"Günah onlardadır, camaatı incidirlər" - şöbə rəisindən izdiham açıqlaması
"Məktəbli formalarına görə izdiham olmasının günahı bizdə deyil".
Bu sözləri açıqlamasında Bakı Tikiş Evinin (BTE) Satış şöbəsinin rəisi Etibar Əzimov deyib. O, BTE-nin qarşısındakı sıxlıqdan danışarkən deyib ki, fabrik təkbaşına bütün tələbatı ödəyə bilmir:
“Bunun günahı bizdə deyil. Biz tikirik. Bəs niyə başqaları da tikmir? Bu, özəl müsəssisədir. Əlimizdən nə gəlir, onu edirik. Gündə 1200-1500 forma tikirik, satışa veririk. Amma azdır, çatmır, qıtdır onun günahı bizdə deyil. Bakı şəhəri üzrə təhsil idarəsi niyə fabriklərlə iş aparmır? Bizim nə müqaviləmiz var, nə gəlib bizimlə söhbət edən olub.
Məktəbli formalarının rəngi ilə bağlı da bizə müraciət edən olmayıb. Biz 4 rəngdən ikisini seçmişik tikirik, amma çatmır. Bizim əsas işimiz ordunun, polisin paltarlarıdır. Biz onu qoyub bütün qüvvəmizi məktəbli formasına verə bilmirik. Əsgər də, polis də forma geyinməlidir. Onlar ölkəmizi müdafiə edirlər. Ona görə də biz bu işdə məsul deyilik. Biz nə edək? Hamının yerinə biz işləməliyik? İlboyu da bunu edəcəyik”.
E.Əzimov deyib ki, ajiotajın yaranmasının əsas səbəbkarı məktəb direktorlarıdır:
“Niyə bu məktəb direktorları deyir ki, 1-ci sinifdən 11-ci sinfədək hamı geyinməlidir. Qərar 1-4-cü siniflərə aiddir.
Bəs niyə hamını bura göndərirlər? Məktəb direktorları nə üçün camaatı incidir? Niyə bütün siniflər məktəbli forması almağa məcbur edilir? Yuxarı siniflər üçün məktəbli forması tikilmir. 1 milyon şagird var. Hamını birdən geyindirmək olmaz. BTE necə təkcə çatdırsın? Bütün ajiotajın səbəbi məktəb direktorları, bir də təhsil işinə məsul şəxslərdir. Heç bir sənaye müsəssisəsi ilə iş aparılmır. Biz də bankdan kredit götürüb işləyən özəl müəssisəyik. Bizə nə aşağı faizlə kredit verən var, nə köməklik edən, nə bir çətinliyimizi soruşan var. Nə edirik edirik, amma hamı da gəlib deyir ki, burada niyə sıxlıqdır. Dərslərin başlamasına 3 gün qalıb. Sıxlıq olaması normaldır”,- deyə o əlavə edib.
olke.az