“Görünür bəzi adamlara daha sərt cəzalar tətbiq etmək lazımdır” — Ekspertdən SƏRT AÇIQLAMA
“Saxta informasiyaların yayılması, özəlliklə də, bu informasiyalar vasitəsilə ayrı-ayrı şəxslərin, ictimai-siyasi xadimlərin, hətta dövlətlərin gözdən salınması yolverilməzdir. Həm insan, həm də cəmiyyətin həyatına gərəksiz və qanunsuz müdaxilədir. Ona görə də, saxta informasiyaların yayılmasının qarşısı qanunun bütün sərtliyi ilə alınmaldır”.
Hurriyyet.Az bildirir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında media eksperti Azər Həsrət deyib.
“Türkiyə Böyük Millət Məclisinin (TBMM) qəbul etdiyi dezinformasiya hesab edilən media və sosial şəbəkə məlumatlarına görə 3 ilə qədər həbs cəzasını nəzərdə tutan qanun layihəsi var. Qardaş Türkiyədə belə bir təşəbbüsün irəli sürülməsini şəxsən mən dəstəkləyirəm, alqışlayıram. Düşünürəm ki, Türkiyə dövləti məhz öz vətəndaşlarını cürbəcür qanqaraldıcı, ürəkbulandırıcı, cəmiyyəti qarışdıırcı dezinformasiyalardan qorumaq üçün bu addımları atmağa məcbur olub. Təəssüflər olsun ki, özəlliklə də, sosial medianın meydana çıxmasından sonra dünyanın aparıcı qurumları, şəxsləri, onların sırasında biz də bacara bildiyimiz qədər sosial media istifadəçilərini özünü tənzimləməni yüksək səviyyədə tutmağa cəlb etmişik. Yəni, biz illərdir xəbərdarlıq edirdik ki, dezinformasiya yayanlar, xüsusən də, saxta profillər arxasında gizlənərək bunu edənlər ümumillikdə sosial media fəlsəfəsinə zidd davranırlar. Onlar bu qədər gözəl, gərəkli bir platformanı gözdən salırlar və onun azadlıqlarının əngəllənməsinə səbəb olacaqlar. Bizim kimi insanları dinləmədilər, o saxtakarlıq edən, dezinformasiyanı özünün həyat tərzinə çevriən adamlar, qurumlar bizim kimi insanları dinləmədilər və artıq o mərhələ yetişib ki, dövlətlər həm özlərini, həm də ayrı-ayrı vətəndaşlarını qorumaq üçün daha sərt tədbirlərə əl atsınlar. O baxımdan düşünürəm ki, Azərbaycan dövləti də qardaş Türkiyənin bu təşəbbüsünə səs verməli və ona uyğun Azərbaycanda da qərarlar, qanunlar qəbul edilməlidir. Sosial mediadan istifadə edərək insanlara şər-böhtan atanlar hazırkı cəzalardan daha sərt cəzalar almalıdır. Çünki indi nəzərdə tutulan cəzalar o qədər də, çəkindirici deyil. Görünür bəzi adamlara daha sərt cəzalar tətbiq etmək lazımdır. Bu baxımdan bir daha deyirəm ki, qardaş Türkiyənin bu təşəbbüsü təqdirəlayiqdir”.
Aynurə