Gənc Bəstəkar Tural Bayraməliyevin işi Avropa Məhkəməsində...
Məlum olduğu kimi Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 avqust 2020-ci il tarixli qanunsuz və ədalətsiz hökmü ilə 8(səkkiz) il müddətinə azadlıqdan məhrum edilmiş Tural Bayraməliyev hazırda 13 saylı Cəza Çəkmə Müəssisəsində cəza çəkməkdə davam edir. Məhkəmənin sözügedən hökmü yuxarı instansiya məhkəməsinin qərarları nəticəsində çox təəssüflər olsun ki, qüvvəsində saxlanıldı. Buna baxmayaraq, hazırda haqqın zəfər çalması üçün mübarizə davam edir. Bu məqsədlə Turalın işinə kassasiya icraatı qaydasında baxmış Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının 16 dekabr 2021-ci il tarixli qərarından “Əlavə kassasiya” şikayəti verilmişdir.
Eyni zamanda Tural Bayraməliyevin sözügedən işi üzrə Türkiyə Cumhuriyyətinə qarşı yaxın zamanlarda Avropa İnsan Haqları Məhkəməsinin qərar qəbul edəcəyi də gözlənilir.Belə ki, Tural Bayraməliyev Azərbaycan dövlətinin sorğusu nəticəsində Türkiyədə saxlanılarkən Türkiyə hüquq-mühafizə və məhkəmə orqanı tərəfindən beynəlxalq konvensiyanın tələbləri kobud sürətdə pozulub. Bu barədə Turalın Türkiyəli vəkili Aybars Karakirk tərəfindən məhkəməyə təqdim edilən iddianamə (Bayramaliyev. vs Turkey) sözügedən pozuntulara dair “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında Konvensiya”nın 5-ci(Azadlıq və toxunulmazlıq hüququ), 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ), 7-ci(Qanunsuz cəzalandırılmamaq hüququ) və 14-cü(Ayrı-seçkiliyin qadağan olunması) maddələrini əhatə edir.
Xatırladım ki, Tural Bayraməliyev sabiq deputat və hazırda həbs həyatı yaşayan Hüseyn Abdullayevin dayısıoğludur. O, keçmiş Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin baldızı Şədiyyə Salehliyə qarşı dələduzluq etməkdə təqsirli bilinir.Lakin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 may 2021-ci il tarixli qətnaməsində Şədiyyə Salehlinin özünün dələduz olmasına, habelə saxta sənəd düzələtməklə bankdan külli miqdarda kredit almasına dair faktlar təsvir olunub. Buna baxmayaraq o azadlıqda, Tural Bayraməliyev isə 4 ildir ki, həbsdədir.
Ardı olacaq...
İctimai vəkil Samir Zeynalov