📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstanda Prezident müxalifətdən dəstək istədi –hökumət Zurabişvilinin istefası üçün çalışır

2023-10-17 08:50:49

Gürcüstanda Prezident müxalifətdən dəstək istədi –hökumət Zurabişvilinin istefası üçün çalışır

Zuravishvili: “Gürcüstanda Prezident institutundan savayı, bir dənə də olsun, müstəqil institut qalmayıb”

“Müxalifətdən olan deputatlara məsləhət görərdim ki, impiçmentlə bağlı səsvermədə iştirak etməsinlər”

Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Gürcüstan Prezidenti Salome Zurabişvili Konstitusiya Məhkəməsinin 16 oktyabr tarixli qərarından sonra istefa vermək niyyətində olmadığını bildirib. Məhkəmə onun ölkə Konstitusiyasını pozduğu barəsində qərar qəbul edib və bununla da impiçment prosesinin başlanmasına rəvac verib.

Zurabişvili jurnalistlərə açıqlamasında deyib: “Mən heç yerə getmirəm. Harada idimsə, orada da qalacağam”.

O, Konstitusiya Məhkəməsinin qərarının beynəlxalq arenada ölkəyə böyük zərər vuracağını qeyd edib: “Çünki Gürcüstanda Prezident institutundan savayı, bir dənə də olsun, müstəqil institut qalmayıb”.

Zurabişvili deyib: “Qoy heç kim ümidini itirməsin. Biz gələn il birlikdə ədalətli seçkilər keçirə bilərik.  Mən parlamentə də gedəcəyəm – orada Prezidentə qarşı impiçment prosesinə başlamaq niyyətindədirlər. Müxalifətdən olan deputatlara məsləhət görərdim ki, impiçmentlə bağlı səsvermədə iştirak etməsinlər”.

Gürcüstanın Konstitusiya Məhkəməsinin bazar ertəsi verdiyi qərara görə, dövlət başçısı Salome Zurabişvili Avropa ölkələrinin paytaxtlarına xarici səfərləri zamanı hökumətlə məsləhətləşmədiyi üçün Konstitusiyanı pozmuş hesab olunur.

Hakim “Gürcü arzusu” partiyasının lideri İrakli Kobaxidze Zurabişvilini məhkəmənin qərarından sonra könüllü şəkildə istefa verməyə çağırıb. O, jurnalistlərə bildirib ki, hakim partiya arıq bu həftə Prezidentin impiçmenti məsələsini parlamentdə qaldıracaq. Eyni zamanda əlavə edib ki, “Gürcü arzusu”nun səsvermədə üstünlük qazanmaq üçün yetərli sayda deputatları olmadığı üçün impiçment mümkün olmayacaq.

Hürr Tərcüman