Gürcüstan Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Saakaşvilinin məhkəməsində ifadə verməkdən imtina etdi
Gürcüstanın Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Mixail Saakaşvilinin məhkəməsində dövlət əmlakının mənimsənilməsi işi üzrə ifadə verməkdən imtina edib. Bu iş üzrə təqsirləndirilən şəxslər Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili və Çubinidzenin sələfi Temur Canaşiyadır.
Çubinidzeni müdafiə tərəfi şahid qismində çağırıb. Çubinidze bunu belə əsaslandırıb ki, o, 2013-cü ilin fevralından Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbəri vəzifəsində işləyir, Saakaşvili-Canaşiyaya qarşı ittihamlar isə 2009-2013-cü illər dövrünə aiddir.
“Düşünürəm ki, müttəhimin özü və vəkilləri daha səriştəlidir və bu vəsaitlərin nə üçün və hansı məqsədlə xərcləndiyi barədə daha yaxşı məlumatlıdırlar. Beləliklə, təsdiq etməliyəm ki, 2009-2013-cü ilə qədər mənim bununla heç bir əlaqəm olmayıb və yoxdur. Həmçinin də hamıya aydın olmasını istəyirəm ki, mənim artıq xidmət rəisi olduğum 2013-cü il dövrü ilə bağlı Baş Prokurorluqda araşdırma aparılır. Vəsaitlərin Mixail Saakaşvilinin xeyrinə xərclənməsinin qanuniliyi ilə bağlı araşdırma aparılır. Mənim bu gün baxılan ittiham epizodu ilə heç bir əlaqəm yoxdur. Buna uyğun olaraq, bu gün söylədiyim hər hansı bir söz, ifadə və sabit mövqe gələcəkdə mənə qarşı işlədiləcək şəkildə şərh edilə bilər. Bununla bağlı bildirmək istəyirəm ki, mənə məhkəmədə ifadə verməkdən imtina etmək imkanı verən Cinayət Prosessual Məcəlləsinin 15-ci maddəsindən istifadə etmək istərdim”, deyə Çubinidze bildirib.
Anzor Çubinidzenin açıqlaması Saakaşvilinin mənfi reaksiyasına səbəb olub və siyasətçi onu “İvanişvilinin nökəri” və “vicdansız” adam adlandırıb.
“Beş əsr keçsə də, deyəcəm ki, Anzor Çubinidze həmkarını xilas etməkdən imtina edib”, deyə Saakaşvili bildirib və bundan sonra məhkəmə zalını tərk edib.
Ülviyyə, Hurriyyet.az