📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Hələ də cəmiyyət Azərbaycanın tam qələbəsini birmənalı qəbul etmir" - QUBAD İBADOĞLU

2021-11-08 12:16:00

"Çünki rus ordusunun ərazimizdə nə qədər qalacağı, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə həsrətinə nə zaman son qoyulacağı, Laçında və Şuşanın kəndlərində nə vaxtdan məskunlaşacağımız bəlli deyil"

"Ötən ilin bu günü, 8 noyabr Azərbaycan tarixinin ən əzəmətli günlərindən biri idi, gözəl hisslər yaşayırdıq, şanlı ordumuzun rəşadətləri sayəsində 27 ildən çox işğal altında qalan torpaqlarımızın əksəriyyəti azad olunmuş, Şuşa qalası fəth edilmişdir. O zaman həyatını itirən vətən oğullarına görə bir gözümüzlə ağlayıb, o birisi ilə gülsək də, ərazimizdə erməni hərbi birləşmələrindən savayı xarıci hərbi qüvvələr yox idi, mövcud erməni hərbi qüvvələri də təslimçi durumda idi. O zaman hər kəs əldə edilmiş nəticələrdən razı qalaraq ordumuzdan yeni nailiyyətlər gözləyirdi, hamı narahatlıqla sonu gözləsə də, heç kəs fikirləşmirdi ki, bir gün ötəcək, Rusiya ordusu Azərbaycana girərək, əldə etdiyimiz böyük qələbənin üzərinə kölgə salacaq və rus ordusu Dağlıq Qarabağda uzun müddətli məskunlaşıb, bölgədə hökmranlığını daha da artıracaq". Hurriyyet.az xəbər verir ki, bu fikirlər Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı alim, ABŞ-ın Rutgers Universitetinin müəllimi Qubad İbadoğluya məxsusdur.

Onun sözlərinə görə, müharibədən 1 il ötsə də, zəfərlər ayrı-ayrılıqda qeyd olunsa da, hələ də cəmiyyət Azərbaycanın tam qələbəsini birmənalı qəbul etmir: "Çünki ötən 1 il qeyri-müəyyənliklərin aydınlaşması üçün kifayət etmədi. Belə ki, rus ordusunun ərazimizdə hələ bundan sonra nə qədər qalacağı, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə həsrətinə nə zaman son qoyulacağı, Laçında və Şuşanın kəndlərində nə vaxtdan məskunlaşacağımız bəlli deyil. Sevindirici olan odur ki, Azərbaycan ordusunın rəşadəti nəticəsində tarixi ədalət bərpa olundu, 27 ildir ki, 7 rayonun işğal günü ilə əlaqədar qeyd etdiyimiz faciələr tarixlərini həmin ərazilərin işğaldan azad olma tarixləri əvəzlədi, Türkiyə-Azərbaycan münasibətləri daha da inkişaf etdi və möhkəmləndi. Azərbaycan ordusuna güvənc artdı, xalq gec də olsa qürurunu özünə qaytardı".

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri qeyd edib ki, bütün bunlar böyük itkilər hesabına başa gəldi, vətən 3000-ə qədər şəhid verdi, on minlərlə vətən oğulları sağlamlığını itirdi: "Azərbaycanın ərazi bütünlüyü uğrunda həyatlarını qurban verən bütün şəhidlərə rəhmət diləyir, onları ehtiramla yad edir, ruhları qarşısında sayğı ilə baş əyirəm. Bu mücadilədə sağlamlığını itirən bütün qazilərə sağlıq diləyirəm. Şuşanın işğaldan azad olunmasının ildönümü, Zəfər günümüz mübarək olsun! Tam və qəti qələbə nəsibimiz olsun, tezliklə Xankəndində Azərbaycan və Türkiyə bayraqları dalğalansın!"

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az