“HƏMAS-ın hücumu İsrail üçün həyəcan siqnalı olmalıdır” – Yəhudi siyasi şərhçi
Xəbər verildiyi kimi, oktyabrın 7-də səhər saatlarında Qəzza zolağından İsrail ərazisinə kütləvi raket hücumu olub.
İsrailin cənubunda və mərkəzində yerləşən bir çox yaşayış məntəqələrində, o cümlədən Təl-Əvivdə və onun ətraflarında həyəcan siqnalı verilib. HƏMAS “böyük inqilab"ın başlandığını bildirərək İsraildə və onun ətrafında yaşayan ərəbləri birləşməyə çağırıb. Artıq HƏMAS-ın hücumu nəticəsində onlarla ölən və yaralananlar olduğu barədə məlumat verilir. İsrail isə “Dəmir qılınc” adı altında antiterror əməliyyatına başladığını elan edib.
Hurriyyet.az xəbər verir kki, HƏMAS-ın bu hücumu İsraildə böyük təşviş və hiddət doğurmaqla yanaşı, geniş müzakirələrə və hökumətin ünvanına tənqidlərə yol açıb. Belə ki, politoloqlar, siyasətçilər, mətbuat və s. Bu vəziyyətin yaranma səbəblərinin və günahkarlarının axtarışına çıxıb.
İsrailin məşhur “Haaretz” nəşrinin şərhçisi Akiva Eldar hesab edir ki, bu hücumun səbəbi İsrail hökumətinin son illər yürütdüyü səhv siyasətdir: “HƏMAS-ın hücumu İsrail üçün həyəcan siqnalı olmalıdır. Eyni zamanda, həm ərəb ölkələrilə münasibətlərin normallaşması yolu ilə getmək, həm də öz ərazilərini Fələstin torpaqları hesabına genişləndirmək olmaz”.
“Al Jazeera”-yə danışan israilli şərhçi bildirib ki, hökumət ölkə ərazilərini genişləndirərkən fələstinlilərin “əllərini sallayıb oturacağını” düşünərkən böyük səhvə yol verib. Onun fikrincə, Fələstinin davamlı blokadada saxlanması nəticəsində yaranan status-kvo gec-tez indiki münaqişənin yaranmasına gətirib çıxaracaqdı.
“AzPolitika.info”