Həm cibimizə, həm canımıza ziyandır: saxta balı necə ayırd edək?
Bakı şəhəri, Nərimanov rayonu, M. K. Atatürk küçəsində, Gənclik metrosu yaxınlığında Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə keçirilən arıçılıq məhsullarının 21-ci Respublika Sərgi-Satış Yarmarkası oktyabrın 20-də başlayıb və noyabr 7-də başa çatacaq. Anbara təhvil verilən balın və digər arıçılıq məhsullarının ümumi həcmi 120 tona yaxındır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən arıçıların iştirakı ilə yarmarkada satışa çıxarılan məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar yarmarkada satışa buraxılmayıb. Balın qiyməti ilkin monitorinqlər əsasında 15-50 manat arasında dəyişir. Bu il işğaldan azad edilmiş Kəlbəcər rayonunun balı da satışa çıxarılıb. Yarmarkada hər bir iqtisadi rayondan maksimum 20 olmaqla ümumilikdə 250 arıçı iştirak edir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, arıçıların pandemiyadan zərər çəkməməsi üçün yarmarkaya start verilib: “İlk dəfə olaraq ötən il pandemiya ilə əlaqədar yarmarkaya fasilə verildi. Hazırda karantin qaydaları yenə də qüvvədədir. Qaydalara riayət etməklə yarmarka keçirmək qərarı verdik. Məqsədimiz arıçılarımıza öz məhsullarını satması üçün dəstək olmaqdır. Hazırda yarmarkamızda Azərbaycanın bütün iqtisadi rayonlarından arıçılıq fermerləri öz məhsullarını satışa çıxarıblar. Yarmarkada ümumi 250 arıçı var. Arıçıların iştirakı müvafiq saytımızda onlayn qeydiyyatla həyata keçirildi. Hər iqtisadi rayon üzrə qeydiyyatdan keçən ilk 20 arıçı iştirak etmək hüququ qazandı. Onların məhsullarından nümunələr götürülüb laboratoriyada analiz olundu. Tam keyfiyyətli ballar satışa çıxarılıb. Bu gün əminliklə deyə bilərəm ki, yarmarkada 250 arıçının satışa çıxardığı balların hamısı yüksək keyfiyyətlidir. İstəyirik ki, 18 gün ərzində arıçılarımız ən azı 1 il ərzində çəkdikləri əziyyətin bəhrəsini görsünlər”

Vüqar Hüseynov
Qeyd edək ki, satışa çıxarılacaq arıçılıq məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərinə nəzarət tədbirləri çərçivəsində bal nümunələrinin laborator müayinəsi həyata keçirilib. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən yarmarkada satışa çıxarılacaq məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb. Ümumilikdə, götürülən 1093 nümunədən 64-ü, təxminən 6 faizi keyfiyyət və qida təhlükəsizliyi göstəricilərinə uyğun hesab edilməyib. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar satışa buraxılmayacaq.
Saxta balın satışa çıxarılması ehtimalı vətəndaşları da narahat edir. Onlar saxta balla təmiz balı ayırd etməyin yollarını öyrənməyə və bal alarkən aldanmamağa çalışırlar. Bəs görəsən, sadə yollarla əsl balı saxtasından seçmək mümkündürmü?

