Həddən artıq siqaret çəkən kişi kənddən qovuldu
Rusiyanın Moskvaətrafı Ramensk bələdiyyə dairəsində yaşayan qadın qonşusunun həddindən artıq siqaret çəkməsindən şikayət edərək onun evdən çıxarılmasına nail olub.
Modern.az yerli mediaya istinadən xəbər verir ki, Özbəkistan vətəndaşı çox siqaret çəkdiyi üçün tüstü qonşu evə dolaraq III qrup əlilliyi olan qadının səhhətinə mənfi təsir göstərib. Ona rinit diaqnozu qoyulub və qadın nəfəs almaq üçün oksigen balonu almağa məcbur olub.
Qadın yerli deputatlara və sahə müvəkkilinə dəfələrlə şikayət etsə də, nəticə əldə etməyib. Daha sonra məhkəməyə müraciət edərək 50 min rubl mənəvi təzminat və oksigen balonunun 694 rubl dəyərinin ödənilməsini tələb edib.
Yoxlama zamanı məlum olub ki, Özbəkistan vətəndaşı həmin ünvanda qanunsuz yaşayır və başqa ünvanda qeydiyyatdadır. Məhkəmə onun yaşayış yerindən çıxarılması barədə qərar verib.
Bununla da qadının şikayət etdiyi siqaret tüstüsü problemi aradan qalxıb. Lakin onun maddi tələbləri təmin edilməyib. Məhkəmə yalnız dövlət rüsumu, hüquqşünas, notarius və poçt xərcləri üçün ümumilikdə 15,3 min rublun ödənilməsinə qərar verib.
Mənəvi təzminat və oksigen balonunun pulunun ödənilməsindən isə imtina edilib. Səbəb kimi qadının dəymiş zərərin məbləğini və qonşusunun siqaret çəkməsi ilə oksigen balonu almaq zərurəti arasındakı birbaşa əlaqəni sübut edə bilməməsi göstərilib.