil olub və bu, büdcə gəlirlərinin 21,3 faizini təşkil edib. Daxilolmaların 1 milyard 127 milyon manatı Dövlət Vergi Xidməti, 1 milyard 382 milyon manatı isə Dövlət Gömrük Komitəsi tərəfindən təmin edilib (APA).
2022-ci ildə Azərbaycanın dövlət büdcəsindən dövlət borcuna xidmət üçün 1 milyard 792 milyon manat ayrılması nəzərdə tutulur. Bunun 232 milyon manatı daxili dövlətb borcuna, 1 milyard 560 milyon manatı isə xarici dövlət borcuna xidmət üçün sərf olunacaq. Qeyd edək ki, 2021-ci ilin doqquz ayı ərzində dövlət borcuna xidmət xərclərinə 1 milyard 513,5 milyon manat yönəldilib. 2021-ci il 1 iyul tarixinə Azərbaycanın ümumi dövlət borcu (xarici və daxili) 17 milyard 352 milyard manat və ya ÜDM-in 21,6 faizini təşkil edib. Bunun 14 milyard 626 milyon manatı xarici dövlət borcudur. Xarici dövlət borcu ÜDM-in 18,2 faizini təşkil edir.
2022-ci ildə işğaldan azad olunan ərazilərin yenidən qurulması və bərpasına 2 milyard 200 milyon manat büdcə vəsaiti yönəldiləcək. Bundan əlavə, növbəti il ərzində tikinti və şəhərsalma işlərinə 4 milyard 991 milyon 767,500 min manat vəsait ayrılacaq. Beləliklə, tikinti və şəhərsalma xərclərinin gələn il dövlət büdcəsində payı 16 faizdən çox olacaq.
Gələn il əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması xərcləri və səhiyyə sahəsində bir sıra dövlət proqramlarının və tədbirlərin maliyyələşməsi üçün büdcədən 1 milyard 125 milyon 674,629 min manat vəsait ayrılacaq.
2022-ci ilin təhsil xərcləri isə 3 milyard 884 milyon 325,660 min manat təşkil edəcək.
Növbəti ildə Azərbaycan hökuməti kənd təsərrüfatı sektoruna 997 milyon 305 min manat xərcləməyi planlaşdırır.
Müdafiə və milli təhlükəsizlik xərcləri üçün dövlət büdcəsindən 4 milyard 489 milyon 892,429 min manat ayrılacaq. Bu vəsaitdən müdafiə qüvvələrinə 2 milyard 153 milyon 165,727 min manat, milli təhlükəsizlik xərclərinə 285 milyon 501,146 min manat, sərhəd xidmətinə 441 milyon 585,91 min manat, müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlara 4 milyon 119,118 min manat, xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclərə 1milyard 600 milyon 442,5 min manat çatacaq.
Hökumət 2022-ci ildə sosial müdafiə və sosial təminat xərclərinə 3 milyard 565 milyon 794,62 min manat vəsait xərcləməyi planlaşdırır.

Gələn ilin dövlət büdcəsindən məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarına 2 milyard 362 milyon 101,755 min manat vəsait ayrılacaq. Bu məbləğin 367 milyon 296,211 min manatı məhkəmə hakimiyyəti, hüquq-mühafizə, prokurorluq sahələrinə aid edilən digər fəaliyyətlərə, 110 milyon 390,706 min manatı məhkəmə hakimiyyətinə, 1 milyard 767 milyon 323,977 min manatı hüquq mühafizəyə, 102 milyon 704,436 min manatı prokurorluğa, 10 milyon manatı məhkəmə qərarlarının icrasına, 4 milyon 386,425 min manatı hüquqi yardıma ayrılacaq.
2022-ci ilin dövlət büdcəsindən beynəlxalq münasibətlər üçün ayrılan vəsaitlərin məbləği 24 faiz artırılmaqla 361 miyon 900 min manat təşkil edəcək. Qeyd edək ki, 2021-ci ildə bu məqsədlə 274 milyon 300 min manat vəsait ayrılıb. Bu bölmə üzrə ayrılan vəsaitlər beynəlxalq və regional təşkilatlarla və maliyyə institutları ilə əməkdaşlıq, Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqların saxlanılması, beynəlxalq fəaliyyət və bu qəbildən olan digər tədbirlərin keçirilməsi, beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi, Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyəti ilə bağlı digər xərclər üçün nəzərdə tutulur.
Gələn il Azərbaycanın dövlət büdcəsindən ehtiyat fondlarına 628 milyon manat vəsait ayrılacaq. Büdcə sənədinə əsasən, bunun 518 milyon manatı Prezidentin ehtiyat fonduna, 110 milyon manatı isə büdcənin özünün ehtiyat fonduna ayrılacaq.

Sənədə əsasən, gələn il işğaldan azad olunmuş Ağdam rayonu üzrə gəlirlər 6,385 milyon manat, onun yerli xərcləri 11,33 milyon manat, Cəbrayıl üzrə gəlirlər 1,242 milyon manat, onun yerli xərcləri 4,1 milyon manat, Füzuli üzrə gəlirlər 11,45 milyon manat, onun yerli xərcləri 11,433 milyon manat, Xocalı üzrə gəlirlər 0,489 milyon manat, onun yerli xərcləri 2,013 milyon manat, Xocavənd üzrə gəlirlər 1,059 milyon manat, onun yerli xərcləri 2,574 milyon manat, Kəlbəcər üzrə gəlirlər 1,686 milyon manat, onun yerli xərcləri 5,21 milyon manat, Qubadlı üzrə gəlirlər 4,423 milyon manat, onun yerli xərcləri 3,665 milyon manat, Laçın üzrə gəlirlər 3,107 milyon manat, onun yerli xərcləri 5,448 milyon manat, Şuşa üzrə gəlirlər 1,955 milyon manat, onun yerli xərcləri 1,953 milyon manat, Zəngilan üzrə gəlirlər 1,773 milyon manat, onun yerli xərcləri 3,179 milyon manat olacaq.
2022-ci ilin dövlət büdcəsində yaşayış minimumunun həddi 205 manat məbləğində müəyyən ediləcək. Bu, 2021-ci illə müqayisədə 9 manat çoxdur. Gələn il işləyən əhali üçün yaşayış minimumu 215 manat (2021-ci ildə 207 manat), uşaqlar üçün 189 manat (175 manat), pensiyaçılar üçünsə 173 manat (162 manat) təşkil edəcək.
“Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə əsasən isə gələn il ehtiyac meyarının həddi 200 manat məbləğində müəyyənləşdirilir. Bu il ehtiyac meyarının həddi 170 manat müəyyənləşdirilib.