Halqa daralır: - Qarabağda yeni müharibə başlayır?
Qarabağdakı separatçı qrupun rəhbəri Araik Arutyunyanın ötən gün Xocavənd rayonunun işğal altındakı Çartar qəsəbəsində erməni icması ilə görüşü zamanı onları silahlanmağa çağırması diqqət çəkdi.
Qarabağdakı separatçıların bundan öncə də, həyata keçirdiyi təxribatlar sonunda “Qisas” əməliyyatı ilə nəticələnmişdi. Daha 10 gün deyil “Qisas” əməliyyatı keçirilib. Amma görünən odur ki, Araik Arutyunyanın ağlı başına gəlməyib.
Maraqlıdır, separatçı dəstənin başçısı bu əməlləri ilə nəyə nail olmaq istəyir? Dia.az-ın məlumatına görə, hərbi ekspert Ramil Məmmədli Cəbhə TV-yə açıqlamasında bildirib ki, separatçılar hələ də hansısa səlahiyyətləri əldə edə biləcəklərinə inanırlar:
“Ümumiyyətlə, mövcud vəziyyət və baş verən prosseslər bizə onu deməyə əsas verir ki, Qarabağ bölgəsində hələ də özlərinin hansısa qurumunu yarada biləcəklərini, hansısa xüsusi hüquqa malik olacağına inanan bir qrup separatçı erməni prosesdən yararlanmağa çalışır. Hər bir vasitə ilə beynəlxalq ictimaiyyətin, təşkilatların diqqətini bu məsələyə yönəldir. Əslində Qarabağ məsələsinin hələ də həll olunmadığı fikrini formalaşdırmağa çalışırlar. Məhz Araik Arutyunyan və onunla birlikdə olan separatçı ermənilər də məhz bu istiqamətdə öz fəaliyyətlərini qurublar”.
Ramil Məmmədlinin fikrincə, belə şəraitdə Azərbaycan tərəfinin üzərinə düşən məsələ bəllidir:
“Azərbaycan bu cür vəziyyətlə razılaşmır, razılaşmayacaq və Azərbaycan Prezidentinin bu məsələ ilə bağlı son fikirləri, çıxışlarına söykənərək deyə bilərəm ki, Azərbyacan Ordusu Qarabağ bölgəsində antiterror əməliyyatının keçirilməsi prosesesinə çox yaxındır.
Xatırladım ki, 2020-ci ildə - Vətən müharibəsi başlamamışdan əvvəl də mətbuata açıqlamalarda genişmiqyaslı hərbi əməliyatların, müharibənin başlayacağını proqnoz vermişdim və həmin dövrlə indiki dövr bir-birinə bənzəyir. Yəni 2020 və 2022-ci illərin yay aylarındakı vəziyyət təxminən eynidir. Sadəcə olaraq, Azərbaycan bu dəfə genişmiqyaslı hərbi əməliyyatlar keçirmək niyyətində deyil. Prezident də bunu son çıxışlarında açıqladı. Lakin kiçik istiqamətlər üzrə strateji mövqelərin nəzarətə götürülməsi, lazım gəldikdə separatçı ermənilərin tərki-silah olunması kimi əməliyyatların həyata keçirilməsi mümkündür və prosses də ona doğru gedir”.
Müsahibimizin sözlərinə görə, separatçıların bu cür hərəkətlərdə niyyəti beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə çəkməkdir:
“Ermənilər ümid edirlər ki, Qarabağda ermənilərin yaşadığı ərazilərə hansısa hüquqi status veriləcək və bu hüquq onların gələcək fəaliyyətinə bir stimul yaradacaq. Halqa daraldıqca vəziyyətin gərginliyini də anlayırlar. Belə olan təqdirdə beynəlxalq təşkilatlar bu hadisəyə diqqətini yönəltmədikcə təxribatların sayı artır”.