📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gənclər bizim gələcəyimizdirsə…

2022-02-08 11:30:00

Gənclər bizim gələcəyimizdirsə…

 

Bəlkə “Soros”un rıçaqlarını gənclərin arasında deyil, dövlət-vətəndaş bağının qopardılmasında rolu olan məmurlar içində aramaq lazımdır...

Gənclər əhali təbəqəsinin aktiv hissəsi olmaqla yanaşı, həm iş sferasının, həm də insan resursunun əsas hərəkətverici qüvvəsidir. Odur ki, hər il 2 fevral tarixi dünyada "Gənclər günü" kimi qeyd olunur.

Azərbaycanda da bu gün qeyd olundu. Məlumdur ki, ölkəmiz hələ sovet dönəmində əhali artımının dinamikliyi ilə seçilən dövlət olub. Eləcə də digər xalqlarla müqayisədə milli dəyərlərinə, adət-ənənələrinə daha bağlı olub. Yeni dövr insan və cəmiyyət həyatına yeni impulslar verdiyi kimi, özüylə müsbət və mənfiyönlü olmaqla, bəzi dəyişiklikləri də gətirir. Bunun qarşısını almaq demək olar ki, mümkünsüzdür. Amma ən azından neqativ meylləri zəiflətmək, müsbət meyllərin isə yolunu açmaq düzgün olardı.

Sözə ondan başlayaq ki, Azərbaycanda qeyd olunan bu əlamətdar gündə gənclərə qarşı tətbiq olunan neqativ təsir kimi Corc Sorosun müxtəlif ölkələrin daxili işlərinə qarışmaq, insanları qlobalizm şüarları altında birləşdirmək məqsədi ilə kosmopolit gənclər yetişdirməklə, onları öz ölkələrinə qarşı dağıdıcı fəaliyyətə yönləndirməsi və qlobalistlərin fondlar vasitəsilə gəncləri ələ alması qeyd olundu.

İlk öncə altını qalın xətlə çizərək qeyd edək ki, sözsüz və şübhəsiz dövlətin varlığını saxlaya bilməsinin mühüm faktorlarından biri onun bazası olan əhalisinin milli dəyərlərini qorumasıdır. Hər bir toplum onu başqalarından fərqləndirən dəyərləri yaşatdıqca özünəməxsusluqla öz dövlətini qoruyan qalxana çevrilir ki, məntiqlə də ölkədəki xalqı bir-birinə daha sıx sarılmış hala gətirir. Bu isə dövlətin uzunömürlülüyünə, onun qlobalizmin "küləyində sovrulub getməməsinə", əriməməsinə zəmanət verən amillər sırasındadır. Amma bu, dediyimiz kimi, yalnız amillərdən biridir.

Corc Sorosun maliyyələşdirdiyi fondalara gəlincə, “filantrop” adı altında maskalanan bu şəxsn əlində olan maliyyə resursları başqa ölkələrin içini qarışdırmaq, o dövlətlərin toplumuna yad dəyərlər ixrac etmək, deqradasiyanı körükləmək naminə sərf olunur. Bu barədə media resurslarında istənilən qədər informasiya tapmaq mümkündür. “Soros” Fondunun bu fəaliyyətindən hətta ərazisində yaşadığı ABŞ-ın əhalisi də “nəsibini” alıb. Təxminən on il bundan əvvələ aid məlumatlarda “Soros”un marixuananın leqallaşdırılması təklifləri ilə çıxış etməsi, hətta Kaliforniya ştatında bu məsələ ilə bağlı referendum keçirilməsinə milyonlarla dollar pul xərcləməsi barədə xəbərlər mövcud idi. İndi də vəziyyət fərqli deyil. Ümumiyyətlə, narkotikin leqallaşdırılmasının məntiqi izahı kimi bu sahəyə nəzarətin, onun yayılması və satışına dair aparılan böyük pullar səbəb gətirilirdi. Üstəlik, ABŞ-ın San-Fransisko şəhərində “Soros” Fondu narkomanlara pulsuz şpris paylanması üçün bir milyon dollar vəsait də ayırmışdı.

