📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Gürcüstanın Ermənistanla strateji tərəfdaşlığın mahiyyətini öyrənməyə ehtiyac var" - ELXAN ŞAHİNOĞLU

2024-03-13 15:27:06

"Ramil Usubovun Gürcüstana səfəri və Tiflisdə apardığı müzakirələr həm nəbz yoxlaması, həm də qonşu ölkəni yanlış addımdan çəkindirmək məqsədi daşıyır"

"Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun Gürcüstana səfəri iki ölkənin aidiyyəti orqanları arasında təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi ilə əlaqəli olsa da, rəsmi Bakının Tiflisin siyasətiylə bağlı bir neçə suala cavab axtarışı ilə də bağlıdır. Gürcüstan Azərbaycanın strateji müttəfiqi olmaqla yanaşı, bir müddət əvvəl Ermənistanla strateji tərəfdaşlıq barədə saziş imzalayıb. Bu Gürcüstanın hüququdur, qonşu dövlətlərlə sıx əlaqələrə malik olmaq istəyir". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq qeyd edib ki, buna baxmayaraq, Gürcüstanın Ermənistanla strateji tərəfdaşlığın mahiyyətini öyrənməyə ehtiyac var: "Misal üçün erməni rəsmilər Gürcüstanla hərbi-texniki əlaqələrin inkişafı vacibliyi barədə açıqlamalar səsləndiriblər. Bu nə deməkdir? Axı, Gürcüstan hərbi sahədə NATO ilə əməkdaşlığa, o cümlədən Azərbaycan və Türkiyə ilə üçlü ittifaq çərçivəsində əlaqələrə üstünlük verir. Doğrudur, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməyə hazırlaşır və bu hardasa Gürcüstanın da maraqlarına cavab verir. Ancaq bu hələ baş verməyib və Gürcüstan ərazilərini işğal edən Rusiyanın Ermənistanda hərbi baza varlığını davam etdirir".

Elxan Şahinoğlu əlavə edib ki, Azərbaycan cəmiyyətində müzakirə edilən digər sual rəsmi Tiflisin Fransanın növbəti hərbi texnikasının Gürcüstan ərazisindən daşınmasına şərait yaradıb-yaratmayacağıyla bağlıdır: "Tiflis bu dəfə də Fransa hərbi texnikasının Gürcüstan ərazisindən daşınmasına şərait yaratsa, bu Azərbaycan cəmiyyətində yeni suallar yaradacaq. Bu səbəbdən Ramil Usubovun Gürcüstana səfəri və Tiflisdə apardığı müzakirələr həm nəbz yoxlaması, həm də qonşu ölkəni yanlış addımdan çəkindirmək məqsədi daşıyır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az