📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

General Mirzəyev ordumuzun 70 faizini təşkil edən quru qoşunlarına komandanlıq edəcək, bəs onun yerini kim alacaq?

2024-01-19 17:25:26

General Mirzəyev ordumuzun 70 faizini təşkil edən quru qoşunlarına komandanlıq edəcək, bəs onun yerini kim alacaq?

Xüsusi Təyinatlı Qüvvələrin komandanı, zəfər generalı, cənab general-leytenant Hikmət Mirzəyevin ölkə rəhbərinin sərəncamı ilə XTQ komandanlığından Quru Qoşunları Komandanlığına təyinat alması, heç şübhəsiz Onu sevənlərdə qürur hissi, həyəcan və sevinc yaratdı. Beləliklə, 44 günlük müharibənin zəfər simvoluna çevrilmiş general Mirzəyev indi artıq Azərbaycan Ordusunun 70%-ni təşkil edən quru qoşunlarına birbaşa komandanlıq edir. Həm ölkə rəhbərliyinin, həm də elə vətəndaşlarımızın, eyni zamanda ordu mənsublarının Ondan gözləntisi olduqca böyükdür.

Bu nöqteyi-nəzərdən Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin artıq yeni hərbi vəzifəyə - Quru Qoşunları Komandanlığına gətirilməsi ordumuz üçün hansı müsbət yeniliklərin olacağının xəbərçisidir? Bu uğurlu təyinat ordumuzun NATO standartlarına uyğunlaşdırılmasını sürətləndirə bilərmi? Bundan sonra XTQ-yə komandanlığı hansı generalımız edəcək? Bu yöndə nə kimi yeniliklər var?

Suallarla bağlı bizimyol.info xəbər portalına danışan hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, XTQ komandanı, general-leytenant Hikmət Mirzəyevin quru qoşunları komandanı, müdafiə nazirinin müavini vəzifəsinə gətirilməsi, Azərbaycan Ordusuna kifayət qədər üstün dividendlər qatacaq:

"XTQ komandanı, general-leytenant Hikmət Mirzəyev ilkin hərbi təhsilini Bakı Ali Ümumqoşun Məktəbində, sonrakı təhsilini isə artıq müstəqillik dövründə Türkiyənin hərbi akademiyasında alıb. Başqa sözlə desək, general-leytenant Mirzəyev həm sovet hərb məktəbində, həm də NATO-nun hərbi akademiyasında təhsil alan azsaylı qəhrəman generallarımızdan biridir. Onun ən geniş tərkibə malik olan Quru Qoşunları Komandanlığına gətirilməsi, həmin vəzifəni icra etməsi, Azərbaycan Ordusunun Türkiyə Ordusu modelinə inteqrasiyasını daha da sürətləndirəcək, digər tərəfdən quru qoşunlarında daha üstün potensial əldə olunmasına münbit şərait yaradacaq".

Hərbi ekspert Elxan Şıxəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, general-leytenant Hikmət Mirzəyev ictimaiyyət arasında ən böyük rəğbətə sahib olan bir şəxs olduğuna görə, Onun tabeliyində olan hər bir zabit, gizir, müddətdən artıq xidmət edən hərbi qulluqçular və əsgərlər Onunla qürur duyacaqlar:

