📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstanda eks-arvadını 25 min dollara öldürtmək istəyən azərbaycanlı saxlanılıb

2026-11-17 14:55:22

Gürcüstanda eks-arvadını 25 min dollara öldürtmək istəyən azərbaycanlı saxlanılıb

Gürcüstanın Qardabani bələdiyyəsində keçmiş həyat yoldaşını sifarişlə öldürməyi planlaşdıran şəxs saxlanılıb.

Hurriyyet.net  “Report”a istinadən xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi açıqlayıb.

Bildirilib ki, Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində bir nəfəri saxlayıblar.

İstintaqla müəyyən edilib ki, şübhəli şəxs boşandıqdan sonra qısqanclıq zəminində yaranan münaqişə səbəbindən keçmiş həyat yoldaşını öldürtmək qərarına gəlib. O, tanışına müraciət edərək 25 min ABŞ dolları müqabilində qatil tapmasını istəyib.

Məhkəmə qərarı əsasında keçirilən gizli istintaq tədbirləri zamanı şübhəlinin cinayətin keçmiş həyat yoldaşının 3 azyaşlı övladının anasının yanında olmadığı vaxt törədilməsini tələb etdiyi müəyyən olunub.

Axtarış zamanı saxlanılan şəxsin yaşadığı evdən müxtəlif növ odlu silahlar, döyüş sursatları və tanışı ilə əlaqə saxladığı mobil telefon maddi sübut kimi götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 18-109-cu maddəsi ilə istintaq aparılır. Həmin maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Qeyd edilib ki, sosial şəbəkələrdə saxlanılan şəxsin əslən azərbaycanlı Rəfi Orucov olmasına dair iddialar yayılıb.