"Helikopter olayını texniki məsələyə bağlamaq İrana sərf edir" - NATİQ CƏFƏRLİ
"İran qlobal müharibədən qaçır, birbaşa toqquşma istəmir, çünki çox rahat şəkildə, başqalarının əli ilə "proksi" müharibə aparmağı öyrənib"
"İran Rəisinin ölümü ilə bağlı rəsmi açıqlamada "texniki məsələ" olduğunu vurğuladı. İşin maraqlı tərəfi odur ki, hətta kənardan başqa dövlətin müdaxiləsi olsaydı belə, İran rəsmi səviyyədə bunu açıqlamazdı. Açıq çəkildə belə bir məlumat versəydi bu "casus belli" (Roma hüququ dövründə irəli sürülmüş hüquqi termin, müharibə elan etmək üçün formal səbəb-V.B.), yəni müharibə səbəbi olmalı idi. İran isə qlobal müharibədən qaçır, birbaşa toqquşma istəmir. Çünki çox rahat şəkildə, başqalarının əli ilə “proksi” müharibə aparmağı öyrənib, özünü belə daha rahat hiss edir, açığı, müəyyən uğur da qazanıb. İraqda, Suriyada, Livanda, Yəməndə və Fələstində ciddi gücə, nüfuza, təsir rıçaqlarına sahib olub. Əgər bu sistem, stategiya işləyirsə, nədən uduzacağı birbaşa müharibəyə girsin ki?!". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib.
Politoloqun fikrincə, helikopter olayını texniki məsələyə bağlamaq İranın özünə sərf edir, həm də ona görə ki, İranda daxili iqtidar savaşında bu hadisə bir çox rəqib qruplara, ali dini lider mövqeyi uğrunda aparılan daxili savaşa da sərf etdi: "Ali dini lider öz oğlunu bu vəzifəyə gətirmək istəyir. Qəribə dünyadır, İslam inqilabı etdilər ki, şahlıq olmasın, hakimiyyətin irsi ötürülməsinin qarşısını alsınlar, amma sonda yenə “irsi hakimiyyət” modelinə geri dönmək istəyirlər. Bu da ideoloji boşluğun nəticəsidir. İdeoloji güclü təməllər olanda irslə hakimiyyətin ötürülməsinə ehtiyac qalmır, əgər bu yola baş vurmaq istəyirlərsə, deməli özlərinin qurduğu ideoloji modelə, dini pərdəyə bürüdükləri sistemlərinə özləri belə inanmırlar".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az