📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Hələ heç nə itirilməyib…” – Ağasəlim Mircavadovla Lixtenşteyn SÖHBƏTİ

2026-10-02 19:14:06

“Hələ heç nə itirilməyib…” – Ağasəlim Mircavadovla Lixtenşteyn SÖHBƏTİ

Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin bugünkü suallarını AFFA-nın Məşqçilər Komitəsinin üzvü, əməkdar məşqçi Ağasəlim Mircavadov cavablandırıb.
Təcrübəli mütəxəssislə Azərbaycan milli komandasının öz meydanında Lixtenşteyn kimi komandanı belə məğlub edə bilməməsinin səbəbləri, yığmadakı böhran haqda danışmışıq.

Müsahibəni təqdim edirik:

- Ağasəlim müəllim, dünəndən hamı bu oyundan danışır. Biz bu komandaya da qalib gələ bilmiriksə, millimizlə bağlı bundan sonra nəyə ümid etməliyik?

- Dünənki oyun bir qapıya idi. Sadəcə, qol vəziyyətlərindən istifadə edə bilmədik. Problem yerli çempionatdan gəlir. Oyunçuların əksəriyyəti öz klublarında az oynayır, ya da heç oynamır. İkincisi, hələ heç nə itirilməyib. Sizə deyim ki, hətta qalib gəlsəydik də, bu tsikli keçmək üçün Litvanı udmalıyıq. Ona görə heç nə həll olunmayıb… İndi bu ayın 4-də evdə Litvanı, noyabrda isə səfərdə Lixtenşteyni udmalıyıq. Tsikl qurtarandan sonra tam analiz etmək olar ki, yığmada problemlərin kökü nədədir. Yəni bir daha deyirəm, hazırkı problem oyunçuların çempionatda az oynamasından, ya da heç oynamamasından irəli gəlir. Ancaq bu da başqa bir mövzudur. Hər halda, qarşıda iki oyunu udmaq və Millətlər Liqasında növbəti qrupa çıxmaq lazımdır.

- Bakıda qalib gələ bilmiriksə, səfərdə Lixtenşteyni məğlub edəcəyimizə inanırsınız? Ümumiyyətlə, söhbət bu qarşılaşmadan da getmir, millinin ortaya qoyduğu məzmunlu oyun yoxdur…

- Səfərdə Lixtenşteynlə daha asan ola bilər. Rəqib Bakıda müdafiəyə meyilli oynadı, orada isə hücuma keçib boşluqlar buraxa bilər. Mən Lixtenşteynin Litva ilə oyununa da baxdım, ilk hissə 0:0 idi, sonra hesab dəyişdi. Yəni müdafiə olunur, müqavimət göstərirlər. Ona görə bundan sonra bizim uşaqları oyuna sakit halda hazırlaşdırmaq lazımdır.

Əlbəttə, razıyam ki, yığmada oyun görmürük. Amma futbolda elə oyunlar var ki, nəticəyə işləməlisən. Mənim dövrümdə də olub ki, nəticəyə oynamışam. Sadəcə, onu da nəzərə alın ki, klubla milli arasında böyük fərq var. Klubda hər gün oyunçuları görürsən, yığma isə 4-5 günə toplanır, hazırlıq gedir. Ümumiyyətlə, yaxşı olardı ki, ya müdafiə, ya orta, ya hücum xəttində oyunçular bir klubdan olsun. Bizdə eyni xətdə hərəsi bir klubdandır. Uzağa getməyək, klublarda hücumçulara baxmaq lazımdır. Onlarda hücumçuların əksəriyyəti legionerlərdir. Ona görə də bu oyuna baxıb, indiki halda radikal hərəkətə ehtiyac yoxdur. Baş məşqçi oyunçuları sakitləşdirməli və növbəti görüşə kökləməlidir.

- Biz U-17, U-21 komandalarımızın oyunlarını da görürük, onlar gələcəyin “A” millisi üçün yetişən nəsildir. İndidən görünür ki, yığma o uşaqlarla da qabağa gedə bilməz. O zaman birdəfəlik bilək ki, bizdən futbolçu çıxmır və çıxmayacaq, yoxsa uşaq məktəbinə diqqət yetirməklə gələcəyə ümid bəsləmək olar?

- Uşaq məktəbi 10-15 il qabaq olmalıydı. Azərbaycanda meydançalar yox dərəcəsindədir. Bir akademiya ki, məşq qurtaran kimi meydanın bir hisəssində bir komanda, o biri hissəsində digər komanda çalışır, ordan nə gözləmək olar? Yəni meydança çatışmır. Biz məşqlərdən sonra 20-30 dəqiqə ayırardıq ki, bəzi oyunçular fərdi işləsinlər. Mən hələ bölgələrimizi demirəm. Hazırda rayonlarda meydança yoxdur, olanlar da dağılıb. Süni ötük isə keyfiyyətsizdir. Ona görə də, bəli, biz aşağıdan başlamalıyıq. Evi aşağıdan tikirlər, yuxarıdan yox. İndi oktyabrda U-15 komandalarının Bakıda festivalı olacaq. Yeni meydançalar düzəldilib. Sonra o meydançalar verilməlidir ki, akademiyalar çalışa bilsin. Bir də iş birliyi olmalıdır. “Sabah” məşqçilərə hər bir şərait yaradıb, klublardan bu istək gəlməlidir. Odur ki, qarşıdakı Litva və Lixştenşeyn oyunları da qurtarsın, sonra yığma ilə bağlı daha dəqiq təhlil edə, problemləri deyə bilərik.