Gözlənilməz söhbət tənhalıq hissini azalda bilər - Yeni tədqiqat
“Tanımadığınız və ya az tanıdığınız bir şəxsin gözlənilməz diqqəti tənhalıq hissini azaltmağa kömək edir. Cəmi bir neçə saniyəlik ünsiyyət insana ətrafdakılar tərəfindən fərq edildiyini hiss etdirir”.
Hurriyyet.net xəbər verir ki, bu barədə Corciya Universitetinin sosioloqu Cozef Hermanoviç “Theory and Society” jurnalında dərc olunan məqaləsində bildirib.
Alimin sözlərinə görə, “ani qarşılıqlı təsir” adlanan bu hallara səmimi salamlaşma, təbəssüm, qısa sual və ya vaxtında göstərilən kiçik dəstək daxildir. Bu cür kontaktlar xüsusilə yeni mühitə — məsələn, universitetə və ya yeni iş yerinə uyğunlaşma dövründə insanın özünü cəmiyyətə aid hiss etməsində mühüm rol oynayır.
“Bununla belə, avtomatik deyilən “salam” və ya rəsmi baş tərpətmə eyni effekti vermir. Hətta qarşı tərəf niyyəti düzgün anlamazsa, bu cəhd mənfi də qarşılana bilər”, — deyə sosioloq qeyd edib.
Tədqiqatçı vurğulayıb ki, bu cür qısa ünsiyyətlər tənhalığı birbaşa aradan qaldırmasa da, ətrafdakılarla sosial bağların formalaşmasına zəmin yaradır.