📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstanda matəm elan olundu, həlak olanlar arasında azərbaycanlı da var

2023-08-07 15:20:00

Gürcüstanda matəm elan olundu, həlak olanlar arasında azərbaycanlı da var

Hurriyyet.az xəbər verir ki, bu gün Gürcüstanda matəm günüdür, ötən həftə Raça rayonunun dağlarındakı Şovi kurortunda baş vermiş irimiqyaslı sürüşmə qurbanlarının xatirəsi yad edilir. Təbii fəlakət nəticəsində 18 nəfər həlak olub, daha 18 nəfər isə (onlardan 7 nəfəri uşaqdır) itkin düşüb. Həlak olanlar arasında Rustavi sakini, milliyyətcə azərbaycanlı olan 18 yaşlı Samirə İsayeva da var.

Şovi kurortu yer üzündən silinib. Kurorta aparan körpülər məhv olub, avtomobil yolu keçirlməz vəziyyətdədir.

Mütəxəssislərin rəyinə görə, sürüşmə bir neçə faktorun birləşməsi nəticəsində baş verib: əvvəlki həftələrdə yağan leysanlardan sonra dağ buzlaqlarının əriməsini qızmar istilər daha da gücləndirib, torpağın eroziyası güclənib, böyük yüksəkliklərdən daşların tökülməsi domino effekti yaradıb. Nəticədə 5 milyon kub torpaq kurort ərazisinə çöküb.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili avqustun 7-ni matəm günü elan edib. Respublika ərazisində bayraqlar endirilib.

İtkin düşənlərin axtarışına 600 nəfər xilasedici, 180 maşın və sərhədçilərin vertolyotları cəlb olunub.

Hürr Tərcüman