📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstanda seçkilərin ikinci turundan gözlənilir?

2021-10-26 10:40:00

Gürcüstanda seçkilərin ikinci turundan gözlənilir?

Saakaşvili müxalifət partiyalarının dəstəyini ala bilməsə, vəziyyət hansı yöndə cərəyan edə bilər?

Qabil Hüseynli: “Müxalifət Saakaşviliyə dəstək verməsə də, əhalinin böyük bir hissəsi neytraldır…”

Natiq Cəfərli: “Gürcüstanın əsas şəhərlərində müxalifət partiyalarının qalib gəlməsi real görünür”

"Saakaşvilinin böyük fədakarlıq göstərərək ölkəyə gəlməsi və türməyə düşməsi, eyni zamanda bir-birinin ardınca çox diqqətçəkici bəyanatlar verməsi cəmiyyətdə rezonans doğurdu. Hətta siyasətə meylli olmayan adamların da qəlbinə işləyib"

 

"Düşünürəm ki, istənilən halda seçkilərdən sonra ən azı 6-7 şəhərdə müxalifət nümayəndələri qalib gələcəksə, bu Gürcüstan siyasətində eyni duruma səbəb ola bilər. Bu da nöbədənkənar parlament seçkilərinin keçirilmsəsi üçün hüquq və siyasi əsas yaradacaq"

 

Oktyabrın 30-da Gürcüstanda ölkənin beş ən böyük şəhərində bələdiyyə seçkilərinin ikinci turu keçiriləcək. Belə ki, Tiflis, Rustavi, Batumi, Zuqdidi və Kutaisidə təkrar seçkilər olacaq. Bütün hallarda mübarizə hakim “Gürcü Arzusu”nun namizədləri ilə ölkənin ən iri müxalifət partiyası olan “Vahid Milli Hərəkat” arasında davam edəcək. Bu seçkilərdə şəhər və rayon toplantılarının başçıları, habelə Tiflis də daxil olmaqla, 64 bələdiyyənin merləri seçilir.

Xatırladaq ki, oktyabrın 1-də baş tutan seçkilərdə paytaxt Tbilisi də daxil olmaqla 20 şəhər və 42 yerli majoritar dairədə namizədlər istənilən səs faizini toplaya bilməyiblər. Ona görə də bu dairələrdə səsvermənin ikinci turu təşkil olunacaq.

Maraqlıdır ki, birinci turda bəzi müxalifət partiyalarının dəstəyini ala bilməyən Saakaşvilinin partiyasi ikinci turda hansı gözləntilərlə üz-üzə qalacaq? Əgər ölkənin ən böyük müxalifət partiyası digər müxalifət partiyalarının dəstəyini ala bilməsə, vəziyyət hansı yöndə cərəyan edə bilər?

Politoloq Qabil Hüseynli "Hürriyyət"ə amıqlamasında dedi ki, siyasi proseslərin gedişi Saakaşvilinin Milli Hərəkat Partiyasının nümayəndələrinin daha böyük reytinqə malik olduğunu göstərir: "Həm Saakaşvilinin Milli Hərəkat Partiyasının böyük reytinq qazanması, həm də Saakaşvilinin həbsxanaya düşməsi seçicilərin əhval-ruhiyyəsində dəyişikliklərə səbəb ola bilər. Tiflis meriyasına keçirilən seçkilərdə Saakaşvilinin partiyası ilə şəhərin köhnə meri  arasında elə də böyük səs fərqi olmamışdır. Güman edirəm ki, digər müxalifət partiyaları, əhalinin passiv hissəsi, yəni qeyri-partiya mənsubiyyəti olan insanlar Saakaşvilinin partiyasına səs verə bilərlər. Seçkilərin nə dərəcədə şəffaf olacağını da bilmirəm. Gürcüstanda səsverənlərə pul paylanılması həmişə dəb halını alıb. İvanişvili ya kisəsinin ağzını açmağı, ya da yalandan vəd verməyi bacarır. Bir sözlə, bu seçki çox gərgin keçəcək. Hər halda indiki siyasi konyuktura və siyasi proseslərin gedişi Saakaşvilinin Milli Hərəkat Partiyasının nümayəndələrinin daha böyük reytinqə malik olduğunu göstərir".

