📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Heç bir nifaq toxumunun aramıza səpilməsinə imkan verilməməlidir” - Dövlət Bağçalı

2026-10-27 22:52:28

“Heç bir nifaq toxumunun aramıza səpilməsinə imkan verilməməlidir” - Dövlət Bağçalı

“Türk tarixinin ən mənalı zaman kəsiklərindən birini yaşayırıq. Tarixin və taleyin dönüş nöqtələrindən birinə hamılıqla şahidlik edirik. Türkiyə Cümhuriyyətinin qurulmasının 103-cü, Türk Cümhuriyyətlərinin müstəqilliklərini qazanmalarının 35-ci ildönümü mübarək olsun”.

Hurriyyet.net  xəbər verir ki, bu sözləri bu sözləri Milli Hərəkat Partiyasının sədri Dövlət Bağçalı “Cümhuriyyətimizin 103-cü, Türk Cümhuriyyətlərinin müstəqilliklərinin 35-ci ildönümü və Türk Dövlətləri Təşkilatının Ankara Zirvəsi münasibətilə” verdiyi mətbuat açıqlamasında deyib.

“Bu iki tarixi nailiyyəti birlikdə qeyd etməyin bəxtiyarlığı millətimiz üçün böyük bir qürur mənbəyidir. Çünki türk milləti tarixin bütün dövrlərində müstəqilliyinə və azadlığına vurulmaq istənilən zəncirləri qırıb atmış, bu yolda qarşısına çəkilmək istənilən sədləri dağıdıb keçmiş bir millətdir.

Bu səbəbdən Cümhuriyyətimizin 103-cü ildönümü ilə Türk Cümhuriyyətlərinin müstəqilliklərinin 35-ci ildönümünü birlikdə qeyd etdiyimiz bu əlamətdar dövrdə paytaxtımız Ankaranın türk dövlətlərinin liderlərini qəbul edəcək olması milli tariximizlə Türk dünyasının gələcəyi arasında güclü və mənalı bir bağ yaradır.

Bu Zirvə köklü tariximizdən aldığımız güclə qardaşlıq bağlarımızı möhkəmləndirmək, müstəqil dövlətlərimizin suverenliyinə qarşılıqlı hörmət əsasında ortaq hədəflərimizi irəli aparmaq və Türk dünyasının gələcəyinə istiqamət verəcək qətiyyətli bir iradə ortaya qoymaq baxımından müstəsna əhəmiyyət daşıyır”, - deyə o əlavə edib.

“Bu müqəddəs gün münasibətilə Türk dünyasına səslənmək istəyirəm:

Türk dünyasının bu gün gəlib çatdığı mərhələ öz-özünə əldə edilmiş bir nailiyyət deyildir. Əsrlərin sınağından keçmiş, çoxsaylı çətinlikləri aşmış, böyük mübarizələr və sarsılmaz iradə sayəsində bugünkü tarixi zəmininə qovuşmuşdur.

Bu gün eyni amal ətrafında birləşə biliriksə, bunun arxasında dilini, mədəniyyətini, mənəvi irsini və gələcək idealını nəsildən-nəslə ötürən böyük bir sivilizasiya mirası dayanır.

Bu miras Manasdan Alpamışa, Dədə Qorquddan Yusif Xas Hacibə, Mahmud Kaşğaridən Əlişir Nəvaiyə, Xoca Əhməd Yəsəvidən Yunus Əmrəyə, Abaydan Məhtimquluya, Nəsimidən Süleyman Çələbiyə, İsmayıl Qaspıralıdan Ziya Göyalpa qədər uzanan möhtəşəm fikir, irfan və amal mirasıdır.

Hər biri öz dövründə türk millətinin dilini, mədəniyyətini, düşüncəsini və ortaq gələcəyini yaşatmaq uğrunda mübarizə aparmış bu böyük şəxsiyyətlər bu gün aramızda yüksələn könül və fikir körpülərinin təməl daşlarıdır.

