📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstanın Qarabağ məsələsində vasitəçiliyi nə vəd edir?

2021-10-12 13:26:00

Gürcüstanın Qarabağ məsələsində vasitəçiliyi nə vəd edir?

"Maraqların kəskin toqquşması səbəbindən Gürcüstanın başlatdığı cəhdlər reallaşmamış da qala bilər"

Məhəmməd Əsədullazadə: "Əgər Rusiya Zəngəzur dəhlizi və 10 noyabr razılaşmasının həyata keçirilməsini reallaşdırmasa, onda Gürcüstan prosesdə akivləşəcək"

Mübariz Göyüşlü: "Prosesin uğurlu inkişafı "Qafqaz Evi" ideyasının dirçəlməsi və tərəflərin bu çətir altında birləşməsini də mümkün edə bilər"

İlyas Hüseynov: "Azərbaycan və Ermənistan Gürcüstanı dialoq platformasına çevirə bilsə, bu, problemli məsələlərlə bağlı nəticələrin daha tez əldə olunmasına imkan verə bilər"

Bugünlərdə Gürcüstanın baş naziri İrakli Qaribaşvili Ermənistana səfər edib. O, səfər çərçivəsində Nikol Paşinyanla görüşüb və tərəflər Qaribaşvilinin "Cənubi Qafqazda sülh qonşuluğu təşəbbüsü"nü müzakirə ediblər. Görüşdə vurğulanıb ki, yeni sülh formatı yaxşı qonşuluq imkanları yaradacaq və ona beynəlxalq partnyorlar qoşulacaq. Qaribaşvili həmçinin, regionda sülh və stabillik üçün Gürcüstanın vasitəçiliyə hazır olduğunu da qeyd edib.

Bu arada, Gürcüstanın xarici işlər nazirinin birinci müavini Laşa Darsalia isə APA-nın yerli bürosuna açıqlamasında ölkəsi üçün regional əməkdaşlığı dəstəkləmək və buna vasitəçilik etməyin vacib olduğunu deyib. Onun sözlərinə görə, bu, klassik vasitəçilik səyləri deyil. Darsalia əlavə edib ki, vasitəçilik deyərkən nəzərdə tutulan bütün regionun gələcəyi üçün birgə baxışın inkişaf etdirilməsi məqsədi ilə baza və platformanın yaradılmasıdır ki, bu da çox vacibdir: "Eyni zamanda bu, o deməkdir ki, biz danışıqlar üçün mövcud platformalara paralel nəsə təklif etmirik. Əgər əməkdaşlığa ehtiyac varsa, əgər ölkələr təkcə ikitərəfli deyil, çoxtərəfli əməkdaşlığa ehtiyac duyursa, biz buradayıq və elan etdiyimiz platforma çərçivəsində bu fürsəti təklif edirik".

"Moskva öz iradəsindən kənar Bakı və İrəvan arasında birbaşa təması, Gürcüstanın vasitəçiliyini qəbul etmir" 

Beləliklə, mövzu ilə bağlı fikirlərini "Hürriyyət"lə bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə ilk öncə, oktyabrın 12-də Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutacaq görüşə dair mövqeyini bildirdi. Politoloq hesab edir ki, Azərbaycan prezidenti İlham Əliyevlə Nikol Paşinyanın görüşündən əvvəl Vladimir Putinin erməni baş naziri dəvət etməsi onun narahatlığından irəli gəlir: "Çünki ABŞ və Avropanın dəstəyi ilə Gürcüstan Azərbaycan və Ermənistan arasında vasitəçilik edərək, hər iki liderin görüşünün keçirilməsini razılaşdırıb. Moskva isə öz iradəsindən kənar Bakı və İrəvan arasında birbaşa təması, Gürcüstanın vasitəçiliyini qəbul etmir. Ona görə də çalışır ki, belə bir təmaslar baş tutmasın. Qeyd edim ki, Paşinyanla Putin görüşündən əvvəl Ermənistanın müdafiə naziri Arşakyanın Moskvaya səfər etməsi, tərəflər arasında silah sövdələşməsinin olacağı istisna deyil. Rusiya Ermənistana silah verməklə onu öz orbitində saxlamağa çalışır".

Milli Cəbhə Partiyasının sədr müavini qeyd edib ki, buna baxmayaraq, erməni baş nazir Azərbaycanla ikitərəfli siyasi əlaqələrin qurulmasında maraqlıdır: "Ümumiyyətlə, bu görüşdə konkret olaraq Rusiya tərəfinin vasitəçiliyi aktivləşəcək və burada əsas məqsəd Qərbin aktivliyinin qarşısını almaqdır. Qeyd edim ki, Azərbaycan tərəfi məhz Rusiyanın öhdəlikləri yerinə yetirməməsinə görə Qərbin vasitəçiliyi ilə təmaslara gedir. Odur ki, əgər Rusiya Zəngəzur dəhlizi və 10 noyabr razılaşmasının həyata keçirilməsini reallaşdırmasa, onda Gürcüstan prosesdə akivləşəcək. Bu isə Rusiyanın imicinə ciddi zərbədir". Politoloqun sözlərinə görə, proseslər onu göstərir ki, prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü labüddür: "Belə olan təqdirdə Rusiya da öhdəliklərin icrasının yerinə yetirilməsinə məcbur olacaq. Çünki Azərbaycan israrla bunu tələb edir və alternativlər həyata keçirməklə Rusiyanı neytrallaşdıra bilər".

