📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Günahsız yerə həbs olan hərbçi ölkə başçısına müraciət etdi

2022-02-01 13:02:00

Günahsız yerə həbs olan hərbçi ölkə başçısına müraciət etdi

Yasamal rayonunda kirayədə yaşayan Lalə Norvuz qız Saruxanova atası Müslümov Novruz Suliddin oğlunun günahsız həbs olunduğunu deyir.  “Hürriyyət”ə müraciət edən şikayətçi bildirir ki, atası hərbçi olub. Lalə Saruxanova atasının rüşvət aldığını iddia edən şəxslərin 2012-ci ildə hərbi xidmətdə olduğunu deyir. Araşdırma isə 2014-cü ildə başlayıb. L. Saruxanova atasının ölkə başçısına olan müraciətinin saytımızda yayımlanmasını xahiş edib:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, 8 fevral 1970-ci il doğum tarixli, 28 noyabr 2014-cü ildə Tərtər Hərbi Məhkəməsinin hökmü ilə AR CM-nin 311.3.2, 331.3 və 341.1-ci maddələri ilə təqsirli bilinib, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən qəti 10 il müddətinə, daha sonra Nərimanov rayon məhkəməsinin qərarı ilə cəzası 8 ilə endirilən məhkum Müslümov Novruz Suliddin oğlu tərəfindən

Mən məhkum olunmamışdan öncə gizir rütbəsi ilə 23 il qüsursuz hərbi xidmət etmişəm. Hətta 20 ildən çox qüsursuz xidmətimə görə, Cənab Ali Baş Komandan tərəfindən mənə mənzil verilib. Əvvəlcə Zaqatala hərbi qarnizonunda hərbi polisdə işləmişəm. Daha sonra Bakıya işləməyə göndərildim. Azərbaycan Ordusunda baş gizir rütbəsində olmuşam. Ancaq Bakıya göndəriləndən sonra Zaqatala hərbi hissəsində problemlər yaranıbmış və problemlərdən sonra orada olan hərbi xidməti bitirib getmiş əsgərləri geri gətirərək, mənə qarşı qoydular. Guya onlardan rüşvət alıb, işgəncə vermişəm. Bu cür faktlarla məni həbs etdilər. Daha sonra məhkəmə keçirildi. Məhkəmədə heç bir sübut olunmadı, əsgərlər gəlmədi. Tərtər Məhkəməsi 3 maddə ilə (311.3.2, 331.3 və 341.1) məni təqsirləndirib, 10 il iş veriblər, rütbəmi də alıblar. Hətta mənə xidmətlərimə görə mənzil verilməli idi. Mənzil verilməli olan hərbçilərin siyahısında adım olub. 28 noyabr 2014-cü ildən həbsdəyəm. Mənə də maraqlıdır ki, sübut olmadığı halda niyə həbs edilmişəm?…

Cənab prezident, bir hərbçi kimi Sizə müarciət edirəm. Mən 20 ildən artıq vətənimiz, dövlətimiz üçün qüsursuz xidmət etmişəm və dəfələrlə mükafatlar almışam. Mən çox istəyərdim ki, mənə qarşı olan bu haqsızlıq, ədalətsizlik aradan qaldırılsın. Dəfələrlə Sizə müraciət etmişik. Çox təəssüflər olsun ki, həmin məlumatlar Sizə çatdırılmayıb. Hazırda ailəm çarəsiz vəziyyətə kirayədə yaşayır. Özüm də şəkər xəstəsiyəm. Getdikcə də səhhətimdə problemlər əmələ gəlir. Artıq cəzam bu ilin 28 noyabr tarixində sona yetir.

Cənab Prezident “Qüsursuz xidmətə görə” 1-ci 2-ci və 3-cü dərəcəli medallar, Azərbaycan Respublikası Silahlı Qüvvələrin 90 illiyi yubiley medalları, fəxri fərmanlar və təşəkkürnamələrlə təltif edilmişəm.

Cəza çəkdiyim müddətdə mənim həyata baxışlarım dəyişdi və başa düşdüm ki, həyatda azadlıqdan, sağlamlıqdan və yaxınlarımdan vacib heçnə yoxdur. Bütün yazılanları nəzərə alaraq xahiş edirəm ki, məni azadlıqdan məhrum etmə cəzasının qalan hissəsini çəkməkdən azad edəsiniz”.

YƏHYA