📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

General Mövlam Şixəliyev ev dustaqlığına buraxılmadı

2021-10-12 11:08:00

General Mövlam Şixəliyev ev dustaqlığına buraxılmadı

MTN əməkdaşlarının məhkəmə baxışı oktyabrın 26-na təyin olunub

Dünən Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, həmçinin MTN-in keçmiş əməkdaşları - Vüsal Əliyev, Yasin Məmmədov, Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə sədrliyi ilə keçirilən prosesə jurnalistlər buraxılmayıb.

KİV nümayəndərələrinə bildirilib ki, məhkəmənin hazırlıq iclası qapalı keçirilir.

Prosesdə ilk olaraq təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Qeyd olunub ki, təqsirləndirilən şəxslərdən biri Mövlam Şixəliyev barəsində həbs qətimkan tədbiri seçilib, digər şəxslər zamindədir.

Prosesdə general Mövlam Şixəliyevin vəkilləri vəsatətlərlə çıxış ediblər. Onlar müdafiə etdikləri şəxslə bağlı cinayət işinə xitam verilməsini, bu vəsatət təmin olunmayacağı təqdirdə onun ev dustaqlığına buraxılmasını xahiş ediblər.

Zərərçəkmişlərin bir çoxu təqsirləndirilən şəxslərə qarşı mülki iddialar qaldırıb.

Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə müşavirədən sonra məhkəmənin hazırlıq iclasının qərarı açıqlanıb.

Hakim müdafiəçilər tərəfinin verdiyi vəsatətlərin təmin olunmadığını elan edib.

Məhkəmə baxışı oktyabrın 26-na təyin olunub.

Qeyd edək ki, MTN-nin Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinov tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları ilə bağlı başlanmış cinayət işindən Mövlam Şixəliyevin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində külli miqdarda özgənin pul və əmlakını hədə-qorxu ilə tələb etmə, külli miqdarda rüşvət alma və sair cinayətlərinə görə ayrıca icraat ayrılıb.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi üzrə 32 zərərçəkmiş var.

Hazırladı: KƏNAN

**

"Hacıbala Abutalıbov düz işləməyib"

Rasim Quliyevin məhkəməsində şahid ifadə verdi

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə "FF" MTK-nın rəhbəri Tamilla İbrahimova ifadəsini davam etdirib.

O qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyəti Dilarə Əliyeva 141və 145 ünvanı ilə yanaşı, arxa tərəfi də həyət kimi saxlayıb: “Hacıbala Abutalıbov düz işləməyib. Əgər düz işləsəydi, çağırardı tikinti şirkətlərini, heç kimi tikməyə qoymazdı. Mənə bir nəfər desin ki, bu sənəd səhvdi, hər şeyi atıram kənara, təhvil verirəm. Sonuncu dəfə Hacıbala Abutalıbovun yanında olanda söylədi ki, mənlik deyil, sənəd ləğv edilib

Ümumilikdə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək 4 sərəncam almışam. Bir dəfə Akif Abdullayevin işçisi Maarifin yanında oldum. Dedi ki, Rasim Quliyevin sərəncamı işləri dolaşığa salıb. Axı mənim Rasim Quliyevin sərəncamına ehtiyacım yox idi, mənim tikinti nişanım da var idi, tikintiyə sərəncamım da”.

Prosesdə çıxış edən BŞİH-nin hüquqşünası bildirib ki, 2018-ci ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi icra hakimiyyətindən alınıb: “Rasim Quliyev də ondan sonra tikintiyə sərəncam imzalayıb”.

R.Quliyev isə söyləyib ki, həmin sərəncamı o hazırlamayıb.

Hakim bildirib ki, 2017-ci ildə Tikinti Məcəlləsinə dəyişiklik edilib: “Yeni məcəlləyə əsasən, tikintinin başlanması üçün sərəncam verilməlidir. Bunun isə "FF" şirkətinə heç bir aidiyyəti yoxdur. Çünki, "FF" şirkəti 2013-cü ildə tikinti aparmaq üçün sərəncam alıb".

T.İbrahimova deyib ki, R.Quliyevin sərəncamı tikinti üçün əhəmiyyətsiz olub.

Proses oktyabrın 18-də davam etdiriləcək.

Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, cinayət işi üzrə Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi zərərçəkmiş qismində tanınıb. Məhkəmə prosesi sentyabrın 20-də davam etdiriləcək.

**