"Son günlər Müdafiə Nazirliyinin sistemində bir çox rotasiyalar baş verdi. Xüsusən də yaş və müddət dövrü bitmiş zabit və generalların istefa və ehtiyata buraxılmasını müşahidə etdik. Bununla yanaşı, yeni təyinatlar oldu. Həmin təyinatlardan ən uğurlusu təbii ki, Quru Qoşunları Komandanının ehtiyata göndərilməsi üzərindən XTQ komandanı, general-leytenant Hikmət Mirzəyevin Quru Qoşunları Komandanlığına (QQK) təyin edilməsi cəmiyyətimiz tərəfindən çox müsbət qarşılandı. Xüsusən də indi biz bilirik ki, MN-nin sistemində 44 günlük Vətən Müharibəsində, anti-terror tədbirlərində 2016-cı ilin aprel döyüşlərində və Birinci Qarabağ Müharibəsində və bütün hərbi fəaliyyətlərdə xüsusi təyinatlılarımızın rolu bu yöndə əldə etdiyimiz qələbələrdə oldu. Bu qüvvələrin yaradıldığı gündən indiyədək Hikmət Mirzəyev XTQ-nin komandanı idi. Quru Qoşunları heç şübhəsiz Müdafiə Nazirliyinin tabeliyindəki ən iri həcmli strukturdur və demək olar ki, ordunun 70 faizi bu qurumda cəmləşib. Ona görə də QQ komandanı olmaq çox böyük vəzifə sayılır. Gözləntilər də əlbəttə ki, buna münasib şəkildə çox böyük olacaq. Birinci istiqamət Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin mini modelinə keçidində ştat strukturuna görə bölmələrin döyüş hazırlığının NATO silahlı qüvvələrinin və onların döyüş hazırlığı səviyyəsinə qaldırılması olacaq. Onu da qeyd edim ki, yeni yaradılan komando hərbi birləşməsi XTQ-dən sonra ikinci peşəkar döyüş hazırlığına malik qüvvələr hesab olunur. İndiki Quru Qoşunları Komandanı general-leytenant Hikmət Mirzəyevin şəxsi imici, həm Vətən Müharibəsi Qəhrəmanı olması, həm cəmiyyətdə, həm də silahlı qüvvələrin tərkibində olan generallardan ən nüfuzlusu, ən təmizi , ictimaiyyət arasında ən böyük rəğbətə sahib olan bir şəxs olduğuna görə, Onun tabeliyində olan hər bir zabit, gizir, müddətdən artıq xidmət edən hərbi qulluqçular və əsgərlər qürur duyacaqlar. Hərbi xidmətdə komandanın, ordu rəhbərinin kimliyi xüsusi önəm daşıyan amildir. Quru Qoşunlarımız bu yöndə şanslıdırlar ki, onlara belə bir general komandan təyin olunub. Düşünürəm ki, bu təyinat general-leytenant Hikmət Mirzəyevin ordumuzdakı sonuncu vəzifəsi deyil. Əgər biz Türkiyə SQ-nin mini modelinə keçid ediriksə, burada rotasiya qaydalarına uyğun olaraq, kim quru qoşunları komandanıdırsa, növbəti mərhələdə silahlı qüvvələrin baş qərargah rəisi və daha sonra da müdafiə naziri olur. Nəzərə alsaq ki, Onun bu potensialı da var, gələcək illərdə baş qərargah rəisi və ya müdafiə naziri olmaq ehtimalları çox böyükdür. Eyni zamanda düşünürəm ki, komandanlıq etdiyi hərbi birləşmələrdə döyüş hazırlığının daha da gücləndirilməsi ilə yanaşı, zabitlərin və digər hərbi qulluqçuların sosial məişət şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində ciddi işlər aparılacaq. Ölkədə bəlkə də heç bir təyinatı bu təyinat qədər rəğbətlə qarşılamadım. Çox uğurlu və yerində bir təyinat oldu".

Hərbi ekspert həm də Hikmət Mirzəyevin yerinə təyin oluna biləcək namizədlərdən birinin adını qeyd edib:

"XTQ komandanlığına indi kimin təyin olunacağı barədə isə düşünürəm ki, həmin posta ən real namizəd birlik komandirlərimizdən biri olan general-mayor Kənan Seyidov ən real namizəddir. Çünki O, zamanında XTQ-nin qərargah rəisi olub və bu, müharibənin gedişi zamanı da belə idi. XTQ-nin döyüş hazırlığını bilən və beynəlxalq təlimlərdə iştiraklarının təminatçısı və birbaşa bu strukturların idarəetməsində olması səbəbi ilə düşünürəm ki, XTQ təyinatı üzrə ən uyğun namizədə layiq görülmüş olar. Təbii ki, digər variantlar da var, xüsusilə general-leytenant Hikmət Mirzəyevin özü xüsusi təyinatlılarda xidmət etmiş bir çox generalı yetişdirib. Beləliklə, həmin vəzifəni tutacaq alternativ namizədlərin ola biləcəyini də istisna etmirəm" - deyə, hərbi ekspert bildirib.