📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Gürcü arzusu" ABŞ-ı ölkə siyasətinə müdaxilədə ittiham edib

2024-06-14 16:15:00

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Gürcüstan hakimiyyəti ABŞ-ı ölkə siyasətinə müdaxilədə ittiham edib.

Gürcüstanın parlament əksəriyyəti bəyanat verərək, ABŞ-ı müxalifət qüvvələrinə yardım göstərməkdə və seçkiqabağı kampaniyaya müdaxilədə ittiham edib.

Hakim "Gürcü arzusu" partiyasından olan deputat İrakli Kadaqişvili Amerika təşkilatlarının ölkənin radikal müxalifətinə vəsait ödədiyini söyləyib: "Bu, seçkiqabağı kampaniyanın maliyyələşdirilməsinin kobud şəkildə qablaşdırılmasıdır. NDI, IRI, yaxud başqa bir təşkilat hansısa bir partiya tədbirini maliyyələşdirirsə, bu, yalnız partiyadaxili treninqlər olmalıdır. Bu gün bizim Gürcüstanda necə deyərlər, belə bir simbioz mövcuddur" ( simbioz - bioloji termindir, iki orqanizmin bir-birindən istifadə edərək müştərək yaşaması deməkdir - red.).

Məlumata görə, NDI şirkəti və Böyük Britaniya hakimiyyəti müxalifətdən olan deputatların respublika əhalisi ilə görüşlərinin keçirilməsinə sponsorluq etməyi planlaşdırır. Həmin görüşlərdə parlamentin qəbul elədiyi "xarici təsirin şəffaflığı" qanununun əleyhinə və müxalifətin lehinə təbliğat aparılacağı deyilir.

Hürr Tərcüman