Göründüyü kimi, “Soros”un deqradasiyanın pik həddə çatmasının nəzarətə götürülməsinə "pul qıymadığı”, narkomaniyanın leqallaşdırılmasına vəsait ayırması "məntiqin və sağlam düşüncənin" ölümüdür. Əslində isə narkotiki leqallaşdıranın elə bu "narkoalverin" başında durması çox məntiqlidir.

“Soros”un narkomaniya ilə yanaşı, dünya insanına ixrac etdiyi daha bir iyrənclik LQBT-dir. Təsadüfi deyil ki, son zamanların bu iyrəncliyin dünyada təbliğatı daha çox vüsət alıb. “Soros” Fondunu ölkələrin içində "5-ci kolon" adlandırsalar da, əslində, bu "deqradasiya püskürən korporasiya" “5-ci kolon”dan daha təhlükəlidirr. Onu qlobal mənada "insanlığın, insanı insan edən dəyərlərin kökünü qazıyan düşmən" adlandırsaq, daha doğru olar.

Bu məsələnin bizi daha çox maraqlandırmalı olan tərəfi isə, missiyası insanların sahib olduğu bəşəri dəyərlərin kökünü qurutmaq olan Corc Soros məfhumunun bizim ölkəyə, cəmiyyətə, topluma sızdırılmaq üçün "münbit şəraitin" meydana çıxmasıdır. “Soros” Fondunun yaydığı “dəyərlərin” bizim xalqa yad olması açıq-aydın ortalıqdadır. Üstəlik, nəinki müxtəlif dövlətlərə, xalqlara, hətta ABŞ toplumuna və insanına da münasibət fərqli deyil. Amma “Soros”un dağıdıcı fəaliyyətindən danışırıqsa, o fəaliyyətin dağıdıcı olmasında nə qədər uğurlu olub-olmamasından, əgər bu fəaliyyət uğurlu olubsa, həmin uğura rəvac verən səbəbləri gözdən keçirməliyik və ölkədə gənclərlə bağlı həyata keçirilən siyasətə nəzər salmalıyıq.

Azərbaycanda "Gənclər siyasəti haqqında” qanuna əsasən, yaşı 14-dən 29-a qədər olan şəxslər gənc hesab edilir. Gənc ailə isə yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyn hesab edilir. 2021-ci ilin əvvəlinə aid olan məlumata əsasən, Azərbaycan əhalisinin 22,8 faizini gənclər təşkil edir. Ölkəmizdə 2,3 milyon nəfər gənc var. Amma son illərdə əhali sayında gənclərin xüsusi çəkisi azalır. 2010-cu ildə əhalinin 31,4 faizi gənc olduğu halda, son məlumata əsasən, bu nisbət 23 faizdən də aşağı düşüb. Məntiqlə belə bir sual qoyula bilər: ölkəmizdə əhalinin hərəkətverici hissəsi olan gənclərin sayının azalmasında “Soros”un rolu varmı, varsa nə qədərdir?

Statistik məlumatları göszdən keçirməyə davam edək. Gənclərin 47,6 faizini qadınlar təşkil edir. 2020-ci ildə doğulan körpələrin 76,3 faizi gənc analar tərəfindən dünyaya gətirilib. Nikaha daxil olanların isə 71 faizi gənclərdir. İlk dəfə nikaha daxil olan kişilərin orta yaşı 28, qadınların 24-dür. Göründüyü kimi əhalinin artım verən hissəsi də gənclərdir ki, bu da məntiqlidir. Son zamanlarda əvvəllər nadir hallarda eşidilən qız uşaqlarının ölümünə artıq qulaqlarımız alışmağa başlayıb. Elə şeylər var ki, onu yazılmış yox, yazılmamış qanunlar tənzimləyir. Sovet zamanında dövlətin təbliğat maşını bağçalardan başlayaraq son həddə kimi birbaşa "əhalinin tərbiyələndirilməsi", istiqamətləndirilməsi ilə məşğul olurdu. Televiziyalar da məhz bu missiyanın birbaşa daşıyıcısı idi. Hazırkı zamanda bu proses necə tənzimlənir və ümumiyyətlə tənzimlənirmi. Bu iş aparılırmı?

