HƏLLİ ZƏRURİ OLAN PROBLEM - ÖZÜNÜİSLAH VƏ BİRLİK!
"Mən filologiya elmləri doktoru, professoram" deyib acizanə təskinlik tapan, durumu ilə ürək parçalayan sabiq diplomatımız söyüşün metodoloji əsaslarını işləyib hazırlamaqda Jirinovski ilə, deyəsən, saziş bağlayıb. Jirinovski öz axmaq xasiyyətinə sadiq qalaraq bizə söyüş söyüb. XİN onun cavabını diplomatik üslubda verib...
Ölkənin indiki halında həssaslığı itirmək, milli ədavəti qızışdırmaq bizə qətiyyən lazım deyil. İş içindən iş çıxarmaq milləti sevmək anlamına gələ bilməz. Yaxın tarixdə belə populizmlərin az qurbanı olmamışıq. Ona görə də, son dərəcə rasional addımlar atmalı, milli taleyimizi növbəti təhlükələrdən qorumalıyıq. Dövlət əhəmiyyətli problemlərimiz o qədərdir ki, əlavələrini yaratmağa ehtiyac yoxdur.
Öz xalqının və dövlətinin taleyini düşünmədən istənilən dövlət başçısını, istənilən milləti, xalqı təhqir etmək olar. Təəssüf ki, bu məsuliyyətzliyi jirinovskilər, solovyovlar öz məsləklərinə çeviriblər!
İndi bizim ən böyük və həlli zəruri olan problemimiz - özünüislahdır! Özümüz öz başımıza kül ələməsək, dünya yığışsa da, bizə heç nə edə bilməyəcək!
Virtual yox, sözün əsl mənasında millətin anasını ağladanları, millətin çörəyini əlindən alıb onu miskin vəziyyətə salanları durdurmaq lazımdır! Sapı özümüzdın olan musabəyovları-filanları irəli çəkən də bizik, başqaları deyil.
"Haqq" üfürənlərin çoxu əsl problemlərin altına girməyin çətin olduğunu görür, zərərli tənbəlliyin ağuşunda asan yolla özlərini təsdiq etmək üçün milləti çaşdıran əlavə problemlər yaradırlar. Jirinovskinin 30 illik sərsəmləməsi nəyi dəyişib ki? İndiyədək yel qayadan nə aparıb ki? Söyüş nəyi həll edir ki?!
Xalqımıza zillət yaşadıb 1 milyona ayı kəsirik, Jirinovski edir? 2-3 milyonluq saat oğurladırıq, Jirinovski edir? Milləti ayaqda tutacaq yeganə ümidgahımız dövlət büdcəsi məmurlarımız tərəfindən talanır, qanımız içilir, vəzifədən çıxarılan məmurun, nazirin altından dövlətdən, xalqdan oğurlanan milyardlarla qanlı vəsait çıxır, Jirinovski edir? Milli-mənəvi dəyərlərimiz alim-akademiklərimiz tərəfindən yerlə yeksan edilir, sosial ədalətsizlik mühiti yaradıb övladlarımızı pərən-pərən edir, süni düşmənə çeviririk -bütün bunları Jirinovski edir? Niyə əsl səbəbi görməzdən gəlirik? Niyə düzəlmək istəmirik?
Özümüz özümüzə vurduğumuz sarsıdıcı zərbəni yüzlərlə Jirinovskilər yığışsa, əsla vura bilməz.
Deməli, elmlər doktoru, professor diplomatımız problemin üstünə getmir, əksinə, əlavə problemlər yaradır...
PS. Solovyov kimi həyasızlarınn əlinə bəhanə vermək olmaz. Dünəndən başlayaraq İsfəndiyar Vahabzadənin adı üzərindən digər millətlərin də adlarını çəkir, növbəti provokasiya ocaqları yaratmağa çalışır.
İdris Abbasov