Gənclər təşkilatı növbəti tədbirini Siyəzəndə keçirib - Fotolar
“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının memarıdır” adlı layihəsini Siyəzən rayonunda davam etdirib.
Siyəzən rayon Heydər Əliyev mərkəzində keçirilən tədbiri Rayon İcra Hakimiyyəti başçısının müavini Ruhiyyə Hacıyeva açaraq iştirakçıları salamladı və Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Natiq sonra 1995-ci ildə Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının hansı ağır şəraitdə qəbul edilməsindən, onun mahiyyətindən geniş danışdı.
Təşkilatın icraçı direktoru Tələt Qəribov çıxışında qeyd etdi ki, gənc nəsil Heydər Əliyevin dövlətimiz, millətimiz üçün gördüyü əvəzolunmaz xidmətlərini bilməlidir.
Siyəzən rayon Yeni Azərbaycan Partiyasının sədr müavini Ramilə Seyidova Konstitusiyamızın bütün maddələrinin dövlətimiz və xalqımızın rifahı üçün bir mayak yolu olduğunu iştirakçıların diqqətinə çatdırdı.
Gənclər və idman sektorunun Siyəzən rayon üzrə müdiri Vüsal Alışov, rayon Mərkəzləşmiş kitabxananın direktoru Gülnar Musayeva bu sahədə gənclər arasında aparılan tədbirlərdən danışdı. Tədbir çay süfrəsi ətrafında aparılan müzakirələrdən sonra başa çatmışdır.