İvanişvilinin bəzi müxalif partiyalarını öz tərəfinə çəkəcəyini deyən politoloq, qüvvələr arasında nisbətin qaçılmaz olduğunu vurğulayıb: "Əslində, müxalifət partiyaları müttəfiqdirlər. Əgər həqiqətən də müxalifətdirlərsə və ölkəni İvanişvilinin "Gürcü Arzusu" partiyasından yaxşı idarə edəcəklərini düşünürlərsə onlar bir-birinə dəstək verməlidirlər. Yalnız bu halda hansısa hədəfə çatmaq olar. Zənnimcə, müxalifətin böyük hissəsi Milli Hərəkat Partiyasına dəstək verir. Müəyyən partiyalar var ki, İvanişvili onları öz tərəfinə çəkə bilir. Yəni qüvvələr nisbətində dəyişiklik var. Amma dəyişiklik böyük deyil. Hər halda dəyişiklik Milli Hərəkat Partiyasının xeyrinədir. Burda ilk növbədə seçkilərə ciddi nəzarət lazımdır. Bu halda ortaya real nəticələr çıxa bilər. Müxalifət Saakaşviliyə dəstək verməsə də, əhalinin böyük bir hissəsi neytraldır. Nə o tərəfə, nə də bu tərəfə dəstək vermir. Amma Saakaşvilinin böyük fədakarlıq göstərərək ölkəyə gəlməsi və türməyə düşməsi, eyni zamanda bir-birinin ardınca çox diqqətçəkici bəyanatlar verməsi cəmiyyətdə rezonans doğurdu. Hətta siyasətə meylli olmayan adamların da qəlbinə işləyib. Görünür ki, proqnozlar Saakaşvilinin və onun tərəfdarlarının ikinci tur seçkilərində daha çox üstünlüyə malik olacaqları qənaətini verir".

Gürcüstanın əsas şəhərlərində müxalifət partiyalarının qalib gəlməsinin real göründüyünü deyən politoloq Natiq Cəfərli, bir müddətdən sonra erkən parlament seçkilərinin də qaçılmaz olacağını qeyd edib: "Əslində, seçkilərin maraqlı və gərgin keçəcəyi gözlənilir. Gürcüstanın ən böyük şəhərlərində seçkilər təyin edilib. Tiflis, Rustavi, Batumi, Zuqdidi və Kutaisidə təkrar seçkilər olacaq. Bunlar Gürcüstanın həlledici şəhərləridir. Müxalifətin kifayət qədər gücləndiyini də görürük. Çünki ilk turda ümumi müxalifətin aldığı səs, yəni Saakaşvilinin partiyasının aldığı səs 31 faiz civarındadır. Son sorğular göstərir ki, müxalifətin səsləri kifayət qədər çoxdur. Son hadisələrdən sonra artım var. Ona görə də 2-ci turun maraqlı olacağı gözlənilir. Bu baxımdan, Gürcüstanın əsas şəhərlərində müxalifət partiyalarının qalib gəlməsi real görünür. Əgər belə bir hadisə baş verəcəksə, bu bir müddətdən sonra erkən parlament seçkilərini qaçılmaz edəcək. Çünki yerli şəhərlərin merlərinin müxalifət nümayəndəsi olması və onların da səlahiyyətlərinin kifayət qədər ciddi olması hökümətlə daim toqquşmaya səbəb olacaq. Nəticədə, toqquşmaların səngiməsi və birgə normal fəaliyyət göstərmək üçün bir müddətdən sonra erkən növbədənkənar parlament seçkilərinin olması ehtimalı kifayət qədər yüksəkdir. Bu da Gürcüstan müxalifətinin qalib gəlməsindən aslıdır. Bir neçə şəhər ard-arda qalib gəlsə bir müddətdən sonra növbədənkənar parlament seçkiləri baş tutacaq. Bütün bunlar yəgin ki, gələn ilin ortalarına qədər baş verəcək".