Manasın cəsarətində, Alpamışın igidliyində, Dədə Qorqudun müdrikliyində, Əhməd Yəsəvinin irfanında, Abayın hikmətində və Məhtimqulunun azadlıq idealında eyni sivilizasiyanın dərin izləri vardır. Bu izlər keçmişdən bu günə uzanan tarixi davamlılığımızın və kimliyimizin nişanəsidir”, - deyə Dövlət Bağçalı vurğulayıb.

Onun sözlərinə görə, Cədidçilik məşəlini yandıraraq Türküstan coğrafiyasında böyük bir oyanışa öncülük edən İsmayıl Qaspıralının “Dildə, fikirdə, işdə birlik” amalı isə bu mirasın gələcəyə daşınmasını təmin edən güclü bir rəhbər olmuşdur:

“Əsrlər boyu coğrafiyalarımız bir-birindən ayrılmış, aramıza sərhədlər girmiş, yollarımıza məsafələr qoyulmuşdur. Lakin könüllərimiz arasındakı bağlar qırılmamış, tarixi yaddaşımız silinməmiş, qardaşlıq duyğumuz aradan qalxmamışdır.

Çünki bizi bir-birimizə bağlayan, bizi birləşdirən ortaq tariximiz, dilimiz, mədəniyyətimiz, amallarımız və gələcəyə dair təsəvvürümüzdür. Bu bağ zamanın aşındıra bilmədiyi, məsafələrin zəiflədə bilmədiyi və şərtlərin aradan qaldıra bilmədiyi köklü bir sivilizasiya bağıdır.

Bu gün türk dövlətlərinin eyni təşkilat çətiri altında birləşməsi əsrlərə yayılan bu böyük yürüşün bir mərhələsidir. Türk Dövlətləri Təşkilatı tarixi yaxınlığımızı institusional əlaqələrlə gücləndirən, siyasi iradəmizi konkret hədəflərlə birləşdirən və ortaq gələcəyimizə istiqamət verən bir platformadır.

Qarşımızda duran vəzifə aydındır: tariximizin əmanətini gələcəyin imkanları ilə birləşdirmək, qardaşlıq hüququnu gücləndirmək, iqtisadi və mədəni əlaqələrimizi inkişaf etdirmək, Türk dünyasının beynəlxalq aləmdəki təsirini artırmaq və gələcək nəsillərə daha güclü bir Türk dünyası miras qoymaq.

Bunun yolu qarşılıqlı etimadı əsas götürməkdən, müstəqilliklərə və suverenlik hüquqlarına hörmət etməkdən, hər bir dövlətin milli iradəsini nəzərə almaqdan və ortaq hədəflərimizi qətiyyətlə izləməkdən keçir.

Burada xüsusilə ifadə etmək istəyirəm ki, Türk dünyasının birliyi hər hansı bir dövlətin digərinin üzərində hökmranlıq qurması demək deyildir. Bizim arzuladığımız müstəqil dövlətlərin suveren bərabərliyi əsasında, qarşılıqlı hörmət və qardaşlıq hüququ ilə güclənən, hər bir üzvümüzün milli varlığını və iradəsini qoruyan bir birlikdir.

Bu anlayışın qarşısında dayanan heç bir hesab türk millətinin əsrlərə söykənən tarixi bağlarından daha güclü deyildir. Türk dünyasının birliyini zəiflətməyə, qardaş dövlətlər arasında etimadsızlıq yaratmağa və gələcəyimizə kölgə salmağa yönələn hər cür cəhd qarşısında sağlam düşüncəni, qətiyyəti və qardaşlıq hüququnu əsas götürməliyik.

Xüsusilə vurğulayaraq ifadə edirəm: Türk dünyasını təşkil edən qardaş dövlətlərimizlə aramızdakı qardaşlıq bağlarının zədələnməsi yalnız iki dövlət arasındakı münasibətlərə aid bir məsələ kimi qiymətləndirilə bilməz. Bu bağlar tariximizin, qarşılıqlı etimadımızın və gələcəyə yönələn amallarımızın ayrılmaz bir hissəsidir.

Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq gündəlik hadisələrin çərçivəsinə sığmayacaq qədər köklü, siyasi və diplomatik məsələlərin fövqündə tarixi mahiyyət daşıyacaq qədər dərindir. Qardaşlığımız iki millətin iradəsi ilə güclənmiş, ortaq mübarizələrlə möhkəmlənmiş və nəsillər boyu yaşadılmışdır.

