Gözlənilməz qərar! Su-35 almaqdan vaz keçməyə məcbur oldular
Hurriyyet.az “Akşam” nəşrinə istinadən xəbər verir ki, İndoneziya Rusiya istehsalı olan 11 ədəd “4++” nəsil Su-35 çoxhədəfli hərbi təyyarələri almaq niyyətindən vaz keçmək məcburiyyətində qaldığını bəyan edib. Bu barədə açıqlamanı İndoneziyanın Hərbi Hava Qüvvələrinin Qərargah rəisi Facar Praset verib. “Sputnik” informasiya agentliyinin yazdığına görə, Facar Praset jurnalistlərin qarşısında çıxış edərək, bunun səbəbinin büdcə problemi olduğunu söyləyib: “Su-35 qırıcılarının alınması planından ürəkağrısı ilə imtina eləməliyik. Əvvəlcədən dediyimiz kimi, avisaiyanın inkişafı büdcədən çox asılıdır”.
Rusiya təyyarələrinin yerinə Fransadan “Rafale” və ABŞ-dan F-15EX qırıcılarını almaq niyyətində olduqlarını bildirib. Onun sözlərinə görə, Amerika qırıcısı İndoneziyaya 2027-ci ildə təhvil verilə bilər.
2018-ci ilin fevralında İndoneziya Rusiyadan Su-35 qırıcılarının alınması üçün 1,1 milyard dollar dəyərində sövdələşmə imzalayıb. Bu məsələ ilə bağlı iki ölkə arasında danışıqlar 2012-ci ildən aparılırdı.
2018-ci ilin payızında Rusiyanın “Kommersant” qəzeti yazmışdı ki, qırıcıların tədarükünün reallaşdırılması zamanı çətinlik yaranıb – ABŞ-ın “Amerikanın əleyhdarlarına sanksiyalar vasitəsi ilə qarşı durmaq” (CAATSA) qanunu qəbul edilmişdi. Qanunda Rusiya ilə müdafiə sahəsində böyük sövdələşmələr imzalayanlara qarşı sanksiyalar tətbiq edilməsi nəzərdə tutulur. Bununla belə, İndoneziyanın Müdafiə naziri 2018-ci ilin oktyabrında açıqlama verərək, Moskva ilə razılaşmanın qüvvədə qalacağını bəyan eləmişdi.
Hürr Tərcüman