"Hamını mənasız qadağalara görə "buster" vurdurmağa məcbur etmək yanlışdır!" - NATİQ CƏFƏRLİ
"Vətəndaşların haqq və hüquqlarının kobudcasına pozan "QR-kod" tədbiqi Britaniya, Danimarka, Hollandiya kimi ölkələrdə ləğv edilib"
"Dünya ölkələri yavaş-yavaş “QR-kod” adlı yeni, müasir “konslaqer” yanaşmasından imtina etməyə başlayır. Konslaqerlərdə insanların üzərinə yazılan rəqəmlərlə “QR-kod”ların elə bir fəlsəfi fərqi yoxdur". Hurriyyet.az xəbər verir ki, bu fikirlər Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq ekspert Natiq Cəfərliyə məxsusdur.
Politoloq qeyd edib ki, vətəndaşların haqq və hüquqlarının kobudcasına pozan “QR-kod” tədbiqi Britaniya, Danimarka, Hollandiya kimi ölkələrdə ləğv edilib: "Qonşu Gürcüstanda da “QR-kod”lar, “yaşıl pasportlar” ləğv edilir, artıq ictimai məkanlara daxil olmaq üçün “kovid-pasport” tələb olunmur. İzahı da çox sadədir: Təbiətin özü təbii vaksin olan “omikronu” yaratdı, virusu adi qrip səviyyəsinə saldı, təsirlərini azaltdı, indi dünya bu məsələyə münasibətini dəyişib normal həyata geri dönməyə başlayır. Dünyanın azadlıqsevər xalqlarının həftələrdir yüzminlərlə insanların iştirakı ilə aksiyalar keçirməsi də hökumətlərin tutumunun dəyişməsində mühim rol ounadı-oynayanaq. Bizdə isə zatən, haqq və azadlıqlar qorunmurdu, indi isə hökumətin əlinə fürsət keçib ki, virusu bəhanə edib total nəzarət mexanizmləri yaratsınlar, qərarların məntiqini anlamaq da mümkün deyil. 15 fevraldan “buster” doza qəbul etməyənlərin “QR-pasportu” ləğv edilir. Çox mənasız qərardır".
Yüzminlərlə vətəndaşımızın hər iki doz vaksin aldıqdan sonra yoluxub-sağaldığını deyən Natiq Cəfərli hesab edir ki, onların yoluxub sağalması artıq “buster” sayılır: "Həmin şəxslər nədən əlavə doza vaksin almalıdırlar ki?! “Buster” dozanı yaşlı insanlara, xroniki xəstəliyi olanlara tədbiq etmək daha doğrudur, ucdantutma hamını mənasız qadağalara görə “buster” vurdurmağa məcbur etmək yanlışdır! Yoluxub-sağalma ən gözəl “vaksindir”, ən dayanıqlı imunitet məhz belə yaranır! Deyirəm, bəlkə 15 fevralda tədbiqi nəzərdə tutulan haqlarımızı məhdudlaşdıran qərarın ləğvi tələbi ilə etiraz aksiyaları keçirməyin vaxtıdır?! Belə görünür ki, dünyada da insanların etirazı olmasa mənasız, “konslaqer” tədbiqinə bənzər “QR-kod, yaşıl pasport” yanaşması ləğv edilmir!"
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az