Gündə 1000 yaralı hərbçi - Almaniya böyük müharibəyə HAZIRLAŞIR
Almaniya hökuməti xəstəxanaların və tibbi infrastrukturun hərbi münaqişələrə, PUA hücumlarına və kütləvi itkilərə hazırlıq səviyyəsini yoxlayır.
Hurriyyet.media xəbər verir ki, "Bloomberg" agentliyi buna misal olaraq Ulm şəhərindəki xəstəxananı göstərir.
Bu tibb müəssisəsinin altında 1979-cu ildə inşa edilmiş yeraltı kompleks yerləşir. 2 min nəfər üçün nəzərdə tutulan bu obyekt 90 günə qədər tam müstəqil (avtonom) fəaliyyət göstərmək gücündədir. Hətta nüvə zərbəsi zamanı yaralılara yardım etmək üçün nəzərdə tutulan bu sığınacağın bərpası imkanları hazırda Almaniya hərbçiləri tərəfindən araşdırılır.
Rəsmi Berlin müharibə ehtimalı qarşısında səhiyyə sisteminin ümumi imkanlarını da qiymətləndirir. Müdafiə naziri Boris Pistorius Rusiyanın 2029-cu ilə qədər NATO-ya hücum edə biləcəyini bəyan edib.
Bundesverin məlumatına görə, münaqişə başlayacağı təqdirdə Almaniya xəstəxanalarına hər gün 1000-ə qədər yaralı hərbçi daxil ola bilər. Ölkədəki beş hərbi hospitalın belə bir vəziyyətdə sürətlə maksimum yük həddinə çatacağı, bundan sonra mülki xəstəxanaların da prosesə cəlb ediləcəyi bildirilir.