Gömrükdəki qanunsuzluğa yeni qanunla haqq qazandırmaq cəhdi etiraz doğurdu
“Gömrükdə subyektlərin bir-birindən xəbəri yoxdur, hərəsi öz bildiyini edir” - “Lion Centre” MMC-nin direktoru Ramil Aslanov Dövlət Gömrük Komitəsində (DGK) qarşılaşdığı süni əngəllər və qanunsuzluqlarla bağlı mətbuata müraciət ünvanlayıb.
Musavat.com-un xəbərinə görə, o, müraciətində iddia edir ki, DGK rəhbərliyinin “vahid sistemlə çalışırıq” bəyanatları gerçəkliyi əks etdirmir və qurumun bəzi məsul şəxsləri ölkə rəhbərliyinin sahibkarlığa dəstək kursuna daban-dabana ziddir.
Ramil Aslanov dövlət tərəfindən gömrük orqanlarının normal fəaliyyəti üçün lazımi şərait yaradıldığını, lakin sistemdə ciddi xaos hökm sürdüyünü iddia edir:
“Gömrük Komitəsinin rəhbərliyi bəyan edir ki, bütün subyektlər vahid sistemlə çalışır. Amma bu belə deyil. Subyektlərin bir-birindən xəbəri yoxdur, hərəsi öz bildiyini edir, hər ağızdan bir avaz gəlir. Qanunvericilikdən xəbərsizdirlər, ne dəyər, nə qiymət bilirlər, nə də fiskal öhdəliyi dərk edirlər. Sahibkarları incitməklə ölkə rəhbərinin nüfuzuna xələl gətirirlər”.
İş adamı xüsusilə vurğulayır ki, DGK Aparat rəhbəri Kənan Əsədov başda olmaqla, bəzi əməkdaşların törətdiyi süni əngəllər dövlətimizin beynəlxalq imicinə və əhalinin dövlətə olan inamına ciddi zərbə vurur.
“Lion Centre” MMC-nin üzləşdiyi problemlərin xronologiyasını təqdim edən Ramil Aslanov bildirib ki, rəhbərlik etdiyi cəmiyyət tərəfindən idxal edilən və 16.05.2025-ci il (№01251000204009) və 16.08.2025-ci il (№01251000346543) tarixli gömrük bəyannamələri ilə bəyan olunan malların rəsmiləşdirilməsi zamanı ciddi qanun pozuntularına yol verilib.
Məsələ ilə bağlı ölkə rəhbərliyinə və DGK-ya dəfələrlə müraciət edən sahibkar 05.08.2026-cı il tarixli məktubunda faktları bir daha ortalığa qoyub. Lakin DGK-dan aldığı cavab məktubu absurd bir hüquqi mənzərəni ortaya çıxarıb:
“Aparat rəhbəri Kənan Əsədovun imzası ilə aldığım 22.07.2026-cı il tarixli cavabda 2025-ci ildə baş vermiş qanunsuzluqları araşdırmaq əvəzinə, “Gömrük tarifi haqqında” Qanuna yalnız 01.01.2026-cı il tarixindən qüvvəyə minmiş dəyişikliklərə istinad edilib. Yəni, 2025-ci ildə edilən qanunsuzluğu ört-basdır etmək üçün 2026-cı ildə qüvvəyə minən qanun dəyişikliyi ilə əvvəlki əməllərə haqq qazandırmağa çalışıblar”.
Müraciətlərdən sonra Ramil Aslanov 3 sentyabr 2026-cı il tarixində DGK-nın inzibati binasına dəvət edilərək Aparat rəhbəri Kənan Əsədov tərəfindən qəbul edilib. Görüş zamanı Kənan Əsədov sahibkardan mətbuata və dövlət qurumlarına etdiyi müraciətlərdə adının hallandırılmamasını xahiş edib. Məktubdakı uyğunsuzluğu “texniki xəta ola bilər” deyən Aparat rəhbəri, 17 sentyabr 2026-cı il tarixinə qədər məsələni araşdırıb məlumat verəcəyinə söz verib. Lakin verilən vədlər kağız üzərində qalıb. Oktyabrın 2-də yenidən Komitəyə yollanan iş adamına cavab məktubunun guya 9 sentyabr tarixində e-poçt ünvanına göndərildiyi iddia olunub. Poçta belə bir məktub gəlmədiyini bildirən sahibkara bunu təsdiqləyən elektron çıxarış verilməyib. Əvəzində isə oktyabrın 2-də ona üzərində imzası, nömrəsi və tarixi olmayan, lakin Kənan Əsədovun adından yazıldığı iddia edilən bir kağız parçası təqdim olunub. Həmin kağızda sadəcə sahibkara “qanunvericiliyin izah edildiyi” qeyd edilib.

Ciddi narazılığını ifadə edən “Lion Centre” MMC-nin direktoru Ramil Aslanov Dövlət Gömrük Komitəsinin rəhbərliyinə yenidən müraciət edərək 2025-ci ildə baş vermiş hüquq münasibətlərinə yalnız həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin tətbiq edilməsi və 2026-cı il dəyişikliyinə istinad praktikasından imtina olunmasını; eyni bəyannamə üzrə qısa müddət ərzində ziddiyyətli qərarlar qəbul edən gömrük əməkdaşlarının və vəzifəli şəxslərin hərəkətlərinin xidməti qaydada yenidən araşdırılması; müraciətlərdə irəli sürülmüş bütün hüquqi arqumentlər üzrə maddə-maddə, əsaslandırılmış rəsmi yazılı cavabın təqdim edilməsini xahiş edir.
Sahibkar ümid edir ki, DGK rəhbərliyi nəhayət ölkə başçısının tapşırıq və tövsiyələrinə əməl edərək məsələni obyektiv şəkildə həll edəcək.
P.S. DGK rəsmilərinin mövqeyini də dinləməyə hazırıq.
E.Məmmədəliyev,
Musavat.com