📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Göyçə mahalının, Basarkeçərin, Çəmbərəkin Azərbaycana qaytarılması zəruridir" - ZAUR MƏMMƏDOV

2023-08-22 12:35:23

"Ermənistanın bu istiqamətdəki təxribatlarına və işğalçılıq siyasətinə son qoymaq üçün Göyçə gölünün ortasından yeni xətt çəkilməlidir"

"Ötən gecə ermənilər yenidən Gədəbəy və Laçındakı mövqelərimizi atəşə tutub. Xatırladım kı, son günlər Ermənistan ordusunun Gədəbəy istiqamətində təxribatları intensivləşib". "Hürriyyət"in məlumatına görə, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov qeyd edib.

Bakı Politoloqlar Klubunun rəhbərinin qənaətincə, görünən odur ki, Ermənistan dövləti Azərbaycan ilə sülh müqaviləsi bağlamaqdansa, revanşist düşüncələrlə yaşamaqdadır: "Yeri gəlmişkən, 44 günlük müharibədən sonra Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə Başkəndlə bağlı bəyanatlar vermişdir. 1990-cı illərin əvvəllərində isə Başkənd və Gədəbəyin bəzi kəndləri uyğunda döyüşlər baş tutmuşdur. 5 avqust 1992-ci ildə Çəmbərək və Başkənd ətrafında döyüşlər baş vermiş, Azərbaycan ordusu erməniləri darmadağın etmişdir. Görünən odur ki, Ermənistan dövləti Azərbaycan ilə sülh müqaviləsi bağlamaqdansa, revanşist düşüncələrlə yaşamaqdadır. Bu isə onlara çox baha başa gələcək. Yeri gəlmişkən, Azərbaycan Xalq Cümhuriyyətinin və Ararat Respublikasının SSR-nin tərkibinə daxil edilməsindən sonra 10 ilə yaxın vaxt ərzində də Gədəbəydən Göyçə gölünə qədər ərazi Azərbaycanın tərkibində idi. 1920-ci illərin sonunda Göyçə mahalı Ermənistan SSR-yə verilmişdir. Ermənistanın apardığı işğalçı siyasətin davam etdiyi bir dövrdə iki ölkə arasında delimitasiya-demarkasiya xəttlərinin 28 aprel 1920-ci il xəritələrinə uyğun keçirilməsi məsələsi qaldırıla bilər".

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri onu da əlavə edib ki, Gədəbəy və digər qərb rayonları istiqamətində Ermənistan ordusunun müntəzəm olaraq atəşkəsi pozması bu coğrafiyalarda gələcəkdə iki ölkə arasında müharibə riskini artırır: "Azərbaycanın qərbi və Ermənistanın şərqində bu cür gərginliyin baş verməməsi üçün Göyçə mahalının, Basarkeçərin, Çəmbərəkin Azərbaycana qaytarılması zəruridir. Ermənistanın bu istiqamətdəki təxribatlarına və işğalçılıq siyasətinə son qoymaq üçün Göyçə gölünün ortasından yeni xətt çəkilməlidir".

Vazeh BƏHRAMOĞLU