Elvin Balçı: “Balın təbii olduğunu 99 faiz dəqiqliklə ancaq laboratoriyalar müəyyənləşdirə bilər”
Hurriyyet.az xəbər verir ki, “Balçı” ailə biznesinin yaradıcısı, Arıçılar Assosiasiyasının üzvü və ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Elvin Bayramlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, alıcı balın xalis, yoxsa saxta olduğunu ev şəraitində heç cür müəyyənləşdirə bilməz: “Bu mümkün deyil, bunu hətta ən peşəkar arıçılar belə müəyyən edə bilməz. Yalnız kimyadan başı çıxan laboratoriya əməkdaşı edə bilər. O da ev şəraitində olsa belə xüsusi ləvazimatları olmalıdır. Bəs balın təbii olduğunu biz necə bilməliyik. Söhbət şəhər sakinindən, sadə insandan gedirsə onun bir dənə yolu var, bu da laboratoriyada yoxlatmaqdır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyaları var, yaxud özəl şirkətlərin laboratoriyaları var. Başqa yolla seçmək mümkün deyil. İnsan sadəcə, tamamilə şəkərdən hazırlanan balı hiss edə bilər, amma yarım saxta ballar da var, arılara şərbət verilərək süzülmüş ballar var ki, müəyyən etmək olmur. Bu üzdən balı süzmək, yandırmaq, nəlbəkidə fırlatmaq kimi şeylər insanları ancaq aldatmağa xidmət edir. Bunu edən arıçı da, bunu satan mağaza işçisi də böyük yanlışa yol verir. Balın təbii olduğunu 99 faiz dəqiqliklə ancaq laboratoriyalar müəyyənləşdirə bilər. İnsanlar buna diqqət etsinlər”.
Elvin Bayramlının sözlərinə görə, xalis bal faydalı olduğu kimi saxta bal da olduqca zərərlidir: “Təbii bal onun tərkibindəki elementlərə görə faydalıdır. Bunlar çiçək tozunun hissələri, polen hissələridir, vitaminlər və mikroelementlərdir. Qısaca müxtəlif faydalı elementlər balı faydalı edir. Bunlara görə bal qiymətlidir, çünki bu elementlər təbiətdən gəlir. Amma saxta bal evdə hazırlanır, saxta şəraitdə əldə edilir. Əsas ziyanı odur ki, o, bişirilir, temperatura məruz qalır. Hemeyif adlı kanserogen maddə var, çox ziyanlıdır və məhsulun tərkibində həmin maddə artır. İkincisi onun necə hazırlanması, necə saxlanması bilinmir. Saxta balın o qədər ziyanlı tərəfləri var ki, onunla təbii balı müqayisə eləməyə dəyməz. Bal arı onu təbiətdən gətirdiyinə görə çox faydalıdır. Digəri isə kimyəvi maddələrdən hazırlanıb. Hazırlanma prosesi insana ziyandır, qidanın özü də ziyanlıdır. Biri nə dərəcədə faydalıdırsa, digəri də bir o qədər faydasızdır. Saxta balın təkcə ətri var ki, bu da onun tərkibində qatılır və uçucu maddədir. Ləzzəti isə heç vaxt ölçülə bilməz”.

Eyyub Hüseynov: “Bal soyuducunun dondurucu yerində donarsa, demək, təbiidir”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da bildirdi ki, balla bağlı ilboyu təşkilatlarına şikayətlər gəlir, telefon zəngləri xüsusən də bal yarmarkası açılandan sonra da şikayətlər davam edir: “İki il öncəki şikayətin biri bal istehsalçısından gəlmişdi, bir il mənim məhsulumu bazara buraxmadılar. Növbəti il həmin balı gətirdim, yarmarkada yoxladılar, guya yaxşı çıxdı və buraxdılar. Həmin bal isə bir il əvvəl pis çıxmışdı, necə oldu ki, indi yaxşı çıxdı. Belə anormal hallar da var. Balın ekspertizası məsələsi o qədər də asan məsələ deyil. Bunu yalnız arının ağız suyunun araşdırılmasıyla mükəmməl ekspertiza etmək olar. Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasında bunun kifayət qədər effektli ekspertizasını aparmaq olur. Lakin əhali arasında primitiv yollar var. Düşünürəm o yollardan da istifadə etmək olar. Bu asan bir məsələ deyil, vətəndaşlar yaxşı olar ki, Qida Təhlükəsizlik Agentliyinin laboratoriyasına müraciət etsinlər. Aldıqları balın keyfiyyət göstəricilərini yoxlamaq üçün bunu etmək olar.
Qida Təhlükəsizliyi Agentliyi əslində malların təhlükəsizliyini izləyir, amma keyfiyyət məsələsini diqqətdə saxlamır. Bu qurum qidanın təhlükəsizliyinə cavabdeh olan dövlət orqanıdır. Lakin AQTA-da mükəmməl laboratoriyalar olduğuna görə də araşdırmalar aparılır və son yarmarkada aşkarlanan hallar böyük bir rəqəmdir. Satışda o qədər saxta bal çıxıb. Təəssüf ki, bu məsələ Azərbaycanda var və əhali tərəfindən araşdırılması o qədər asan deyil. Hətta heç arı üzü görməyən aromatizatorlardan bal hazırlamaq mümkündür. Bununla da istehlakçıların aldadılması baş verir. Primitiv üsullar da var. Balı isti suya qarışdırdıqda bulanıq bir hal almalıdır. Mənim düşüncəmə görə ən yaxşı ekspertizalardan biri alınmış balı soyuducunun dondurucu yerində saxlamaqdır. Əgər o donarsa, deməli, həqiqi baldır. Həqiqi bal təxminən 1 il saxlanılan bal qış aylarında mütləq donur, fərqli bir rəng alır".