Zənnimizcə, aparılır, amma fəlakətli istiqamətdə. Televiziyalardan ailə institutunun dağılması istiqamətində əməlli-başlı iş görülür. Bu işin ünvanı səviyyəsiz seriallar, açıq-saçıq ədəbsiz verilişlər, cılız musiqilərdir. Televiziyalar çoxdan etik-estetik meyarlar təqdim edən, insanları doğruya, xeyirxahlığa çağıran, pislə-yaxşını ayırmağa çağıran tribuna statusunu itirib. Bunda da yəqin “Soros”un imzası var...

Boşanan gənc kişilərin xüsusi çəkisi 20,6 faiz, gənc qadınların xüsusi çəkisi 41,5 faiz olub. Faizlərə, xüsusən gənc qadınların boşanma faizinə baxın. Hər boşanan ailə psixoloji travma alan və cəmiyyətə də "görünəni əks etdirən güzgü" kimi ona veriləni qaytaran problemli uşaqdır. Nəzərə alın ki, bu günki uşaq 14 ildən sonra gəncdir. Görünüdüyü kimi, həm nailiyyətin, həm də problemin kökü dərindədir, o başlanğıcını uşaqlıqdan götürür.

2020-ci ilin yekunlarına əsasən 15-29 yaşlı iqtisadi fəal gənclərin sayı 1,378 milyon nəfər, onlardan məşğul əhalinin sayı 1,224 milyon nəfər, işsizlərin sayı 154,1 min olub. Məşğul gənclər arasında qadınlara (562,3 min nəfər) nisbətən kişilər (661,6 min nəfər) üstünlük təşkil edib.

Gənclər arasında işsizlik səviyyəsi digər yaş qrupları ilə müqayisədə yüksəkdir. İşsiz gənclər əmək qabiliyyətli gənclərin 11,2 faizini təşkil edib. Bu göstərici 2020-ci ildə ölkə üzrə işsizlik səviyyəsindən xeyli yüksək olub. Gənc kişilər arasında 69,9 min nəfər, qadınlar arasında 84,2 min nəfər işsizdir. İşsiz gənclərin 10,6 faizi ali, 11,9 faizi orta ixtisas, 4,4 faizi peşə, 59,5 faizi tam orta, 13,4 faizi ümumi orta təhsil, 0,2 faizi ibtidai təhsilə malik olub. Yuxarıda da göstərildiyi kimi, Dövlət Statistika Komitəsinin əmək bazarını araşdırmasından aldığı rəqəmlərdən bəlli olur ki, bu ilin əvvəlinə ölkədəki 1 milyon 378 min nəfər iqtisadi fəal gənc göstəricisinə 15-29 yaş arası iqtisadi fəal gənclər daxil edilib. “İqtisadi fəal” dedikdə, işləyən və işsiz gənclərin toplamı nəzərdə tutulur. Məşğul olmayan, iş axtarmayan və işə başlamağa hazır olmayan şəxslər isə, metodologiyaya görə, iqtisadi qeyri-fəal əhali qrupuna daxil edilir. Təhsil alan və əmək qabiliyyəti olmayan gənclər də bu kateqoriyaya daxildir.

Ötən il işsiz gənclərin sayındakı ciddi artım da diqqət çəkir. Ötən ilin əvvəlində ölkədəki işsiz gənclərin sayı cəmi 120 min nəfər idi. Bir il içində bu gənclərin sayı 30 faizə qədər artıb. Başqa deyimlə, bir ildə 34 mindən çox gənc iş yerini itirib. 16 mindən çox ali təhsilli gənc iş tapa bilmir ki, bu təhsildəki qüsurların da problemidir. Dövlət qurumları da tez-tez ölkədə ali təhsilli kadrların çatışmazlığını ifadə edir. Belə bir şəraitdə ali təhsilli gənclər arasında işsizliyin çox olması ölkədə ali təhsilə çıxış imkanlarının məhdud olması ilə yanaşı, verilən ali təhsilin və dolayısıyla hazırlanan kadrların da aşağı keyfiyyətinin göstəricisi sayıla bilər. Bundan başqa hər 4 gəncdən biri nə işləyir, nə də oxuyur. Bəzi iqtisadi təhlilçilər hesab edirlər ki, ölkədə karyera planlaşdırılmasında problemlər var. Həm təhsil, həm də iqtisadi ekspertlərin dediyinə görə isə Azərbaycanın təhsil sistemi bazarın imkanlarına, vəziyyətinə uyğunlaşmır. Elə sahələr var ki, oraya yüksək tələbat olmasa da çox insan təhsil alır. Elə sahələr də var ki, əksinə heç kim oxumur, ancaq ora tələbat yüksəkdir. Baxmayaraq ki, bununla bağlı daim müzakirələr gedir, ancaq vəziyyət bazar imkanlarına hələ də uyğunlaşmayıb. Sözün qısası, probelmin kökü təhsillə iş bazarının mütənasib tənzimlənməməsidir ki, nəticə gənclərin işsizlik üzündən ailə qurmamasına, nəsil artımının, ardınca da əhalinin azalmasına gətirir. Bunda “Soros”un rolunun nə olduğu maraq kəsb edən sualdır.