"Bunların nə dərəcədə real olacağı Gürcüstanın "sülh quşu" missiyasını uğurlu şəkildə apara bilməsindən, Ermənistanın konstruktiv yanaşma sərgiləməsindən çox asılıdır" 

Azərbaycan Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, siyasi şərhçi Mübariz Göyüşlü isə bildirib ki, Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşması üçün hər iki dövlətlə yanaşı, qonşu və tərəfdaş ölkələr, beynəlxalq təşkilatlar da cəhd göstərməkdədir: "Fəallığını ötən hər dönəmdə daha da artıran dövlətlərdən biri də qonşu Gürcüstandır. Rəsmi Tiflis Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün ciddi səy göstərməkdədir. Hətta Gürcüstan Ermənistanla Türkiyə arasındakı münasibətləri də normallaşdırmaq üçün cəhdlər göstərir. Nəticənin necə olacağından asılı olmayaraq, bütün bu fəaliyyətləri ancaq təqdir etmək olar. Gürcüstanın baş naziri İrakli Qaribaşvili Ermənistanda səfər edib. 29 sentyabrda Azərbaycana səfərə gələn, prezident İlham Əliyevlə görüşən, müzakirələr aparan gürcü baş nazirin Ermənistan səfəri diqqəti cəlb edir. İlk olaraq Bakıya səfər edərək əvvəlcə Cənubi Qafqazın ən güclü dövlətinin liderinin fikirlərini öyrənməyi məqsədəuyğun görən Qaribaşvili ardınca Ermənistana səfər etdi. Bununla o, həm İlham Əliyevin tələblərini çatdırdı, həm də düşmən ölkənin baş naziri Nikol Paşinyanla normallaşma dönəmindəki durumu müzakirə etmək imkanı tapdı. Gürcüstan və Ermənistan liderləri müəllifi Qaribaşvili olan "Cənubi Qafqazda sülh qonşuluğu təşəbbüsü"nü müzakirə ediblər. Aydındır ki, bu təşəbbüsün içərisində Azərbaycanla-Ermənistanın münasibətlərinin normallaşdırılması, hətta sülh müqaviləsi imzalayaraq qarşılıqlı bir-birini tanıma kimi məqamlar özünə xüsusi yer tutur".

Siyasi şərhçi qeyd edib ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin Nikol Paşinyanla görüşündə iddialı və maraqlı açıqlamalar verilib: "Ən önəmlisi isə yeni sülh formatının yaxşı qonşuluq imkanları yaratması və ona beynəlxalq partnyorların qoşulma ehtimalı ilə bağlıdır. Əgər proses bu şəkildə gedərsə, hansısa pozuculuq elementlərinin müdaxiləsi olmazsa, biz Azərbaycan, Gürcüstan, Ermənistan arasında yeni bir əməkdaşlıq perspektivlərinin açılma variantını görə bilərik. Prosesin uğurlu inkişafı "Qafqaz Evi" ideyasının dirçəlməsi və tərəflərin bu çətir altında birləşməsini də mümkün edə bilər. Lakin bunların nə dərəcədə real olacağı Gürcüstanın "sülh quşu" missiyasını uğurlu şəkildə apara bilməsindən, Ermənistanın konstruktiv yanaşma sərgiləməsindən çox asılıdır. Sirr deyil ki, Gürcüstanın göstərdiyi cəhdlərin arxasında Qərb ölkələrinin dəstəyi və marağı da dayanır. Qərb regionda sabitliyin yaranmasında, əməkdaşlıq, iqtisadi-kommunikasiya münasibətlərinin olmasında maraqlı tərəf kimi görünür. Lakin Qərb eyni zamanda, bu proseslərdə Rusiyanı oyundankənar qoymaq istəyər. Rusiya isə Qərbin Cənubi Qafqazda təsirinin olmasına və artmasına imkan verməyə bilər. Bu səbəbdən, yəni maraqların kəskin toqquşması səbəbindən Gürcüstanın başlatdığı cəhdlər reallaşmamış da qala bilər. Əgər qlobal güclər bölgədə barışın, əməkdaşlığın baş tutmasında maraqlı olacaqlarsa, o zaman bu səylər nəticə verəcək. Əks təqdirdə vəziyyət qeyri-müəyyən qalmaqda davam edəcək".

"Rusiyanın mövqeyinə görə, Azərbaycan və Ermənistan arasında müzakirələr yalnız onun vasitəçiliyi ilə aparıla bilər" 

Son vaxtlar Azərbaycan və Ermənistan rəsmilərinin Gürcüstana ardıcıl səfərlər etdiklərini vurğulayan politoloq İlyas Hüseynov bildirib ki, artıq Gürcüstanın təşəbbüsü ilə bir dəfə erməni məhbuslarla mina xəritələrinin mübadiləsi həyata keçirilib: "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bu yaxınlarda Nikol Paşinyanın İrakli Qaribaşvili vasitəsilə mesaj göndərdiyini söyləyib. Düşünürəm ki, Azərbaycan və Ermənistan Gürcüstanı dialoq platformasına çevirə bilsə, bu, problemli məsələlərlə bağlı nəticələrin daha tez əldə olunmasına imkan verə bilər. Təbii ki, Rusiya bu təşəbbüsü xoş qarşılamayacaq. Rusiyanın mövqeyinə görə, Azərbaycan və Ermənistan arasında müzakirələr yalnız onun vasitəçiliyi ilə aparıla bilər".

Vazeh BƏHRAMOĞLU