Eyni həssaslıq Türk dünyasının bütün qardaş dövlətləri üçün də keçərlidir. Heç bir anlaşılmazlığın böyüdülməsinə, heç bir fikir ayrılığının daimi parçalanmaya çevrilməsinə, heç bir nifaq toxumunun aramıza səpilməsinə imkan verilməməlidir.

Qardaşlıq hüququ qarşılıqlı hörmət və ortaq gələcəyə inamla qorunur.

Bu səbəbdən Türk dünyasının hər bir üzvünün vəzifəsi tarixi yaxınlığımızı gündəlik mübahisələrdən üstün tutmaq, fərqliliklərimizi ayrılıq səbəbinə çevirməmək və gələcəyimizi zəiflədəcək addımlardan uzaq durmaqdır”.

“Unudulmamalıdır ki, Türk dünyasının gücü bir-birimizə duyduğumuz etimadda, müstəqilliyimizə göstərdiyimiz hörmətdə, mədəni dərinliyimizdə və ortaq hədəflərimiz ətrafında nümayiş etdirdiyimiz iradədə gizlidir.

Türk Dövlətləri Təşkilatının 2040-cı il Vizyonu da bu tarixi məsuliyyətin gələcəyə yönəlmiş çərçivəsini ortaya qoyur.

Bu vizyonun hədəfləri istiqamətində siyasi koordinasiyamızı inkişaf etdirmək, iqtisadi əlaqələrimizi gücləndirmək, nəqliyyat və enerji xətlərimizi daha səmərəli hala gətirmək, təhsildən mədəniyyətə qədər uzanan sahələrdə davamlı nailiyyətlər əldə etmək hamımızın ortaq məsuliyyətidir.

Türkiyənin təcrübəsini, imkanlarını və birikimini Türk dünyasının yüksəlişi ilə birləşdirmək Türk və Türkiyə Əsri hədəfini geniş bir könül coğrafiyasının ortaq gələcəyi ilə birlikdə düşünmək deməkdir.

Bizim hədəfimiz tarixi köklərindən güc alan, dövrün imkanlarını dəyərləndirən, müstəqilliyinə sahib çıxan və beynəlxalq aləmdə söz sahibi olan güclü bir Türk dünyasıdır”, - deyə D.Bağçalı vurğulayıb.

O qeyd edib ki, Türk dünyasının birlik və inteqrasiya prosesi könüllərdə və duyğularda qarşılıq tapan yaxınlaşma mərhələsini geridə qoymuş; institusional strukturlarla konkret məzmun qazanmış, ortaq iradələrlə güclənmiş və möhkəm addımlarla gələcəyə doğru irəliləyən davamlı bir zəminə qovuşmuşdur:

“Türk dünyasının gələcəyi ortaq məsuliyyətimizdir. Qardaşlığımızı qorumaq, müstəqil dövlətlərimizin suverenliyinə hörmət etmək və tarixi yürüşümüzü gələcək nəsillərə ötürərək davam etdirmək hamımızın borcudur.

Bu anlayışla Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının Dövlət və Hökumət Başçıları Zirvəsinin ölkəmiz, qardaş dövlətlərimiz və bütün Türk dünyası üçün xeyirlərə vəsilə olmasını diləyirəm.

Zirvənin qardaşlıq bağlarımızı daha da gücləndirməsini, ortaq hədəflərimizə yeni üfüqlər açmasını və Türk dünyasının işıqlı gələcəyinə davamlı töhfələr verməsini arzulayıram.

Bu duyğu və düşüncələrlə könül və mədəniyyət coğrafiyamızın dörd bir yanındakı bütün qardaşlarımıza ən səmimi salamlarımı və məhəbbətimi göndərirəm.

Cənabi-Allah Türk dünyasının birliyini daim, qardaşlığımızı möhkəm etsin.

Dövlətlərimizi güclü, millətimizi firavan, qardaşlığımızı sarsılmaz, Türk dünyasının gələcəyini işıqlı etsin.

Nə Mutlu Türkəm Deyənə!”