📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Gürcüstanda kiçik-mikro sahibkarlar 1 faiz vergi verir, bizdə isə 20 faiz tələb edirlər" - NATİQ CƏFƏRLİ

2024-01-16 12:32:45

"Eyni candan-qandan olan soydaşlarımız nədən Gürcüstanda ciddi uğur qazanıb qoyunçuluğu, maldarlığı inkişaf etdirə bilirlər, Azərbaycanda isə yox?!"

"Məmləkətimizdə tarixən heyvandarlıq, qoyunçuluq ənənəsi olub, insanımız bu işi bacarıb, amma hökumətin bacarıqsız və məntiqsiz siyasəti nəticəsində bu sahədə də ciddi problemlər var, hətta getdikcə idxaldan daha çox asılı vəziyyətə düşürük. 2022-ci ildə ölkəmizə 194 min 562 baş diri qoyun idxal olunub, bunun 90,4%-i Gürcüstandan gətirilib. 2023-cü ilin ilk 10 ayında isə artıq məmləkətə 312 min 933 baş diri qoyun idxal olunub, yəni, 10 aya 2022-ci ildən az qala 2 dəfə çox idxal olub ki, bunun da 214 min 191 baş diri qoyun Gürcüstandan gətirilib". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

Natiq Cəfərli bildirib ki, Gürcüstanda bu işlə məşğul olanlar, əsasən, soydaşlarımız, Gürcüstan türkləridir: "Tək bizə yox, Türkiyəyə də böyük həcmdə ət ixrac edirlər. Yaxşı, eyni candan-qandan olan soydaşlarımız nədən Gürcüstanda ciddi uğur qazanıb qoyunçuluğu, maldarlığı inkişaf etdirə bilirlər, Azərbaycanda isə yox?! Çünki ciddi sistem fərqi var, Gürcüstanda kiçik-mikro sahibkarlar 1% vergi verir, bizdə 20% tələb edirlər, Gürcüstanda aqrar sektorla tək hökumət deyil, seçilmiş yerli özünüidarə institutları, bələdiyyələr, mer institutları məşğul olur. Gürcüstanda aqrar sektora, bölgələrdə fermerlərə verilən kredit faizləri Tiflisdən 30-40% aşağıdır, bəzi proqramlara görə faizsizdir, bizdə isə regionlarda kredit faizləri Bakıdan 2 dəfə artıqdır. Sonra da məmurlar çıxıb deyirlər ki, quzu əti 20 manat işbazlara görə olub, işbaz əla sözdü, işini sevən deməkdir, pulbaz məmurdan 1000 dəfə yaxşıdır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az