📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Geosiyasi imkanları milli resursa çevirməliyik” – Ramiz Yunusdan vacib mesajlar

2026-10-26 17:16:28

“Geosiyasi imkanları milli resursa çevirməliyik” – Ramiz Yunusdan vacib mesajlar

Oktyabrın 26-da Xəzər Beynəlxalq Universitetində siyasi elmlər professoru Ramiz Yunusun tələbələr və professor-müəllim heyəti qarşısında geniş mühazirəsi keçirilib.

Hurriyyet.net  xəbər verir ki, mühazirə “Subyekt olmaq” mövzusunda olub.

Tədbiri giriş sözü ilə universitetin təsisçisi, akademik Hamlet İsaxanlı açıb. O, çıxışında professor Ramiz Yunusun bundan əvvəl də keçirilən mühazirələrinin çox maraqla qarşılandığını deyib, fəaliyyətində professora uğurlar diləyib. 

Tədbirin davamında professor Ramiz Yunus mühazirə ilə çıxış edib və müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyi, qarşılaşdığı çağırışlar və açılan yeni imkanlar barədə ətraflı təhlil aparıb.

Ramiz Yunus qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda başqalarının geosiyasi oyununun obyekti deyil, öz milli maraqlarını müəyyən edən və müdafiə edən subyekt olmalıdır. Müasir dünyada dövlətin müstəqilliyi yalnız sərhədlərini qorumaqla deyil, həm də öz gələcəyini müstəqil müəyyən etmək qabiliyyəti ilə ölçülür.

Professor bildirib ki, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə ABŞ-İran qarşıdurması, Avropanın təhlükəsizlik sistemində baş verən dəyişikliklər və beynəlxalq nəqliyyat marşrutlarının yenidən formalaşması Cənubi Qafqazın geosiyasi əhəmiyyətini artırır. Bu proseslər fonunda Azərbaycan regional hadisələrin təsirinə məruz qalan ölkə olmaqla kifayətlənməməli, onların formalaşmasında fəal rol oynamalıdır:

“Dövlətlərin tarixində çox vacib bir xətt var: bəziləri tarixə məruz qalırlar, bəziləri isə tarixi yaradırlar. Mənim bugünkü mühazirəmin əsas fikri məhz budur: Azərbaycan Cənubi Qafqazda başqalarının geosiyasi oyunun obyekti deyil, öz milli maraqlarını müəyyən edən və onları müdafiə edən subyekt olmalıdır”.

Ramiz Yunus qeyd edib ki, orta güc dövləti olmaq ABŞ, Çin və ya Rusiya kimi böyük dövlətlərlə müqayisə edilmək demək deyil. Söhbət Azərbaycanın coğrafi mövqeyindən, enerji resurslarından, nəqliyyat imkanlarından, diplomatiyasından, ordusundan və beynəlxalq tərəfdaşlıqlarından istifadə edərək regional və beynəlxalq proseslərə təsir göstərməsindən gedir.

“İmkanın mövcud olması hələ onun reallaşdırılması demək deyil. Tarixdə çox dövlətlərə imkan verilib, lakin onlar həmin imkanları düzgün qiymətləndirə bilməyiblər. Ona görə də bizim əsas sualımız olmalıdır: Azərbaycanın qarşısında yaranmış bu tarixi imkanları necə milli resursa çevirə bilərik?” – deyə o bildirib.

Ramiz Yunus Azərbaycanın xarici siyasətində milli maraqların əsas götürülməsinin vacibliyini xüsusi vurğulayıb. Onun fikrincə, ölkə beynəlxalq münasibətlərdə öz maraqlarını rəhbər tutmalı və heç bir xarici gücün bu maraqları müəyyən etməsinə imkan verməməlidir.

“Biz nə pro-Rusiya, nə pro-İran, nə pro-Amerika, nə pro-Çin, nə də sadəcə pro-Qərb olmalıyıq; biz pro-Azərbaycan olmalıyıq”, – deyə o bildirib.

Ramiz Yunus Rusiyanın Ukraynaya qarşı müharibəsinin nəticələrinin Cənubi Qafqaz üçün mühüm əhəmiyyət daşıdığını bildirib. Onun qənaətinə görə, Rusiyanın müharibədə məqsədlərinə nail olması qonşu dövlətlərə qarşı güc tətbiqinin effektiv olduğu düşüncəsini gücləndirə bilər. Digər tərəfdən, Rusiyada mümkün siyasi və sosial böhran da region üçün yeni risklər yarada bilər.

İranla bağlı məsələlərə də toxunan Ramiz Yunus Azərbaycanın bu ölkə ilə uzun sərhədə malik olduğunu xatırladaraq, rəsmi Bakının mümkün ssenarilərə hazırlıqlı olmasının vacibliyini vurğulayıb.

O, Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü və beynəlxalq hüququn fundamental prinsiplərini müdafiə etməsini təbii mövqe kimi qiymətləndirib. Bununla yanaşı, ölkənin milli təhlükəsizliyinin və sərhədlərinin qorunmasının xarici siyasətdə əsas prioritet olaraq qalmalı olduğunu bildirib.

