Gürcüstan müxalifəti Rusiyadan gələn uçuşlara qarşı..
Bu gün, mayın 19-da Tiflisdə Rustaveli adına hava limanına toplaşan 200-ə yaxın insan Rusiya ilə mayın 15-dən uçuşların bərpasına etiraz edib. Onlar son 4 ildə Moskvadan Tiflisə ilk birbaşa reyslə gələn sərnişinlərdən narazılıqlarını bildiriblər.
Hadisəyə Gürcüstandakı müxalifət partiyaları da reaksiya verib. “Vahid Milli Hərəkat Partiyası” vətəndaşları bu gün, mayın 19-da saat 19:00-da Tbilisidə parlament binası qarşısında “Rusiya hökumətinə yox, qatil Putinə yox, bizim seçimimiz Avropadır” şüarları ilə etiraz aksiyasına çıxmağa çağırıb. Partiya sədri Xabeişvili deyib: “Ölkəmizin dövlətçiliyi ilə maraqlanan hər kəs bütün dünya qarşısında bəyan etməlidir ki, biz ölkəmizin ruslaşdırılmasına və Gürcüstandakı Putin rejiminə dözməyəcəyik”.
“Gürcüstan naminə Lelo” partiyasının liderlərindən biri Xazaradze Facebook hesabında “Oyan, Gürcüstan! Oyanmaq vaxtıdır! Gürcüstanın sakit ilhaqı gedir, ilhaq yalnız tank deyil. Rusiya vətəndaşları üçün təcili olaraq viza rejimi tətbiq edilməlidir! Belə davam edərsə, biz gürcülərsiz Gürcüstan qazanacağıq!”, deyə yazıb.
Ülviyyə, Hurriyyet.az