📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Həmin qərarı dini inanclı insanların sıxışdırılması kimi qiymətləndirmək doğru deyil”

2026-10-10 15:11:17

“Həmin qərarı dini inanclı insanların sıxışdırılması kimi qiymətləndirmək doğru deyil”

“Ümumtəhsil məktəblərində geyim qaydaları ilə bağlı qəbul edilən qərar cəmiyyətdə müxtəlif fikirlərin yaranmasına səbəb olub. Bu məsələyə təhsilimizin mahiyyəti, dünyəvilik prinsipi və qarşılıqlı hörmət çərçivəsində yanaşmalıyıq”.

Hurriyyet.net  xəbər verir ki, bu fikirləri “Azərbaycan müəllimi”nə danışan elm və təhsil üzrə mütəxəssis Murad Ağalarov deyib.

O bildirib ki, məktəblərdə vahid geyim qaydalarının tətbiqini hər hansı bir dinin və ya dini inanclı insanların sıxışdırılması kimi qiymətləndirmək doğru deyil: “Bu qərara, hər şeydən əvvəl, ümumi təhsil müəssisələrində vahid qaydaların və dünyəvi təhsil mühitinin formalaşdırılması kontekstində baxmaq lazımdır. Azərbaycan dünyəvi dövlətdir. Dünyəvilik isə dinə qarşı olmaq demək deyil. Əksinə, dövlətin hər hansı bir dini digərindən üstün tutmaması, bütün vətəndaşlara bərabər münasibət göstərməsi və təhsil sisteminin dini mənsubiyyətdən asılı olmayaraq hər kəs üçün əlçatan olması deməkdir. Ölkəmizin dini-mənəvi dəyərlərə münasibətini də yalnız bir qərar üzərindən qiymətləndirmək düzgün olmazdı. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dini və tarixi abidələrin bərpasına, məscidlərin inşasına, dini irsin qorunmasına göstərilən diqqət, eləcə də ölkəmizdə müxtəlif dini icmaların birgəyaşayış ənənəsi dövlətin dinə münasibətinin daha geniş mənzərəsini ortaya qoyur”.

M.Ağalarovun sözlərinə görə, məktəbdə təhsil prosesinin xüsusiyyətlərindən irəli gələn ümumi tələblərə riayət olunması prinsipinə anlayışla yanaşmaq lazımdır: “İnsanların məktəbdən kənarda dini etiqadlarını yaşamaq, ibadət etmək və inanclarına uyğun həyat tərzi seçmək azadlığına hörmət edilir. Bu iki məqamı bir-birinə qarşı qoymaq əvəzinə onların arasında sağlam tarazlıq yaratmağa çalışmalıyıq. Bizim ortaq məqsədimiz uşaqların keyfiyyətli təhsil aldığı, müəllimlərin peşəkar fəaliyyət göstərdiyi, fərqli düşüncələrə və inanclara malik insanların bir-birinə hörmət etdiyi sağlam məktəb mühiti yaratmaq olmalıdır. Bu səbəbdən qəbul edilən qərara dini inancların məhdudlaşdırılması kimi deyil, ümumi təhsil mühitində vahid qaydaların tətbiqi istiqamətində atılan addım kimi yanaşmalıyıq”.