Bütün bunlardan başqa, ölkədə gənclərin arasında işsizliyin artması ilə yanaşı, bu il Azərbaycan əhalisinin tərkibində gənclərin sayının ən aşağı göstəricisi qeydə alınıb ki, yuxarıda bu göstəricini qeyd etmişik - 22,8 faiz. Ölkəmizdə 2,3 milyon nəfər gənc olduğuna baxmayaraq, son illərdə əhali sayında gənclərin xüsusi çəkisi azalır. 2010-cu ildə bu göstərici 31,4 faizi olduğu halda, son məlumata əsasən, bu nisbət 23 faizdən də aşağı düşüb və ölkə, beynəlxalq qiymətləndirməyə görə, əhalisi “qoca” olan ölkələr qrupuna aid edilib. Çünki Dünya Səhiyyə Təşkilatının meyarlarına görə, 65 və yuxarı yaşlı əhalinin toplam əhali sayındakı payı 7 faizi ötərsə, həmin ölkənin əhalisi qoca hesab edilir. Sonuncu rəsmi məlumatlara görə, ötən ilin sonunda Azərbaycanda 65 yaşdan yuxarı şəxslərin sayı 720 min nəfər olub. Bu isə bütün ölkə əhalisinin 7,14 faizi deməkdir. Beləliklə, Azərbaycanda yaşı 65-i aşan əhali qrupunun payı ilk dəfə 7 faiz həddini keçib və Dünya Səhiyyə Təşkilatının meyarlarına əsasən, artıq Azərbaycan da əhalisi qoca ölkələr siyahısına daxil edilib.

Bütün bu deyilənlərə gənclərin sosial statusundan asılı olmayaraq karyera pillələrində şəffaf, bürokratik maneələrsiz irəliləməsinə necə şərait yaradıldığı xüsusi önəm kəsb edir. Niyə? Çox tez-tez xaricdə təhsil almış gənclərimiz Azərbaycana işləməyə, ölkənin inkişafına töhfə verməyə dəvət edilir. Amma xüsusi statusu olmayan, kökü "əsil-nəcabətli" mənşəyə gedib-çıxmayan şəxslə sadə şəxsin karyera yüksəlişini bərabər şərtlərlə, şəffaf şəkildə nail olması nə qədər mövcuddur?

Ən vacib toxunmalı olduğumuz məsələ dövlətimizin gənclərin 14 yaşa qədərki həyatında, bir uşaqğın yetkin insan resursuna çevrilməsində nə qədər iştirakı olmasıdır. Dəfələrlə dövlətin uşaqların böyüdülməsində "əlini daşın altına qoymalı olduğunu" qabardaraq bu mövzuya toxunmuşuq. Amma Azərbaycan Respublikası Əmək və Sosial Müdafiə naziri Sahil Babayev hansısa məntiqlə əhali artımında problemin olmadığını və uşaq puluna gərək olmadığını iddia edir və var-gücü ilə dövlətin bu mühüm vəzifəsini yerinə yetirməsinə özünəməxsus şəkildə mane olur?! Bəlkə “Soros”un rıçaqlarını elə dövlət-vətəndaş bağının qopardılmasında rolu olan məmurlar içində aramaq lazımdır... Hər bir halda “Soros”un, yaxud Rusiyanın "qulbeçələri" içəridə at oynadırsa, suçlunu yuxarı dairələrdə axtarmaq yerinə düşər və bu, dövlətin birbaşa vəzifəsidir...

Ülviyyə ŞÜKÜROVA