Genləri dəyişdirilib bazara çıxarılır – Qaralmayan bananlar gəlir
Britaniyalı alimlər meyvəçilik sahəsində diqqətçəkən yeniliyə imza atıblar.
Hurriyyet.net xəbər verir ki, onlar kəsildikdən və ya zədələndikdən sonra adi bananlarla müqayisədə daha gec qaralan yeni banan növü hazırlayıblar.
Yeni bananlar Böyük Britaniyanın “Tropic” şirkəti tərəfindən yaradılıb.
Məlumata görə, bu bananlar adi bananlarla müqayisədə öz rəngini bir-iki gün daha uzun müddət qoruyur. Soyuducuda saxlandıqda isə qaralma prosesi daha da ləngiyir.
Yeni məhsulun yaxın vaxtlarda Britaniya supermarketlərində satışa çıxarılması gözlənilir.
Alimlər bu nəticəyə CRISPR-Cas9 gen redaktəsi texnologiyası vasitəsilə nail olublar.
Tədqiqatçılar bananın zədələnməsindən sonra meyvənin lətinin qaralmasına səbəb olan fermentin istehsalı ilə əlaqəli genin üç nüsxəsində dəyişiklik ediblər.
Nəticədə bananın lətində qaralma prosesi əhəmiyyətli dərəcədə zəifləyib.
Bu yeniliyin meyvələrin saxlanma müddətinin uzadılmasına və qaralma səbəbindən yaranan qida itkisinin azaldılmasına kömək edəcəyi gözlənilir.