"Hazırda Ukrayna torpağında ABŞ-Rusiya müharibəsi gedir" - RAMİYƏ MƏMMƏDOVA
"Amerikanın əsas məqsədinin Türkiyəni Rusiya ilə qarşı-qarşıya qoymaq olduğunu tam aşkardır"
"ABŞ-ın Türkiyəyə ünvanladığı son təklif ikili oynamaqdır. Həm S-400-lərin Türkiyədən tamamilə çıxarılması, həm də Türkiyə ilə Rusiyanın arasını vurmaq üçün bir oyundur". Bu fikirləri Hurriyyet.az-a açıqlamasında politoloq Ramiyə Məmmədova bildirib.
Politoloq hesab edir ki, burada həmçinin, Ukraynanın, guya 3-cü dost ölkə tərəfindən Rusiyaya qarşı silahlanması məsələsi öz əksini tapıb: "ABŞ-ın Türkiyəyə Ukraynaya S-400-lərin göndərilməsi qarşılığında rəsmi Ankaraya tətbiq olunan sanksiyaları aradan qaldırmaq təklifi ABŞ prezidenti Bayden tərəfindən hesablanmış addımdır. Belə ki, Türkiyəyə qarşı F-35-lər məsələsində bir növ şantaj xarakteri daşıyır. Çünki ABŞ özü Ukraynanın hava məkanını Rusiya üçün bağlamağa heç cür razılıq vermir və Ukraynanı silah-sursatla yetərincə təmin etmək istəmir. Bu artıq oyuna çevrilib. Demək lazımdır ki, Ukrayna-Rusiya müharibəsi yox, burada daha cox Rusiya-ABŞ soyuq savaşının nəticəsi olan Ukrayna torpağında ABŞ-Rusiya müharibəsi gedir".
Ramiyə Məmmədovanın sözlərinə görə, Ağ Ev bu müharibənin daha da genişlənməsində maraqlıdır və bunu aydın şəkildə büruzə verir: "Bu təklif isə Türkiyənin həssas telləri ilə oynamaqdır. Yəni, S-400-lər verilərsə, Rusiya və Türkiyə arasında diplomatik, iqtisadi sferada böyük sarsıntılar yaşanacaq. ABŞ da məhz bunu istəyir. Bu təklif artıq Türkiyə siyasi cameəsində əsas müzakirə mövzularından birinə çevrilib. Və artıq ABŞ-ın əsas məqsədi Türkiyəni Rusiya ilə qarşı-qarşıya qoyması olduğunu tam aşkardır. Bunu da demək lazımdır ki, Türkiyə rəhbərliyinin də bu məsələdə böyük avantajları var. Rəsmi Ankara onsuz da Ukranaya həm silah, həm maddi-humanitar yardımlar edir. Lakin S-400-lərin Ukraynaya verilməsi məsələsi iləTürkiyə razılaşa bilməz. Hər nə qədər ABŞ rəsmi Ankaranın partnyoru olsa belə, Rusiya da Türkiyə üçün böyük bazar və tərəfdaşdır. Türkiyə Rusiya ilə bütün münasibətlərin dağılmasına imkan verə bilməz. Lavrovun da dediyi kimi, Ukraynaya Rusiya istehsalı olan silahları verən ölkə birbaşa hədəfə çevriləcək. Belə olan halda, bu addımın atılması Türkiyəni Rusiyanın gözündə düşmənə çevriəcək. ABŞ nə qədər oynasa belə, Türkiyə buna getməz. Sanksiyalara gəlincə, Türkiyə onsuz da illərdir ki, bu vəziyyətdə yaşayır. Ona görə də Amerikanın sanksiyaların ləğvi ilə şirnikləşdirməsinin Ankara üçün əhəmiyyəti yoxdur. F-35-lər məsələsinə gəlincə, Türkiyə bu layihələrin zatən içərisindədir. Müharibənin hələ bir müddət davam edəcəyini və Rusiyanın müharibənin başladığı kimi özünün də bitirməsi hər iki ölkə ücün vacib məsələdir".
Politoloqun fikrincə, ABŞ-ın bu addımı münaqişəni daha da qazışdırmağa xidmət edir: "Amerika bu oyunları həmişə oynayıb və oynamağa da davam edecək".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az