📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Göygöl polis əməkdaşlarına qarşı şok ittihamlar

2022-02-08 10:26:00

Göygöl polis əməkdaşlarına qarşı şok ittihamlar

Bəhruz Məmmədov: “Polislər qardaşıma qarşı əxlaqsız hərəkət edib, həmin görüntüləri sosial şəbəkələrdə yayacaqları ilə hədələyərək, onu şantaj ediblər…”

Göygöl rayonu, Çaykənd kənd sakini Məmmədov Bəhruz Əvəzoğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də digər səlahiyyətli qurumların rəhbərlərinə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Məlumunuz olsun ki, Göygöl rayon, Çaykənd kəndində yaşayan  Hüseynov adlı şəxs Elnur Fizika müəllimi olan əmisinin keçilərini oğurlayıb kəsən zaman polislər gəlib üstə çıxıblar. Onlar Hüseynov Elnuru tutub aparıblar.

1981-ci ildə anadan olan doğma qardaşım Məmmədov Qalib Əvəz oğlu Hüseynov Elnurun qonşusu və dostu olduğuna görə onu da tutublar. Qardaşımı döyərək deyiblər ki, Elnurun üzünə durmalısan. Hüseynov Elnuru da döyüb işgəncə veriblər ki, sən də Məmmədov Qalibin üzünə durmalısan ki, Göygöl rayonu, Çaykənd kəndində yanan evi və “Göyəzən” restoranını Qalib yandırıb.

Məmmədov Qalibə də “sən də de ki, yanan evi və restoranı Hüseynov Elnur yandırıb”, - deyə hədə-qorxu gəliblər.

Hüseynov Elnur polisə deyib ki, Məmmədov Qalib evində sənədsiz “Kalaşnikov” markalı avtomat saxlayır. Həmin silahı qardaşımın evindən polislər götürüb.

Göygöl rayon polis şöbəsinin 6 əməkdaşı - rəisin köməkçisi Şəhriyar, Cabir Ələsgərov, sahə müvəkkili Nizami, eləcə də digər əməkdaşlar Rəşid, Orxan (bir nəfərin adını bilmirəm) qardaşımı  döyüblər ki, “yanan evi və “Göyəzən” restoranını yandırdığını boynuna almalısan”. Qardaşım da deyib ki, mən yandırmamışam, eləmədiyim cinayəti necə boynuma alım?!

Adlarını çəkdiyim polis əməkdaşları deyiblər ki, əgər boynuna almasan, sənə qarşı əxlaqsız hərəkət edib (etikadan kənar ifadə olduğu üçün qeyd etmirik – red.), videoya çəkib, sosial şəbəkələrə yerləşdirəcəyik. Qardaşım da sınmamaq üçün  etmədiyi cinayəti boynuna alıb.

25 noyabr 2021-ci ildən qardaşımı tutublar. Bəli, qanunsuz silah saxladığına görə məsuliyyət daşıyır. Cəzası nədir, alsın. Amma bu adam nə üçün eləmədiyi başqa cinayətlərə görə həbs olunmalıdır?!

Hüquqlarımız pozulub. Azərbaycan Konstitusiyasında yazırlar ki, polis kimiinsə əxlaqsız görünütlərini çəkib yaymaqla etmədiyi cinayəti boynuna qoya bilər?

Polis əməkdaşı Cabir Ələsgərov digər qardaşıma deyib ki, cinayəti Məmmədov Qalibin boynuna qoydum ki, məni rəis qoysunlar, özüm də onu buraxdıracağam.

Cənab prezident!

Hörmətli Mehriban xanım!

Sizlərdən xahiş edirəm ki, bu işin ədalətli araşdırılmasına, dediklərimiz təsdiqini taparsa, adlarını çəkdiyim polis əməkdaşlarının cəzalandırılmasına göstəriş verəsiniz.

Sizə əvvəlcədən öz təşəkkürümü bildirirəm”.

Hazırladı: KƏNAN

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.