 

Gürcüstanın pandemiyadan ən çox əziyyət çəkən ölkələrdən biri olduğunu deyən politoloq, baş verən iqtisadi çətinliklərin seçici kütləsində hökümət partiyasına olan inamına ciddi mənfi təsir göstərəcəyini bildirib:

"Görünür ki, Gürcüstanın ən böyük partiyası Saakaşvilinin özünün qurduğu partiyadır. Dediyim kimi seçkilərdə 30 faizdən yuxarı səs toplanmışdı. Düzdür ki, parlament seçkilərində aşağı səs toplamışdılar, amma Gürcüstan cəmiyyətində 25-30 faiz səsi potensialı olan partiyadır. Digər, kiçik partiyalar da var. Təqribən 3 faizlə 10 faiz arasında səs toplama potensialı olan partiyalar da var. Onların bir qismi Saakaşvilini dəstəkləyir, digər bir qismi isə dəstəkləməkdən imtina etdi. Bu da ondan xəbər verir ki, Gürcüstan müxalifətinin özünün içində də prinsiplərə və dəyərlərə görə bölgülər var. Toplum daha çox ideoloji olduğuna görə, mühafizəkarlarla liberalların fəaliyyət göstərməsi çox çətindir. Yəgin ki, Saakaşvilinin şəxsiyyətinə görə də imtina edənlər var. Amma, əsasən aparılan siyasətə, həm müxalifətin, həm də iqtidarın apardığı siyasətə və səsləndirdiyi fikirlərə etiraz əlaməti olaraq prosesə qoşulmadılar. Düşünürəm ki, istənilən halda seçkilərdən sonra ən azı 6-7 şəhərdə müxalifət nümayəndələri qalib gələcəksə, bu Gürcüstan siyasətində eyni duruma səbəb ola bilər. Bu da nöbədənkənar parlament seçkilərinin keçirilmsəsi üçün hüquq və siyasi əsas yaradacaq. Açığı desək, Saakaşvilinin öz partiyasının təkbaşına qalib olma şansı yoxdur. Gördüyüm qədəri ilə Gürcüstanda Saakşilinin gördüyü dəstək 30 faiz civarındadır. Bu baxımdan, təkbaşına hansısa bir formada qalib gəlmək şansı yoxdur. Digər partiyaların dəstəyi olmasa Saakaşvili partiyasının nümayəndələri 50 faizdən yuxarı səs toplaya bilməzlər. Bilirsiniz ki, ikinci turda hər şəhərdə  iki namizəd yarışır. Bu baxımdan, başqa partiyaların dəstək vermədiyi halda bəzi şəhərlərdə, eləcə də Tiflisin özün də problemlər yaşaya bilərlər. Çünki, Tiflisin indiki merinin də kifayət qədər ciddi nüfuzu var. Pandemiyadan ən çox əziyyət çəkən ölkələrdən biri də Gürcüstandır. Sosial vəziyyət ağırlaşıb, gəlirlər aşağı düşüb. Son bir ildə larinin dəyərdən düşməsi prosesi baş verib. Məhz, bu iqtisadi çətinliklər seçici kütləsinin hökümət partiyasına olan inamına ciddi mənfi təsir göstərib. Getdikcə daha çox Gürcüstan vətəndaşı indiki hakim partiyadan və onların apardığı siyasətdən narazılığını ifadə etməyə başlayıb. Ola bilər ki, səs verənlər Saakaşvilinin lehinə yox, hakim partiyanın əleyhinə səs vermək üçün Saakaşviliyə səs versinlər".

YƏHYA