"Hanı ölkənin orta və uzunmüddətli təhsil strategiyaları, proqramları?" - RÖVŞƏN AĞAYEV
"5 ildir Təhsil Nazirliyi üçün nəticəsi ölçülə bilən büdcə və hesabatlılıq mexanizmi, peşəkar işlənmiş, büdcəyə inteqrasiyası təmin edilmiş bir Strateji Plan sənədi hazırlaya bilmirlər"
Bu gün Türkiyə Fəlsəfə Cəmiyyətinin rəhbəri professor İoanna Kuçuradinin ölkə mediasında yayılan müsahibəsində bizim üçün də son dərəcə əhəmiyyətli olan məqamlar diqqətimi çəkdi. İoanna xanım deyir ki, əzbərçi təhsil təhsil haqqının əldən alınmasıdır. Əzbərçi təhsillə böyüyənlər yaşadıqları dünyada əlaqələri görə, anlaya bilmirlər. Əzbərçi təhsildən qurtulmağın ilk yolu müəllimləri bundan qurtarmaqdır". Hurriyyet.az xəbər verir ki, bunu İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini, iqtisadçı ekspert Rövşən Ağayev bildirib.
İqtisadçı ekspertin fikrincə, İoanna Kuçuradinin "Fəlsəfə nə işə yarar" sualına cavabı da maraqlıdır: ""Çox işə yarayar. Amma ən böyük faydası baxdığını görə bilməkdir. Çoxlu sayda insanlar baxır, amma görə bilmirlər. Fəlsəfənin ana suallarından biri “Nədir” sorusudur. Məsələn, “Ədalət nədir” sualının cavabını bilməyən necə adil davrana bilər? Hazır resepti yoxdur axı". Təklif edir ki, orta məktəbin yuxarı siniflərindən fəlsəfəni uşaqlara öyrətməyə başlamaq lazımdır, universitetdə isə proqram daha geniş və uzunmüddətli olmalıdır. Onun fikrincə, uşaqlara lap kiçik yaşlardan özlərinə hakim ola bilmələrini öyrətmək lazımdır. Təhsilin səviyyəsində müşahidə olunan enişin qarşısını almağın yolu ilə bağlı fikri belədir: "Bir işdə uğur qazanmaq istəyirsinizsə, orda getməli olduğunuz yüksək bir hədəf müəyyən edəcəksiniz, ora çatmaq üçün çabalayacaqsınız. Təhsildə düşüş o zaman our ki, onun taleyi belə yüksək hədəflər müəyyən etməyən insanlara həvalə olunur".
Rövşən Ağayev hesab edir ki, Türkiyə Fəlsəfə Cəmiyyətinin rəhbəri yuxarıda qeyd olunanları nöqtə-vergülünə qədər bizim üçün deyib: "Böyük resurs pulları ilə inkişaf görüntüsü yaratmaqdan asan heç nə yoxdur. Hanı təhsili bataqlıqdan çıxarmaq üçün İoanna xanımın dediyi o yüksək hədəflər? Hanı ölkənin orta və uzunmüddətli təhsil strategiyaları, proqramları? 5 ildir bu ölkədə tək bir Təhsil Nazirliyi üçün nəticəsi ölçülə bilən büdcə və hesabatlılıq mexanizmi, peşəkar işlənmiş, büdcəyə inteqrasiyası təmin edilmiş bir Strateji Plan sənədi hazırlaya bilmirlər".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az