Heç vaxt unudulmayacaq tarix!
Heç vaxt unudulmayacaq tarix!
27 sentyab 2020-ci il tariximizə əbədi həkk olunacaq
27 sentyabr 2020-ci il. Bu tarix insana nələri xatırlatmır!? Hər şeydən əvvəl Azərbaycan xalqının sarsılmaz birliyini, 30 il düşmən tapdağı altında inildəyən Vətən torpağı uğrunda mübarizəyə qalxmış Azərbaycan gəncliyinin şücaətini, gecədən tutmuş səhərə qədər dilindən düşməyən “Qarabağ bizimdi, bizim olacaq!” hayqırtısını. Bir sözlə, xatırlanacaq çox məqamlar var.
Sizləri bilmirəm, mənə indi də yuxu kimi görünür. Axı, necə baş verdi, necə oldu ki, məhz bu gün xalq silaha sarıldı və işğalçıya qarşı müharibəyə başladı!? Səhər yataqdan durub televiziyanı açdım, baxdım ki, aləm bir-birinə qarışıb, yenilməz Azərbaycan əsgəri düşmənin burnunu qırır, belini sındırır. Körpə uşaq kimi sevinirdim, ordumuzla bir səngərdə özümü hiss edirdim.
27 sentyab 2020-ci il tariximizə əbədi həkk olunacaq gündür. Əsrlər keçəcək, şəhidimiz Xudayarın nəğməsi unudulmayacaq!!! Azərbaycan insanın yadından çıxmayacaq bu möhtəşəm gün heç bir vaxt, heç bir zaman... Çünki boşqabın içində hədiyyə olaraq gətirib vermədilər bizlərə Kəlbəcərimizi, Şuşamızı, Füzulimizi, Cəbrayılımızı, Qubadlımızı, Zəngilanımızı və digər Vətən torpaqlarını!!!
Bu tarixin qəhrəmanları sırasında üç böyük güc dayanır: XALQ, ORDU və ALİ BAŞ KOMANDAN! Bu, mübaliğəsiz belədir. 44 günlük savaşda düşmənin başını əzdik, ona elə bir dərs verdik ki, yəqin bir daha qələtini qırıb özgə torpağına göz dikməz.
Bu müqəddəs Anım Günündə Ali Baş Komandanınız İlham Əliyevin yenilməz əsgər kimi erməni faşizminə qarşı apardığı mübarizəsini, göstərdiyi qətiyyəti xüsusi ilə vurğulamaq istərdim. Azərbaycan Ordusunun işğalçı düşmən üzərində qələbəsini təmin etməkdən ötrü onun nə qədər yuxusuz gecələr, narahat dəqiqələr keçirdiyini bir Allah bilir! Burası müharibədir. Hər şey baş verə bilərdi... lakin Ali Baş Komandanın cəsarət və əzmi, son dərəcə ciddi müqavimət səyləri erməni faşizminin çirkin və basqıçı niyyətini içindəcə qırıb yerlə-yeksan elədi. Müharibə Baş Komutana məxsus nadir bir keyfiyyəti bütün parlaqlığı ilə göstərdi ki, bu gün bunu düşmən də, dost da etiraf edir. İlham Əliyev 44 gün ərzində informasiya savaşında da düşməni məğlubiyyətə uğradaraq, onun nə dərəcədə faşist xislətli olduğunu dünyaya çatdırdı. Demək olar ki, bu savaşı Ali Baş Komandan təkbaşına apardı və beynəlxalq aləmdə ermənin kimliyini, sifətini açdı. Mən düşmənlə informasiya müharibəsində prezidentin yaddaşının nə qədər güclü və iti, dərin olduğunu gördüm və hiss etdim ki, 27 sentyabr müharibəsinə qədər o, hər şeyi ölçüb-biçib, ən xırda məsələni belə diqqət mərkəzindən yayındarmayıb.
Bu məqamda Bismarkın bir fikrinin 44 günlük müharibədə prezident İlham Əliyevin ölkəsinin haqq işi uğrunda apardığı mübarizə ilə necə səsləşdiyini gördüm. Bismark deyir: "Rəhbərin yazı masası döyüşdəki hərbi gəminin göyərtəsini xatırlatmalı, orada artıq heç nə olmamalıdır". Bu mənada Azərbaycan xalqı əmin ola bilər ki, onun taleyi mətin əldədir.
Eldar SABİROĞLU
Sabiq millət vəkili və ehtiyatda olan polkovnik