Ramiz Yunus Azərbaycanın coğrafi mövqeyinin yaratdığı imkanlara da diqqət çəkib. Onun sözlərinə görə, Avropa ilə Asiya arasında yerləşən Azərbaycanın nəqliyyat, enerji və kommunikasiya imkanlarının əhəmiyyəti getdikcə artır.

Rusiya-Ukrayna müharibəsi nəticəsində bəzi ənənəvi nəqliyyat marşrutlarının əhəmiyyətinin dəyişməsi Orta Dəhlizin strateji rolunu gücləndirib. Bu isə Azərbaycan üçün təkcə iqtisadi deyil, həm də geosiyasi üstünlük yaradır.

Ramiz Yunus Azərbaycan, Gürcüstan və Türkiyə arasında formalaşan nəqliyyat və enerji əlaqələrinin regional əməkdaşlıq baxımından əhəmiyyətini vurğulayıb. Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrin inkişafının da Azərbaycanın regional və beynəlxalq imkanlarını genişləndirdiyini qeyd edib.

Onun fikrincə, əsas məsələ coğrafi mövqeyin mövcudluğu deyil, bu üstünlüyün real siyasi və iqtisadi resursa çevrilməsidir. Bunun üçün Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi də mühüm şərtdir.

Ramiz Yunus Azərbaycanla Ermənistan arasında sülhün yalnız iki ölkənin münasibətlərinə aid olmadığını, bütövlükdə regionun gələcəyinə təsir göstərdiyini bildirib. O hesab edir ki, sülh yeni regional iqtisadi əməkdaşlıq imkanları yarada və Cənubi Qafqazda yeni düzənin formalaşmasına təkan verə bilər.

Çıxışında milli şüur və informasiya təhlükəsizliyi məsələlərinə də toxunan Ramiz Yunus bildirib ki, müasir dövrdə dövlətlərin üzləşdiyi təhdidlər yalnız hərbi sahə ilə məhdudlaşmır. İnformasiya və ideoloji müharibələr, kiberməkandakı təhlükələr, cəmiyyətdə parçalanma yaratmaq cəhdləri və gənclərin düşüncəsinə təsir göstərilməsi də milli təhlükəsizliyin mühüm istiqamətləridir.

O qeyd edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində milli birliyini nümayiş etdirib və bu birlik ölkənin ən böyük strateji resurslarından biridir. Müasir təhlükələr qarşısında həmin birliyin qorunması xüsusi əhəmiyyət daşıyır.

“XXI əsrdə milli təhlükəsizlik yalnız ordunun gücü ilə ölçülmür. Milli təhlükəsizlik həm də cəmiyyətin özünü qoruma qabiliyyətidir”, – deyə Ramiz Yunus vurğulayıb.

Onun fikrincə, cəmiyyətdə fərqli fikirlərin mövcudluğu və siyasi-ictimai müzakirələrin aparılması vacibdir. Bununla belə, dövlətin suverenliyi, ərazi bütövlüyü, milli təhlükəsizliyi və Azərbaycanın öz gələcəyini müstəqil müəyyən etmək hüququ kimi fundamental prinsiplər qorunmalıdır.

Ramiz Yunus universitetlərin yalnız peşə və bilik qazandıran müəssisələr olmadığını, eyni zamanda gələcək siyasi, elmi, iqtisadi və intellektual elitanın formalaşdığı məkanlar olduğunu bildirib.

O, tələbələri müxtəlif siyasi fikirləri və beynəlxalq təcrübələri öyrənməklə yanaşı, onları milli maraqlar baxımından təhlil etməyə çağırıb. Çıxışçı hesab edir ki, Azərbaycan cəmiyyəti dünyaya açıq olmalı, başqa ölkələrin təcrübəsindən faydalanmalı, lakin öz milli kimliyini və müstəqil düşüncə qabiliyyətini qorumalıdır.

Ramiz Yunus çıxışının sonunda Azərbaycanın gələcəyinin yalnız dövlət qurumlarından deyil, hər bir vətəndaşın düşüncəsindən və məsuliyyətindən asılı olduğunu vurğulayıb. Onun sözlərinə görə, ölkənin qarşıdakı dövrdə geosiyasi dəyişikliklərdən faydalanması üçün milli maraqlarını düzgün müəyyən etməsi, mümkün risklərə hazırlaşması və strateji birliyini qoruması vacibdir.

O bildirib ki, Azərbaycanın qarşısında duran əsas sual yalnız böyük dövlətlərin gələcəkdə hansı addımları atacağı deyil, ölkənin öz imkanlarından necə istifadə edəcəyidir. Azərbaycanın həqiqi müstəqilliyi isə öz gələcəyini özü müəyyən edə bilməsindən keçir.

Sonda professor Ramiz Yunus tələbələrin və professor-müəllim heyətinin suallarını ətraflı şəkildə cavablandırıb, mövzu ətrafında geniş və qarşılıqlı müzakirələr aparılıb.