📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstan Rusiyaya qarşı sanksiyalara niyə qoşulmadı?

2022-03-01 12:13:00

Gürcüstan Rusiyaya qarşı sanksiyalara niyə qoşulmadı?

Şahin Cəfərli: “Gürcüstan sanksiyalara qoşularsa, birbaşa özü zərər görəcək”

 

Turan Rzayev: “Hesab edirəm ki, rəsmi Tiflisin bu davranışı anlaşılandır…”

 

Xəbər verildiyi kimi, fevralın 24-də Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlanılıb. Artıq dünyanın bir sıra dövlətləri Ukraynaya dəstəyini ifadə edib. Maraqlıdır ki, Gürcüstan hakimyyəti Putin Rusiyasına qarşı iqtisadi və siyasi cəbhədə yer almayıb. “Gürcüstan Qərbin Rusiya Federasiyasına qarşı maliyyə sanksiyalarına qoşularsa, ölkənin şərabçıları, fermerləri, turizm zərər görəcək. Bu, milli maraqlara ziyan vuracaq”, - deyə Gürcüstanın baş naziri İrakli Qaribaşvili deyib.

 

Politoloq Şahin Cəfərli hesab edir ki, Gürcüstan Rusiyaya sanksiya tətbiq edərsə, iqtisadi cəhətdən çökə bilər:

                                                   Нет описания. 

"Əslində, Gürcüstan Ukraynaya siyasi səviyyədə dəstək verib. Yəni bu məsələdə açıq şəkildə mövqeyini ortaya qoyub və Rusiyanın hücumlarını pisləyib. Eyni zamanda, Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə dəstək verib. Amma Gürcüstanın konkret iqtisadi sanksiya məsələsində əhəmiyyəti yoxdur. Əgər edərsə, birbaşa özü zərər görəcək. Çünki Gürcüstana gələn xarici turistlərin önəmli bir hissəsini rusiyalı turistlər təşkil edir. Həmçinin, Gürcüstanın ixracatında Rusiyanın mühüm payı var. Konkret olaraq bura şərab məhsulları və mineral suların ixracatı daxildir. Bu baxımdan, Rusiya Gürcüstan üçün önəmli bazardır. Belə bir şəraitdə Gürcüstan Rusiyaya sanksiya tətbiq edərsə, Rusiya da əks addımlarını ata bilər. Ən azından Gürcüstandan idxalı dayandıra bilər. Bu isə Gürcüstan iqtisadiyyatına mənfi təsir göstərəcək. Nəticədə daxildə iqtisadi vəziyyətin daha da pisləşməsinə səbəb olacaq. Bu da hökümətin reytinqini sual altında düşürə bilər. Gürcüstanın indiki höküməti çalışır ki, Rusiya ilə münasibətlərdə ehtiyyatlı davranış nümayiş etdirsin. Əslində, İvanişvilini Rusiyayönümlü siyasətçi kimi qiymətləndirmək olar. Gürcüstan avroatlantik siyasətini davam etdirməklə bərabər, Rusiya ilə də münasibətləri stabil saxlamağa nail olub. Hazırda Gürcüstan balansın pozulmasını istəmir. Ona görə də riskli addımlardan çəkinir".

 

Politoloq Turan Rzayev hesab edir ki, Gürcüstan Ukrayna-Rusiya müharibəsində “balanslaşdırılmış” siyasət yeridir:

                                                                  

"Rusiya-Ukrayna müharibəsi region ölkələri tərəfindən də yaxından izlənilir. Heç bir ölkə yanlış qərar verib, Kremlin qəzəbinə tuş gəlmək istəmir. Gürcüstan da belə ölkələrdəndir. Rəsmi Tiflisin hər nə qədər Kremllə münasibətləri pis olsa da, 2008-ci il müharibəsinin təsiri bu ölkədə hələ də hiss edilir. Hesab edirəm ki, Gürcüstan da mövcud Ukrayna-Rusiya müharibəsində Azərbaycan kimi balanslaşdırılmış siyasət yeridir. Misal üçün rəsmi Tiflis Avropa ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyalara qoşulmur. Digər tərəfdən, isə Ukraynaya dəstəyini əsirgəmir. Misal üçün Gürcüstan Prezidenti Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili və parlamentin spikeri Şalva Papuaşvili Rusiyanın Ukraynaya müdaxiləsinə münasibət bildirib. Baş nazir İrakli Qaribaşvili isə öz tvitində suveren ölkəyə hərbi hücumun qəbuledilməz olduğunu bildirib. Bundan başqa, Gürcüstanın Dövlət Ehtiyat Fondundan Ukraynadakı vəziyyətlə bağlı zərər çəkən əhaliyə yardım məqsədilə 1 milyon lari (320 min ABŞ dolları) həcmində vəsait ayrılıb. Yəni, göründüyü kimi, Gürcüstan Qərbin sanksiyalarına qoşulmasa da Ukraynaya dəstəyini də əsirgəmir".

 

Politoloq onu da əlavə edib ki, Gürcüstan Qərbin sanksiyasına qoşulması onun üçün heç bir müsbət şey vəd etmir. O, bunu gürcü milyarderləri və siyasətçilərinin valyuta ehtiyatlarının Rusiya banklarında olması əlaqələndirib: "Hesab edirəm ki, rəsmi Tiflisin bu davranışı anlaşılandır. Məsələ ondadır ki, təkcə Gürcüstan yox, bir çox postsovet ölkəsinin Qərbin sanksiyasına qoşulmamasının konkret səbəbləri var. Birincisi, Gürcüstan başda olmaqla, digər postsovet ölkələrinin Rusiya ilə iqtisadi maraqları var. Qərbin sanksiyalarına qoşulmaq bu maraqları zədələyə bilər. İkincisi, Rusiyanın Ukraynaya müdaxiləsi hər nə qədər istənilən kimi olmasa da fakt Kreml bunu etdi və nə qədər ciddi olduğunu göstərdi. Düzdür, Rusiyanın bu addımı ona baha başa gəlsə də, Gürcüstan kimi ölkələr bu hücumun onlara da olmaması üçün balans siyasəti yeridir. Digər tərəfdən, Gürcüstan Qərbin sanksiyasına qoşulması onun üçün heç bir müsbət şey vəd etmir.

 

Üçüncüsü, bu gün bir çox gürcü milyarderlərin, eyni zamanda siyasətçinin valyuta ehtiyatları Rusiya banklarındadır. Mümkündür ki, bu fakt da rəsmi Tiflisin Moskvaya qarşı sanksiyalara qoşulmamasını əsaslandırır".

 

YƏHYA