Gorus-Qafan yolunun bağlanması İranı narahat edir?
İki gün əvvəl, avqustun 25-də Azərbaycanın Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının əsgərinə Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığında iki erməni hərbçisi tərəfindən edilmiş hücumun ardınca Ermənistanın Gorus və Qafan vilayətlərini birləşdirən, bir hissəsi Azərbaycan ərazisindən keçən yol bağlanıb. Sözügedən yol eyni zamanda Ermənistandan İrana gedən əsas magistral yol sayılır. Nəticədə Ermənistanla İran arasında quru nəqliyyat əlaqəsi praktiki olaraq kəsilib. Erməni mənbələri Yerevan-Tehran-Yerevan marşrutu ilə işləyən avtobusların hərəkətinin dayandığını, habelə İrandan Ermənistana və geriyə yük daşıyan yüzlərlə TIR-ın yollarda qaldığını bildirir.
Politoloq Turan Rzayev "Hürriyyət.az"a deyib ki, İran tərəfinin ata biləcəyi tək addım rəsmi Bakıyla məsələnin diplomatik müstəvidə müzakirəsidir:
"Qafan-Gorus yolu eyni zamanda İrana gedən əsas magistral yoldan keçir. Bu da İrana gedən yolun bağlanması deməkdir. Təbii ki, rəsmi Tehran üçün bu yaxşı hal deyil. Hər halda bu ərazi Azərbaycanındır. Sərhədlərin demarkasiyası və delmitasiyası prosesində buralar Azərbaycan ərazi vahidliyinə düşür. Hazırda İranın bu məsələyə reaksiya verməsi bir növ Qarabağın işğaldan azad edilməsinə reaksiya kimi də qiymətləndirmək olar. Necə ki, Qarabağın işğaldan azad edilməsi normal qəbul edilməlidirsə, bu ərazinin də Azərbaycandan keçməsi eyni qaydada qəbul edilən məsələ olmalıdır. İndiki halda İran tərəfinin ata biləcəyi tək addım rəsmi Bakıyla məsələnin diplomatik müstəvidə müzakirəsidir. Əslində, burda müzakirəyə ehtiyac bir şey də yoxdur. Bu yolun bağlanması yalnız erməniləri narahat edə bilər. İran burdan yenidən rahatlıqla keçə bilər. İrandan gələn tırlara və İran vətəndaşlarına xüsusi bir maneə yoxdur. Belə olan halda İran yenə də reaksiya vermiş olarsa, bu yalnız diplomatik yolla həll oluna biləcək məsələdir. İranın reaksiya bildirməsi o qədər də əhəmiyyətli deyil".
.jpg)